Qüdrət Həsənquliyev və Fazil Mustafadan Baş nazirə MÜRACİƏT
11:33 18.09.2017
Arxiv
1153
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev və Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa Qafqaz İslam Ordusunun komandanı Nuru Paşaya Bakı şəhərində abidə ücaldılması məqsədi ilə müvafiq yerin ayrılması üçün Baş nazir Artur Rasi-zadəyə müraciət ediblər.
Lent.az-ın məlumatına görə, müraciətdə deyilir:
"2018-ci il sentyabrın 15-də Osmanlı ordusunun komandanı Nuru Paşanın (Nuri Killigil) rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Bakını erməni-bolşevik işğalından azad etməsinin 100-cü ildönümüdür. Bu əlamətdar hadisə Bakı da daxil olmaqla indiki Azərbaycan ərazilərini işğaldan azad edən, xalqımıza qarşı həyata keçirilən soyqırımın qarşısını alan, Azərbaycan xalqının yaddaşında xilaskar kimi yaşatdığı qəhrəmanların – Nuru Paşanın və Qafqaz İslam Ordusunun əsgər və zabitlərinin xatirəsinin onlara layiq bir şəkildə əziz tutulması zərurətini ortaya qoyur.
Qeyd edək ki, 2018-ci il avqust ayının əvvəllərindən sentyabrın 15-dək Bakı uğrunda gedən döyüşlərdə Qafqaz İslam Ordusu 1130-dək şəhid verib. Ümumilikdə 2018-ci il iyunun ortalarından sentyabrın 15-dək Azərbaycanın azadlığı uğrunda döyüşlərdə Qafqaz İslam Ordusunun 4 mindən çox əsgər və zabiti şəhid olub.
1918-ci il mayın 28-də elan edilmiş və müsəlman şərqinin ilk respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin bir dövlət kimi yaranması və tarixə düşməsində, Bakının Azərbaycanın paytaxtına çevrilməsində Nuru Paşa və Qafqaz İslam Ordusunun xidmətləri əvəzsizdir. Bütün bunlara görə bizim Nuru Paşaya və Qafqaz İslam Ordusunun xilaskar əsgər və zabitlərinə vəfa borcumuz var".
Müraciət müəllifləri qeyd ediblər ki, uzun illərdir Azərbaycanda ən müxtəlif səviyyələrdə Qafqaz İslam Ordusunun komandanı Nuru paşaya Bakı şəhərində abidə qoyulması ilə bağlı məsələ qaldırılır. Nuru paşa və Qafqaz İslam Ordusunun əsgər və zabitləri Azərbaycanda, sadəcə ölkəmizi və onun paytaxtını işğaldan azad edən qəhrəmanlar kimi deyil, həm də Azərbaycan-Türkiyə qardaşlığının rəmzi kimi qəbul olunurlar.
Türkiyə bu gün də 99 il öncə olduğu kimi Azərbaycanın yanındadır, ölkəmizin ən böyük dəstəkçisidir və Ermənistanla sərhədlərini bağlı saxlayan yeganə dövlətdir. Bu baxımdan, şübhə etmirik ki, Qafqaz İslam Ordusunun komandanı Nuru paşanın xatirəsinin əbədiləşdirilməsi Qafqaz İslam Ordusunun qəhrəman əsgər və zabitlərinin qarşısında vəfa borcumuzun yerinə yetirilməsi ilə yanaşı həm də Azərbaycan-Türkiyə qardaşlığına ucaldılan abidə kimi qəbul olunacaq.
Hörmətli cənab Baş nazir!
Neftin qiymətinin aşağı düşməsi ilə bağlı büdcədə müəyyən xərclərin azaldıldığını bilirik. Nuru paşaya abidənin ucaldılması üçün dövlətin vəsait ayırmasını istəmirik. Bununla bağlı imkanlı Azərbaycan vətəndaşlarına müraciət edəcəyik və əminik ki, Nuru paşanın, Qafqaz İslam Ordusunun qəhrəman əsgər və zabitlərinin xatirəsini əziz tutan həmvətənlərimiz dəstəklərini əsirgəməyəcəklər.
Sizdən isə yeganə xahişimiz, sadəcə Nuru paşanın büstünün, yaxud abidəsinin ucaldılması üçün müvafiq yerin ayrılması məqsədilə qərar verməyinizlə bağlıdır.
Hesab edirik ki, Şəhidlər Xiyabanında, Qafqaz İslam Ordusunun əsgər və zabitlərinin xatirəsinə ucaldılmış "Əbədi məşəl” abidəsinin olduğu ərazidə, yaxud Qafqaz İslam Ordusunun Bakıya daxil olduğu Biləcəri və ya "Qurd qapısı” istiqamətlərində, eləcə də "Sovetski” ərazisində, hələ abadlaşdırılmamış bir məkanda Nuru paşanın büstünün, yaxud abidəsinin ucaldılması məqsədəuyğun olar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tiktok bu ölkədə 16,8 milyon dollar cərimə ödəyəcək
01:21 25.09.2026
Texnologiya
Netanyahu: İran hökumətinin süqutu yalnız zaman məsələsidir
00:59 25.09.2026
Gündəm
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
19:46 24.09.2026
Siyasət