Radiolar: Əl gəzdirməyə böyük ehtiyac var

“Özəl radioların proqram siyasəti ilə bağlı ciddi ölçü götürülməlidir”
“Bir də görürsən, yaşlı professor efirə qoşulub, qızı yaşında aparıcı başlayır onunla məzələnməyə”




Radio haqqında danışılanda gözümün önünə "Şərikli çörək” filmindəki epizod gəlir; qırçı Məhəmməd balaca köməkçisi Vaqiflə nahar edir. İçərişəhərin qala divarlarının önündə yerə qəzetdən süfrə açıblar. Başlarının üstündə elektrik dirəyinə bərkidilmiş səsgücləndiricidən Bülbülün səsi gəlir. Müharibə dövrü üçün tamamilə təbii mənzərədir. O vaxt elə idi. İşıq dirəklərinə bərkidilmiş səsgücləndiricələrdən gecə-gündüz təzə xəbərlər verilərdi. İllər keçdikcə bu böyük radiolar yığışdırıldı, idarələrdə iş otaqlarında divara vurulan balaca radiolara döndülər. Sonrasa ümumiyyətlə, itib-batdılar.

İllər keçdikcə, radionun dinlənildiyi cihazlar da dəyişdi. Dəyişməyən təkcə "Danışır Azərbaycan radiosu” kəlməsi oldu. İndi o qədər radio dalğaları var ki. Nə çoxdu, "fm”lər, "çm”lər. Radioların dinlənildiyi texniki qurğular da artıb. Kimisi avtobusda radioya qulaq asır, kimisi avtomobildə, bəzisi də mobil telefon vasitəsilə. Əsas odur ki, radio bu gün də ən çox dinlənilir, ən çox qulaq asılır.
Cəmiyyət üçün bu qədər cəlbedici olan radionun imkanlarından necə, lazımi şəkildə istifadə edilirmi? Əvvəlcədən deyək ki, sualı eşidən həmsöhbətlərimiz həmən giley-güzara başladılar. Radiolarımızın, əlbəttə ki, Dövlət Radiosunu çıxmaq şərtilə, səviyyəsindən razı olan tapılmadı. Radio sözünü eşidənlərin ilk sözü "başdan ayağa lağ-lağı, səviyyəsizlik” oldu. Amma öncə yaxşıdan başlamalıyıq. İki əsrə yaxın bir müddətdə dinləyicisi heç azalmayan, əksinə, müasirliyin özüylə gətirdiyi radio dalğaları bolluğunda populyarlığı itirməyən Azərbaycan Dövlət Radiosu haqqında qısaca da olsa, xatırlatma etməliyik.

50 il "günorta konserti”ni "qaçırmayan” alim

Azərbaycan Dövlət Radiosu 6 noyabr 1926-cı ildə yaradıldı. Həmin gün ölkə paytaxtının küçələri və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə "Danışır Bakı!” ifadəsi ətrafa yayıldı. Radioya təkcə Bakıda deyil, ətraf yaşayış məntəqələrində də qulaq asa bilirdilər. Bu hadisə Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik idi. Hazırda Azərbaycan Dövlət Teleradio Şirkətinin tərkibinə daxil olan Azərbaycan Dövlət Radiosunun 3 proqramı və 1 səsyazma evi mövcuddur. Azərbaycan Dövlət Radiosu (indiki adıyla Radio Respublika) 105 FM dalğasında yayımlanır.
Azərbaycan Dövlət Radiosunda aşağıdakı redaksiyalar fəaliyyət göstərir:

İctimai-siyasi proqramlar
Ədəbiyyat və incəsənət
Baş proqramlar direksiyası
Musiqi verilişləri
Təhsil və elmi-kütləvi proqramlar
Beynəlxalq Azərbaycan radiosu
Xalq yaradıcılığı
Gənclik və idman
Uşaq verilişləri
Xəbərlər
Rejissorlar qrupu
Direktorlar şöbəsi
Rus dilində yayım şöbəsi

2005-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin bazasında "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti yaradıldı.
Bu qısaca bioqrafiyadan sonra, sadəcə, onu deyə bilərik ki, Azərbaycan Dövlət Radiosu bu gün də əhalinin ən çox dinlədiyi radiodur. Müasirlik insanları tez yorur. Hay-küylü musiqidən də, "SOS” siqnalını xatırladan xəbər yayımçılığından insan əvvəl-axır bezir. Belədə həm ruhən, həm də fiziki baxımdan rahatlanmaq, dincəlmək ehtiyacı duyursan. Köməyə çatansa milli musiqi, xalq musiqisi, peşəkar diktorların rəvan, səlis danışığı olur. Azərbaycan Radiosu bunların hamısına malikdir. Deyirlər, mərhum professorumuz Cəlal Abdullayev Azərbaycan radiosunun sadiq dinləyicilərindən imiş. Deyərmiş ki, "50 ildir "Günorta konserti”nə qulaq asıram”. Heç qaçırmazmış bu konsertin saatını. Bu isə insanın nəcib xüsusiyyətlərindən və yüksək estetik zövqündən xəbər verir.

Radio ən çox informasiya əldə edə biləcəyimiz vasitədir

Əməkdar jurnalist Azər Həsrət özəl radioların hazırkı durumundan narahat olanlardandı. Mətbuat Şurası İdarə Heyətinin üzvü hesab edir ki, xüsusilə, özəl radioların proqram siyasəti ilə bağlı ciddi ölçü götürülməlidir:

- Radioya məxsusi marağım və simpatiyam var. Hesab edirəm ki, radio yayımı xüsusi diqqət tələb edən məsələdir. Hazırda ən çox əlçatan məhz radiodur. Televiziyanı ümumiyyətlə, bir kənara qoyuram. Çünki gün ərzində bəlkə də 1-2 saat televiziyaya baxıram, ya da heç baxmıram. Daha çox internetlə məşğulam, ya da radio dinləyirəm. Hazırda radio ən çox informasiya əldə edə biləcəyimiz vasitədir. Təsəvvür edin ki, paytaxtdan kənarda, uzaq bir yerdəsiniz. Televiziyaların tezliyi pozulub, internet şəbəkəsi də itib, yoxdur. Əlimizin altında radio varsa, köməyimizə çatacaq. Ən azından avtomobilin radiosunu işə salıb xəbər dinləyə biləcəyik, uzaqbaşı həzin bir musiqiyə qulaq asacağıq. Yəni, hətta internetin, mobil rabitənin əlçatmaz olduğu vaxtlarda da radio insanın köməyinə çatır. Tutalım, 300 kilometrlik bir yol gedirsən, burada ən sadiq yoldaşın məhz radio olacaq. Amma əlbəttə ki, yaxşı radio. Bəri başdan deyim ki, Azərbaycan Dövlət Radiosu və İctimai Radionu çıxmaq şərtilə digərləri bərbad vəziyyətdədir. Söhbət özəl radiolardan gedir. Günün əksər hissəsi radioda canlı efirdir. Təsadüfi adamları çıxarırlar efirə. Nə danışıqlarını bilirlər, nə də nədən danışdıqlarını. Həqiqətən də mən çox əsəbiləşirəm. Avtomobillərlə bağlı bir verilişidir, maşın ustasını dəvət ediblər efirə, o da başlayır bildiyi dildə danışmağa. Nə qədər rusdilli sözlər işlədir. Səhv əvəzinə "oşibka” deyir. Sərfiyyat yerinə "rasxod” sözünü işlədir. Dəfələrlə, təkrar-təkrar rus kəlmələri işlədir. Aparıcı isə, indiki ifadəylə desək, verilişin moderatoru da, səhvləri düzəltməyi, düzəliş etməyi ağlından da keçirmir. Aparıcı da qoşulur qonağa. Onun işlətdiyi kəlmələri bu da təkrarlayır. Sözünün əvvəlini-axırını bilməyən aparıcılar, Azərbaycan dilinin qaydalarına nabələd adamlar... Bir də görürsən, yaşlı professor efirə qoşulub, qızı yaşında aparıcı başlayır onunla məzələnməyə. Gah da aparıcılar biri-birinə söz atır, sataşır. Normal vəziyyətdə iki nəfərin biri-birinə deməyə çəkindiyi, ehtiyat etdiyi, etikadan kənar saydığı sözləri, ifadələri bunlar canlı efirdən səsləndirirlər. Elə bil çayxanadadılar, ya da bardadılar. Biri lazım gəldi-gəlmədi şaqqanaq çəkib gülür. Lağ-lağı, şit-şit danışıqlar efiri alıb başına. Radionu bozbaşxanaya çevirmək olmaz.

Radio güclü kütləvi informasiya vasitəsidir

A.Həsrət qeyd edir ki, Azərbaycanda yayımlanan bütün radiolardan ciddi informasiya vasitəsi kimi istifadə edilə bilər. Amma təəssüf ki, özəl radiolar proqram siyasətini yalnız əcnəbi musiqi üzərində qurur:

- Mənim ən çox dinlədiyim Azərbaycan radiosudur. Həqiqətən də bu radionu dinləməkdən zövq alıram. Musiqi verilişləri də gözəldir, aparıcılar da peşəkardır. Nitq mədəniyyətinə malikdirlər. Dilləri qüsursuzdur. Proqram tərtibatını da bəyənirəm. Özəl radioların heç birində bunlar yoxdur. İşləri-peşələri xarici musiqi səsləndirməkdi. Bütün gün ərzində xarici musiqi səsləndirmək nə deməkdir? Nə qədər olar amerikan, ingilis musiqisi səsləndirmək? Yıxılana balta çalmaq kimi anlaşılmasın, illər öncə mən ANS ÇM radiosu haqqında da sərt ifadələr işlətmişdim. "Vay-şüvən” xəbərçilik metodunu bir kənara qoyuram, mən bu radionun musiqi proqramı siyasətini yabançı meyilli hesab edirdim. İndi bəzi özəl radiolar sanki onun yolunu davam etdirməyə səy göstərirlər. Efiri xarici musiqilərlə doldururlar. Bir dəfə də türk dünyası musiqisi saatı tərtib etsinlər. Dinləyicilərin bilmədiyi, tanış olmadığı türk musiqilərindən səsləndirsinlər. Türk musiqisi deyən kimi, Türkiyənin pop musiqisini qəsd etdiyimi düşünməsinlər. Uyğur muğamları səsləndirsinlər. Azərbaycanın 7 muğamı varsa, uyğur türklərinin 12 muğamı var. Bircə dəfə səsləndiriblərmi o muğamları?!

Radio çox ciddi və gərəkli ictimai təbliğat və təşviqat vasitəsidir. Eyni zamanda radio çox ciddi informasiya yayıcısı rolunu oynaya bilər. Əgər peşəkarlıqla idarə olunarsa. Çünki radioda canlı efir saatı daha çoxdur. İctimaiyyətlə ünsiyyət yaratmaq imkanları da genişdir. Əlimizdə olan bu imkanlardan niyə səmərəli istifadə olunmur? Məncə, radioların ideoloji problemi var. Bununla da dövlət səviyyəsində ciddi məşğul olunmalıdır. Radio böyük təsir gücünə malik kütləvi yayım vasitəsidir. Problemlərin gündəmə gətirilməsində radionun imkanlarından geniş istifadə edilə bilər. Daha çox analitikləri, politoloqları efirə dəvət etsinlər, canlı yayımda ciddi mövzular ətrafında müzakirələr təşkil edilsin. Radio ancaq çal-çağır üçün nəzərdə tutulmayıb. Siyasi proseslər, regional məsələlər də müzakirəyə çıxarılmalıdır. Bəzən özəl radiolar özlərini kənara çəkir. Bu, qətiyyən düzgün deyil. Radio özəl olsa da, yayımlandığı tezlik axı dövlətindir.

 Dövlət də vətəndaşa məxsusdur. Deməli, vətəndaşları düşündürən, narahat edən məsələlərə də radio diqqət və vaxt ayırmalıdır. Radio cəmiyyətindirsə, mənim - vətəndaşın istədiyini də efirə verməlidir. Həmçinin dövlət siyasəti də radioda əksini tapmalıdır.

Azərbaycan dilinin düzgün işlədilməsi qaydalarından son zamanlar çox danışılır. Adətən də özəl radiolar tənqid edilir. Amma di gəl, aparıcılar danışıq tərzində düzəliş etməyə heç səy də göstərmirlər. Sanki bütün bu deyilənlər, səslənən iradların bunlara heç bir dəxli yoxdur. Mən senzuranın qəti əleyhinə olan adamam. Amma dövlət məsələlərində, cəmiyyətimiz üçün vacib olan hallarda radioların proqram siyasətinə də doğru müdaxiləni vacib sayıram.
(davamı var)

Məlahət Rzayeva


Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb