Qurd xəstəlikləri yaranır

Uşaqlarınızı şirniyyatlardan uzaq tutun!



Uşaqların şirniyyat yeməyə həvəsli olmaları bir gerçəklikdir. Lakin uşağın qida rasionunda şirniyyatın miqdarı valideynləri narahat edən məsələlərdəndir.

Elə həkimlər də valideynlərə uşaqların qida rasionundan şəkərli qidaları tamamilə çıxartmağı tövsiyə edir. Mütəxəssislər hesab edir ki, şirniyyat uşaqlarda asılılıq yaratmaqla yanaşı onlarda piy kütləsinin artması, maddələr mübadiləsinin pozulması, qida allergiyasının formalaşması, qaraciyər və mədəaltı vəz fəaliyyətinin pozulması, şəkərli diabet kimi fəsadlarla nəticələnə bilir.

Pediatr Günel Rəsulova da "Şərq”ə açıqlamasında şəkərli qidaların uşaqlarda asılılıq yaratdığını deyib:

 "Buna səbəb şirniyyatın tərkibinə asılılıq yaradan maddələrin qatılmasıdır. Ona görə də şirniyyata meyilli olan uşaqlar yeməkdən imtina edərək ancaq şəkərli qidalara həvəs edir. Mümkün olduğu qədər uşaqları şirniyyatdan uzaq tutmaq lazımdır ki, dadını bilməsin”.

Pediatrın sözlərinə görə, uşaqların aşırı şirniyyat yeməsi dişləri çürüdür. Uşaq şəkərli qida qəbul edəndə bədəndəki kalsium sovrulur. Dişlərdə karies yaradır.

1 yaşa qədər olan uşaqlara şirniyyat verilməsi onlarda qan-damar sisteminin pozulmasına gətirib çıxarır. Karbohidratla zəngin, un məmulatlarından hazırlanan qidalardan tez-tez istifadə olunması, sürətlə həzm olunan şirniyyat məhsullarına meyilli olmaları uşaqlar arasında şəkərli diabet xəstələrinin sayının artmasına səbəb olur. Şirniyyat və ya digər qeyri-sağlam qida növlərinin qəbulu uşaqların piylənməsinə səbəb olur. Şirniyyatların tərkibindəki neyromediatrlar sinir sistemini oyandırır deyə belə uşaqlarda hiperaktivlik, əsəbilik, yuxusuzluq kimi problemlər də sıx-sıx görünür”.

G.Rəsulova qurd xəstəliklərinin yayılmasının şirniyyatla birbaşa əlaqəli olmadığını deyib: 

"Qurd xəstəliklərinə yoluxmanın ən yüksək riski gigiyena qaydalarına riayət olunmamasıdır. Oral qəbul olunan istənilən qidanın yuyulmadan uşaqlara verilməsi düzgün deyil. Eyni zamanda uşaqların dırnaq yemə vərdişləri də qurd xəstəlikləri riskini artırır”.

Şəymən