Rayondan Bakıya qaçan qadın...

Ana azyaşlı uşağını da götürüb paytaxta üz tutdu
Mehriban Zeynalova: “İşləmək istəmirdi, əsas məqsədi dövlətdən ev almaq idi”





Bir neçə gün öncə ailədaxili məsələlər səbəbindən Cəlilabaddan Bakıya qaçan ana və azyaşlı uşağına marşrut avtobusunun sürücüsü yardım edib. "Xaliq Faiqoğlu” şirkətindən verilən məlumata görə, həmin sürücü 65 saylı marşrut avtobusunda çalışır.

Getməyə yeri olmadığı üçün avtobusda bir dövrə vursa da düşməyən qadın və övladı sürücünün diqqətini çəkib: "Sürücü İntiqam Qasımov qadından necə kömək edə biləcəyini soruşub. Məlum olub ki, 3 uşaq anası olan Gülnarə adlı qadın kiçik qızını götürərək Bakıya üz tutub və burada getməyə nə yeri, nə də pulu var. Sürücü onlara yemək və su alıb. Həmçinin bu barədə aidiyyəti qurumlara məlumat verilib. Havanın soyuq olması səbəbindən avtobusdan düşməyən ana və övladı daha sonra "Təmiz Dünya” İctimai Birliyinin əməkdaşlarının iştirakı ilə sığınacağa təhvil verilib. Onlar sürücü İntiqam Qasımova göstərdiyi insanpərvərliyə görə minnətdarlıq ediblər”.

Ana və övladının hazırkı durumu ilə bağlı "Şərq”ə danışan "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, qadının sığınacağa gəlməyi ilə getməyi bir olub. Birlik sədrinin sözlərinə görə, anaya köməklik təklif olunsa da o bunu qəbul etməyib: 

"Həmin qadın dövlət qurumlarının qəbuluna getmək istəyirdi. Ona sığınacaqda qalmaq və iş tapması üçün lazımlı köməklik edəcəyimizi söyləsək də, bununla razılaşmadı. Qadın istəyirdi ki, dövlət ona ev versin. Belə şeyin mümkün olmadığını dedim.

Qadının sözlərinə görə, həyat yoldaşı onu və uşaqlarını atıb gedib. Valideynləri isə onu evə buraxmırlar. İşləmək istəmirdi, əsas məqsədi dövlətdən ev almaq idi. Ağlı başında olan normal bir xanım olsa da, istəkləri bir az iddialıdır”.

Hazırda qadınla uşağının harda olması barədə suala gəlincə Mehriban xanım bildirdi ki, ana sığınacaqdan ayrılarkən əvvəlcə şeyxin qəbuluna, sonra isə Prezident Aparatına gedəcəyini bildirib: "Hansısa verilişə çıxacağını da demişdi. Xanıma başa saldıq ki, əgər rayonda evi və normal bir mühiti yoxdursa, ona dəstək verərik. Amma bizim yardımlarımızdan imtina etdi”.

Yeganə Bayramova