Rayon və kəndlərdə yaşayanların sayı artıb - Ekspert səbəbləri sadalayır




"Rusiyadakı iş şəraitinin zəifləməsi nəticəsində regionlarımızdan bu ölkəyə gedənlərin əksəriyyəti geri qayıdıb”.

Bunu "Sherg.az”a son illərdə kənd yerlərində yaşayan əhalinin artmasının səbəblərini izah edərkən iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, Rusiyadakı iqtisadi böhran, gəlirlərin və iş həcminin azalması ilə əlaqədar insanlar məcburən geri qayıdıb, rayonlarda yerləşiblər:

"Son iki ildə aqrar sahə ilə bağlı ciddi proqramlar, təşviq addımlarının atılması da kənd əhalisinin sayını artırır. Kənd təsərrüfatının inkişafı, torpaqların canlandırılması əhalinin bu sahəyə olan marağını artırdı. Kənd təsərrüfatı məhsullarının istehsalında olan artım da kəndə doğru əks proses başlatdı.

Şəhərdə regionlardan gələn əhalinin əsas iş yeri təmir-tikinti sahəsində idi. Bu sektor rəsmi rəqəmlərə görə, son iki ildə 42 faizə qədər azalma ilə müşahidə olunur. Bu isə Bakıda təmir-tikintidə çalışan işçilərin rayonlara qayıdaraq əksərən kənd təsərrüfatı ilə məşğul olmasına şərait yaratdı. Nəticədə həm kənd əhalisinin, həm də məhsuldarlığın artmasını müşahidə etdik. Son iki ildə doğrudan da kənd təsərrüfatının çox sahəsində artım nəzərə çarpır”.

Son illərdə çoxuşaqlı ailələrin azalmasının nəticələrinə də toxunan iqtisadçı deyib ki, hələlik ölkəmizdə demoqrafik vəziyyət qonşu ölkələrlə müqayisədə pis deyil:

"Rusiya, Gürcüstan, Ermənistan və s. ölkələrdə demoqrafik vəziyyətlə bağlı kifayət qədər acınacaqlı hal yaşanır. Azərbaycanda hələ ki, ciddi azalma müşahidə olunmur. Lakin azalmanın səbəbləri də var. Böyük neft pulları, investisiyalar dövründə iqtisadiyyatında inkişaf tempi hər il 25-30 faizə çatırdı. O zaman insanların gəlirlərinin də artım tempi sürətləndi, yoxsulluğun azaldılması ilə bağlı tədbirlər görüldü. Bu isə əhalinin artımına təsir göstərdi.

İqtisadiyyatda problemlər yarandığı müddətdə isə çoxuşaqlı ailələrin sayı azaldı. Buna səbəb isə ailələrin gəlirlərinin azalması səbəb oldu. Qəbul olunmuş qaydadır ki, əhalinin iqtisadi vəziyyəti, yaxud iqtisadiyyat, gəlirlərlə bağlı gözləntiləri pisləşirsə, bu ailə planlanmasına təsir göstərir. Çox zaman ailələr çox övlad dünyaya gətirməyə meyl etmir.

Lakin təkrar edirəm, ölkəmizdə demoqrafik vəziyyət hələ ki, normaldır. Belə templə davam etsə gələcəkdə bu statistikanın 2 faizdən aşağı düşməsi artıq həyəcanlı vəziyyət yaradacaq”.

Qeyd edək ki, hazırda əhalinin ümumi sayının 53,0 faizini şəhər, 47,0 faizini kənd sakinləri təşkil edir ki, bu da 2010-cu illə müqayisədə 2 faiz artım deməkdir. Bundan başqa  bildirək ki, ölkə əhalisinin 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1006 qadın düşür.

Ayyət Əhməd