Ramin Hacılıdan deputata cavab: "Turistləri “tör-töküntü” adlandırmaq düzgün deyil"






"Turizmin inkişafı üçün böyük imkanlar yaradan ölkə, xoşagəlməz halların baş verəcəyini də nəzərə almalıdır”.

Bunu "Sherg.az”a millət vəkili Fəzail Ağamalının Azərbaycana gələn turistlər haqqında söylədiyi fikirlərə münasibət bildirərkən, gənc fəal Ramin Hacılı deyib. 

O düşünür ki, Azərbaycanda mövcud olan mənzərə Almaniya, Fransa kimi turistik Avropa ölkələrində də yayılıb:

"Həmin ölkələrdə də qaçqın kimi məskunlaşan ərəblər var. Onların davranışına baxdıqda hər kəs düşünür ki, bu hal Azərbaycanda yaşansa, xalq sərt reaksiya verər. Amma sözügedən ölkələrin sakinləri yaranmış vəziyyətə humanist yanaşır. Turist kimi o ölkələrə səyahət edənlərə də eyni münasibət hökm sürür. Ərəblər də səyahət etdikləri ölkələrə əylənməyə, dincəlməyə gedirlər. Spirtli içkilər qəbul edib, özlərini yaxşı aparmaya bilərlər. Həmin insanları "tör-töküntü” adlandırmaq düzgün deyil. Bir insana qarşı bu cür ifadə səsləndirmək qeyri-etikdir, xüsusilə, bir millət vəkilinə yaraşmır”.

Turistlərin davranışı tənzimləmək məsələsinə gəlincə, R.Hacılı hesab edir ki, qanunu pozmayan hər bir hərəkət cəmiyyətdə anlayışla qarşılanmalıdır:

"Biz "əxlaq polisi” yarada bilmərik. Üstəlik, dövləti də bu cür məsələlərlə yükləmək düzgün deyil. Azərbaycan turizm sahəsini neft sektorundan sonra ikinci sahə kimi müəyyənləşdirdikdə belə riskləri gözə alıb. Ölkəyə gələn bəzi ərəb turistlərin yaratdığı xoşagəlməz mənzərədən hər kəsin xəbəri var. Lakin onların ölkə üçün faydası, qeyri-etik davranışlarının zərərindən daha çoxdur.

Qarşılaşdığım bir hadisəni danışım. Dostumuz var, turistlərə gündəlik qalmaq üçün mənzil təklif edir. Hər dəfə isə ərəb turistlərdən danışanda şikayət edir ki, onlar getdikdə əziyyət çəkirəm, həddindən artıq natəmizdirlər və s. Halbuki, evini ərəblərə kirayə vermə deyəndə cavabı belə olur: "Yaxşı pulu elə onlar verirlər”. Qeyd etdiyim kimi, bir sahədən gəlir əldə etmək istəyiriksə, onun əziyyətini də çəkməliyik. İnsanlara, ölkəyə gələn turistlərə senzura qoya bilmərik. Yaşadığımız şəhərləri bura əylənməyə gələn insanlardan qoruya bilmərik. Bu, absurd addım olar.

İctimai qınaq, sivil qaydada izah etməklə, natəmiz insanları, mənəviyyatımıza zidd hərəkət edənləri başa sala bilərik. Qadağa tətbiq etmək, zorla kimisə tərbiyə etmək mümkün deyil”.

Qeyd edək ki, F. Ağamalının sözlərinə görə, ölkəmizə turist axını nəticəsində mənəviyyatımıza zidd hallar müşahidə olunur. Deputat deyib ki, Azərbaycana turist sifəti ilə gələnlər içərisində bəzən kifayət qədər mədəni, əxlaqlı şəxslərlə yanaşı, bu və ya digər ölkənin tör-töküntüləri də gəlirlər:
"Hesab edirəm ki, bu cür insanlara qarsı qanunvericilikdə müəyyən addımlar atılmalıdır. Həmin insanlar ölkəmizdən deportasiya edilməlidir”.

Aysel Aslan