“Bu məsələdə rayon icra hakimiyyətləri də, bələdiyyələr də, rayon sanitar gigiyena idarələri də cavabdehlik daşıyır”
Qurban bayramından sonra Bakı üfunətə büründü
Kəsilmiş qurbanlıqların tullantıları açıq halda zibilliklərə atıldı, küçə itləri onları dartışdırdı
“Bu məsələdə rayon icra hakimiyyətləri də, bələdiyyələr də, rayon sanitar gigiyena idarələri də cavabdehlik daşıyır”
“Bu məsələdə rayon icra hakimiyyətləri də, bələdiyyələr də, rayon sanitar gigiyena idarələri də cavabdehlik daşıyır”
Qurban bayramı sonrası şəhərdəki zibillik və üfunət sosial şəbəkələrin baş mövzusuna çevrilib. Bir çox xəbər saytları qurbanlıq ət kəsimlərindən sonra şəhərdəki natəmizliyi görüntüləyən fotolar paylaşıb. Əslində, Hacıbala müəllimin təbirincə desək, "Gözəl Bakımız” onsuz da həmişə zibilin içindədir. Bəli, Bakı gözəldir. Amma yalnız mərkəzi hissədə. Mərkəzdən azca aralanmaq şəhərin zibilini görmək üçün kifayət edir.
Təkcə metro çıxışlarına nəzər yetirmək bəsdir. Qurban bayramı dışındakı günlərdə də ət kəsimi yerlərində natəmizlik "gözə girir”. Amma söhbət müsəlman dünyasının əziz bayramından və həmin gündə qurbanlıq kəsərək savab qazanmaq yarışına çıxmaqdan gedirsə, bunu da islam adına, müsəlman əxlaqına uyğun etməyə çalışmalıyıq.
Bayramdan əvvəl din xadimləri, ilahiyyatçılar Qurban bayramının daşıdığı mahiyyəti anlatmağa səy edir, qurbanlığın necə kəsilməsi, necə paylanmasına dair məsləhətlər verirlər. İllərdir, bu məsələ danışılır, deyilir, amma sanki divara deyilirmiş kimi, üzümüzə qayıdır. Bayram günündə yenə də qurbanlıq heyvanlarla heyvani davrananları, qurbanlıq əti urvatsız edənləri görürük. Bu azmış kimi, bayram özündən sonra bir də zibillik və üfunət şəhərə "miras” qoyulur.
Bu dəfə də kəsilmiş heyvanların istifadə olunmayan hissələrinin Bakı küçələrini üfunətə bürüməsi ilə yadda qaldı. Kəsilmiş qurbanlıqların tullantıları açıq halda zibilliklərə atıldı, küçə itləri onları dartışdırmağa başladı, üfunət ətrafı bürüdü.
Dəfələrlə tövsiyə edilib ki, kəsilmiş heyvanın yeyilməyən hissələri torpağa basdırılmalıdır. Ya da, sellofan paketlərə qoyulub, zibil yeşiklərinə atılmalıdır. Gözəl bayramı adına, şərəfinə layiq qarşılayıb, yola salasan. Məsələ təkcə, qurbanlıq kəsməklə dini ayini icra etmək deyil, həm də müsəlman əxlaqına, tərbiyəsinə uyğun davranmaqdır.
"Bələdiyyələrin Fəaliyyətinin Təbliği” İctimai Birliyinin rəhbəri Vüqar Tofiqli "Şərq”ə açıqlamasında şəhərdə yaranmış natəmizliyə yerli icra orqanlarının cavabdeh olduğunu dedi:
- Bu məsələdə rayon icra hakimiyyətləri də, bələdiyyələr də, rayon sanitar gigiyena idarələri də cavabdehlik daşıyır. Əlaqədar qurumlar ət kəsimlərinə, qurbanlıq heyvanların qiymətinə nəzarət etdikləri kimi, təmizliyə, sanitar gigiyenik qaydalara riayət olunmasına da nəzarət etməlidirlər. Bayramdan sonra şəhərdə belə mənzərənin yaranması dəhşətdir. Bakı Birinci Avropa Oyunlarına, İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmiş, hər gün yüzlərlə, minlərlə qonaq, turist qarşılayan şəhərdir. Biz gərək şəhərimizin təmiz, səliqəli olmasına xüsusi diqqət edək. Qurban bayramından sonrakı natəmizliyə qurbanlıq kəsənlər nə dərəcədə günahkardırsa, bir o qədər də rəsmi orqanlar cavabdehdir.
V.Tofiqli qeyd etdi ki, əhalidə bir az laqeydlik də var:
- Biz cəmiyyət olaraq mənfi hallara qarşı birgə reaksiya vermirik.
Evim təmiz olsun, küçənin mənə aidiyyəti yoxdur, prinsipi ilə yaşayırıq. Ona görə də küçələrimiz zibil içində qalır. Kim hara gəldi, zibil atır. Bu, hər şeydən öncə insanın mədəniyyətinin göstəricisidir. Siqareti çəkib yerə atan vətəndaşdan hansı mədəniyyəti gözləmək olar?! Bizim camaat hələ də bu fikirdədir ki, siqaret kötüyü məhz yerə atılmaq üçündür. Bizim camaat arxasında, bir addımlığında zibil qutusu olduğu halda siqaret kötüyünü ora atmağa ərinir, o ki qala, qurbanlıq heyvanın yeyilməyən içalatını. Belə adamların etika anlayışları sıfırdır. Adam küçəylə gedir, əlindəki kağızı yerə atır. A bala, bunu niyə yerə atırsan, zibil qutuları var, apar, ora at da. Mədəni səviyyə aşağı düşüb. Etika, mədəniyyət ölçüləri itib. İnsan küçədə yemək yeməz, ağzını marçıldada-marçıldada gəzməz. Hər tərəfdə bir dönər dükanı açılıb, böyüklü-kiçikli dönər alır, küçədə gedə-gedə yeyirlər, əllərində yemək avtobusa minirlər. Belə olmamalıdır. Bu mədəniyyətsizlikdir, etik davranış normalarına uyğun deyil. Biz bununla mədəni səviyyəmizin aşağı olduğunu göstəririk. Təəssüf ki, bəzi vətəndaşlarımızda ictimai rəyi nəzərə almaq meyli çox zəifdir. O içalatı küçəyə açıq şəkildə atan adam düşünməlidir ki, axı bu ətlər burada qalıb iylənəcək, milçək yığılacaq, üfunət iyi gələcək. Belə hallar istənilən yoluxucu xəstəliyə yol aça bilər. Bakı hamımızın ümumi evimizdir. Öz evimizin təmizliyi, gözəlliyi qayğısına qaldığımız kimi, şəhərimizin də qayğısını çəkməliyik.
Məlahət Rzayeva