"Hökumət bunu ona görə etmir ki, həmin məhsulu dövlətə versin və yaxud bazara çıxarıb satsın, heç olmasa, bununla ehtiyacını ödəsin"
Rayonlarda işsizlərə mal-qara paylanır
İqtisadçı kənd təsərrüfatına bu cür dəstək siyasətini alqışlayır
"Hökumət bunu ona görə etmir ki, həmin məhsulu dövlətə versin və yaxud bazara çıxarıb satsın, heç olmasa, bununla ehtiyacını ödəsin"
"Hökumət bunu ona görə etmir ki, həmin məhsulu dövlətə versin və yaxud bazara çıxarıb satsın, heç olmasa, bununla ehtiyacını ödəsin"
Prezident İlham Əliyevin tapşırığına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan özünüməşğulluq proqramı çərçivəsində 2018-ci il üzrə işsiz və işaxtaran vətəndaşlara mal və materialların verilməsinə başlanılıb.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, ilk olaraq Cəbrayıl rayonu üzrə 123 nəfər, Füzuli rayonu üzrə 108 nəfərə, ümumilikdə 231 şəxsin əsasən heyvandarlıq üzrə kiçik ailə təsərrüfatlarını qurmaları üçün mal və materiallarla təmin olunması nəzərdə tutulub. Artıq onlardan bir qrupuna iri və xırdabuynuzlu mal-qara verilib və digərlərinə də yaxın bir neçə gündə təqdim olunacaq.
Dövlət başçısının müvafiq Sərəncamına əsasən ölkəmizdə icrasına başlanılan özünüməşğulluq proqramı mühüm sosial-iqtisadi əhəmiyyəti ilə seçilir. Proqramın məqsədi aztəminatlı ailələrin dövlətin dəstəyi ilə fərdi təsərrüfatlara sahib olmalarına, onların gəlirlərini artırmaqla, dövlət sosial yardım proqramından asılılığının aradan qalxmasına, sahibkarlığa çıxış imkanı qazanmalarına şərait yaratmaqdır.
Ötən il özünüməşğulluq proqramına 1200 nəfər cəlb olunub. Bu il rəqəm dəfələrlə artaraq 7 minədək işsiz və işaxtaran vətəndaşın proqrama cəlb olunması nəzərdə tutulub. Artıq özünüməşğulluq fəaliyyətini qurmaq üçün potensialları olan 7300-dən çox vətəndaş seçilərək proqram üzrə təlimlərə cəlb olunub. Onlardan təlim kursunu bitirən və qiymətləndirmələr zamanı biznes planları uğurlu hesab edilənlərin hər biri mal və materiallarla təmin olunacaq, kiçik ailə bizneslərinin yaradılması üçün köməklik ediləcək.
Bu istiqamətdə ilk işlərə Cəbrayıl və Füzuli rayonları üzrə başlanılması məcburi köçkünlərin, habelə cəbhəyanı ərazilərdə yaşayanların sosial müdafiəsinin daim diqqət mərkəzində saxlandığını bir daha göstərir. Hər iki rayon üzrə proqram iştirakçıları məcburi köçkünlər olmaqla yanaşı, onların sırasında 50 nəfər əlilliyi olan şəxs, 8 şəhid ailəsi üzvü, 76 nəfər sağlamlıq imkanları məhdud uşağı olan valideyn və başqaları var. Eyni zamanda, 231 nəfər iştirakçıdan 63 nəfəri qadın, 71 nəfəri gəncdir. Verilmiş mal və materialların hesabına reallaşdırılan biznes planların böyük əksəriyyəti kənd təsərrüfatı sahələrini əhatə edir.
Mal və materiallarla təmin olunan vətəndaşlar onların özünüməşğulluğunun təmin olunması, kiçik ailə bizneslərini qurmaları və gəlirlərini artırmaları üçün yaradılan şəraitə görə ölkə başçısına dərin minnətdarlıqlarını ifadə ediblər.
Proqram iştirakçıları onlara verilmiş mal və materiallardan düzgün və səmərəli istifadə edəcəklərini, bu gün dövlətin dəstəyi ilə yaratdıqları fərdi təsərrüfatlarını daim inkişaf etdirmək və gələcəkdə genişləndirmək, öz zəhmətləri ilə ailə gəlirlərini artırmaq üçün səylə çalışacaqlarını vurğulayıblar.
Ölkədə heyvandarılığı inkişaf etdirmək, aztəminatlı ailələrin fərdi təsərrüfatlara sahib olmalarına, sahibkarlığa çıxış imkanı qazanmalarına şərait məqsədi ilə atılan bu addımı müsbət qiymətləndirən ekspert Pərviz Heydərov "Şərq"ə açıqlamasında bildirib ki, kənd təsərrüfatının ölkədə inkişafına nail olmaq üçün hökumət və dövlət tərəfindən, bilavasitə dövlət başçımızın dəstək siyasəti həyata keçirilir:
"Qeyri-neft sektorunun əsas istiqamətini, qolunu təşkil edən aqrar sektorun hərtərəfli inkişafına nail olmaq üçün regionlarda işsiz vətəndaşlara müvafiq bir çox güzəştlər, subsidiyalar verilir. Bütün bunlarda da əsas məqsəd ondan ibarətdir ki, ölkədə kənd təsərrüfatı məhsullarının istehsalının artmasına, onun ümumdaxili istehsalda məhsulda sayının artmasına nail olunsun. Heyvandarlıq da bildiyimiz kimi, aqrar sahənin, kənd təsərrüfatının ən mühüm sahələrindən biridir. Son zamanlar çox təəssüflər olsun ki, bu sahədə müəyyən obyektiv və subyektiv səbəblər üzündən geriləmələr müşahidə edilir. Amma hökumətin heyvandarlığın tənəzzülünün qarşısının alınması ilə bağlı vaxtında diqqət ayırması, nəzarətə götürməsi nəticəsində məsələ müsbətə doğru getdi. Biz öz tələbatımızı ət və ət məhsulları ilə ödəmək imkanındayıq. Amma bununla belə yenə də ölkəyə bu sahəyə idxal mövcuddur. Onu da qeyd edim ki, kifayət qədər analoji idxal məhsulları qiymətdə bizim yerli məhsullardan ucuzdur. Bu çox neqativ bir haldır. Əgər bu hal nəzarətdə saxlanılmasa, yerli məhsulların istehsalına, azalmasına, məhdudlaşmasına gətirib çıxara bilər. Ona görə də hökumət həm də bunu nəzərə alaraq ölkədə heyvandarlığın inkişafını stimullaşdırmaq məqsədi ilə bu cür tədbirlərə əl atır».
Bunu təkcə kənd təsərrüfatı məhsullarının inkişafının artırılması məqsədi daşıması kimi qiymətləndirməyin düzgün olmadığını bildirən iqtisadçının sözlərinə görə, bu həm də ölkənin bölgələrində, regionlarında yerləşən əmək qabiliyyətli əhalinin məşğulluğunun təmin edilməsi məqsədinə də xidmət edən mühüm bir məsələdir:
«Çünki ölkə üzrə əmək qabiliyyətli əhalinin təxminən 40 faizi civarında olan hissəsi məhz regionlarda yerləşir. Və təsərrüfatdan ayrılmamaları üçün onlara bu imkanlar yaradılır. Çünki hamı birbaşa fermerliklə məşğul ola bilmir axı. Regionda yaşayan əmək qabiliyyətli vətəndaşların maddi imkanları, müvafiq istehal vasitələri olmadığı üçün şəxsi təsərrüfatlarının olmasını təmin etmək məqsədilə dövlət bu cür tədbirlərə əl atır. Məhsul istehsal etmələri üçün onlara imkan yaradılır. Bunu ona görə etmir ki, həmin məhsulu dövlətə versin və yaxud bazara çıxarıb satsın, heç olmasa, bununla ehtiyacını ödəsin. Bu həm də sosial aspektdən mütərəqqi bir addımdır, siyasətdir".
İlahə