“Reket jurnalistlər” yazılı mediadan internetə transformasiya olunub

Onlarla mətbuat təmsilçisi kimi deyil, kriminal ünsür kimi mübarizə aparılmalıdır
Azərbaycan müstəqillik əldə etdikdən sonra bu sahədə heç vaxt indiki qədər biabırçı durum olmayıb








(Əvvəli ötən sayımızda)

Xəbər verdiyimiz kimi, Mətbuat Şurasının "Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının 8 noyabrda keçirilən iclasından sonra adları tam haqlı əsaslarla "qara siyahı”ya salınan saytlar tərəfindən Şuranın İdarə Heyətinin üzvlərinə qarşı xoşagəlməz kampaniya başladılıb. Bu barədə Mətbuat Şurasından məlumat verilib. Məlumata görə, adları "qara siyahı”da yer alan bəzi informasiya orqanları MŞ təmsilçiləri barədə qərəzli, həqiqətə uyğun gəlməyən materiallar, hədələyici anonslar yayımlayır, sosial şəbəkələrdə paylaşılır.

Real və saxta profillər vasitəsi ilə verilən şərhlərdə böhtanlara, açıq təhqirlərə üstünlük verilir. Mətbuat Şurasının bəyanatında bildirilib ki, "qara siyahı”ya daxil edilmə peşə prinsiplərinə laqeyd yanaşan, onları mütəmadi pozan, tövsiyə və iradlara məhəl qoymayan, ümumən etik dəyərlərə zidd davranış və hərəkətlərə yol verən KİV-lərə qarşı ictimai məzəmmət və ictimai qınaq tədbiridir. Şura qurumun Nizamnamə tələblərini rəhbər tutaraq mediada hədə-qorxu və şantajla müşayiət edilən yazıları və ya məqalələri qarşı tərəfə - hüquqi, yaxud fiziki şəxsə təsir vasitəsi sayır.

Buna görə də "reket jurnalistika”ya qarşı mübarizə Komissiyası çıxardığı məlum rəyində tam haqlıdır. Təəssüf ki, bəzi KİV-lər və onların jurnalist adına iddia edən rəhbərləri məsələnin mahiyyətini düzgün qiymətləndirməyəcək qədər bəsit fəaliyyət yolundan əl çəkmirlər. Komissiya rəyə gələrkən, həmçinin, peşə fəaliyyəti, yaradıcılıq xüsusiyyətləri şikayətlər doğurmuş KİV-lərin yazılarında tənqid obyektinə çevrilmiş şəxslərə münasibətdəki forma və metodları da əsas götürüb. Bu forma və metodlar isə tam spekulyativ təbiətə malikdir. Guya şəhid ailələrinin hüquqlarını qorumaq, hansısa ədalətsizliyin qarşısını almaq məqsədi ilə onların adından ölkə rəhbərliyinə aramsız müraciətlərin yayımlanması, eyni şəxslərin hədəfə götürülməsi, qanunsuz tələblərin yerinə yetirilməsi üçün şikayət müəllifləri kimi göstərilən şəxslərlə sövdələşmələr, milli ayrıseçkilik zəminində ittihamlar və s. yarıtmazlıqlar kifayət qədərdir. Bütün bunlar əslində "reket” sözünə sırf hüquqi prizmadan yanaşmaq üçün də ciddi əsaslar yaradır. Mətbuat Şurasının fəaliyyəti timsalında Azərbaycan mediasının saflaşmasına yönələn işlər eyni zamanda ictimai əhəmiyyətlidir. İndiyədək həqiqi qələm sahibləri, peşənin təəssübünü çəkən jurnalistlər tərəfindən prosesə böyük dəstək göstərilib. Hədə-qorxu mesajları ünvanlayanlar, təhqir və böhtan yağdıranlar anlamalıdırlar ki, Şura onlarla mübarizədə həm geniş cəmiyyətin dəstəyinə, həm də qanunçuluğun gücünə arxalanır. Mətbuat Şurasının üzvlərinə münasibətdə nalayiq davranışlar bütövlükdə bu qurumu formalaşdıran həqiqi peşə sahiblərinə, təəssübkeş qələm əhlinə, media cameəsinin daşıdığı bəşəri dəyərlərə həqarət kimi qiymətləndiriləcək və layiqli cəzasını alacaq. Şura mübarizəsində haqlıdır və heç bir halda haqlı mövqeyindən geri çəkilməyəcək. Ümumiyyətlə, reket jurnalistikaya qarşı uzun zamandır mübarizə aparılır. Buna baxmayaraq, sözügedən təbəqənin neqativ əməllərinin qarşısını almaq mümkün olmur. Bu baxımdan bir sıra media nümayəndələri "reketçiliklə” məşğul olan "jurnalistlərə” ciddi hüquqi cəzaların verilməsini təklif edirlər.

Mövzu ilə bağlı "Şərq”ə danışan "Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev deyib ki, onlarla mətbuat təmsilçisi kimi deyil, kriminal ünsür kimi mübarizə aparılmalıdır.

 Baş redaktorun sözlərinə görə, bu gün elə bir vəziyyət yaranıb ki, media nümayəndələri bəzən müəyyən yerlərdə özlərini jurnalist kimi təqdim etməyə utanırlar. Xüsusilə də iş adamları, əyalətlərdəki dövlət məmurları "jurnalist” sözünü eşidəndə, ilk ağıllarına gələn "reket jurnalistika”nın nümayəndələri olur:

"Düşünürlər ki, bütün jurnalistlər məhz onlar kimidir. Hesab edirlər ki, bütün jurnalistlər fəaliyyətlərini ancaq pul almaq üçün kimlərisə şantaj etmək fəlsəfəsi üzərində qurur. Nə qədər deyirsən ki, belə deyil, vicdanlı jurnalistlər əslində məbləği böyük olmayan maaşa işləyirlər, inanmırlar. Əvvəllər belələrini qınamaqla keçirdim, amma son vaxtlar mənzərənin həqiqətən acınacaqlı olduğu qənaətinə gəlmişəm. "Reket jurnalistika” mövzusu hazırda kifayət qədər aktuallaşıb. Azərbaycan müstəqillik əldə etdikdən sonra bu sahədə heç vaxt indiki qədər biabırçı durum olmayıb. Yazılı mediadan internetə transformasiya edən bu qara qüvvələr artıq heç bir sərhəd tanımırlar.

 Ayrı-ayrı şəxsləri, dövlət təsisatlarını, şirkətləri şantaj edir, məqsədlərinə nail olmaq ən üçün çirkin vasitələrdən belə istifadə edirlər. Bu zaman nə peşə prinsiplərini, nə ölkə qanunvericiliyini, nə də milli mentaliteti nəzərə alırlar. Bir növ, ölkədəki söz azadlığından çirkin məqsədlərinə çatmaq üçün istifadə edirlər. Əvvəllər cəmiyyətdə belə bir fikir var idi ki, məmurlar, ayrı-ayrı şəxslər gözü kölgəli olmasalar, "reket” dediyimiz bu jurnalist adından istifadə edənlərə pul verməzlər. 

Amma indi bunlar o qədər həyasızlaşıblar ki, "gözükölgəli və ya gözükölgəsiz”ə baxmadan məqsədlərinə nail olmayınca, hədəfə aldıqları şəxslərdən, obyektlərdən əl çəkmirlər. Məsələn, xəbəri yayırlar, sonra öz çevrələrindəki saytlar vasitəsilə tirajlayırlar. Hədəf seçdikləri adamlarda vahimə yaratmağa çalışırlar. Elə sayt olur ki, bir gündə bir təşkilat, şəxs haqqında 20-25 neqativ yüklü məlumat yayır, bütün yaradıcılığını hədəfə aldığı şəxsin gözdən salınması üçün səfərbər edir. Reaksiya olmadıqda, bir az fasilə verib, 1 ay əvvəlin xəbərini yenidən yayırlar. Xəbərin köhnəlməsi, təkrar olunması onlar üçün önəmli deyil. Təki, hədəfə aldıqları obyekti diz üstə çökdürə bilsinlər.

Bəzən isə sırf ailədaxili məsələlərdən, şəxsi həyat sirlərindən yazır, insanları qurşaqdan aşağı vururlar. Hətta olmayan şeyləri də uydurub, fantaziyalarını yazı nümunəsi kimi qələmə verirlər”.


İ.Quliyevin sözlərinə görə, bəzən bir sayt özü kimi sayta istinad edərək bir məlumat yayır. Ancaq istinad olunan sayta baxırsan, elə bir xəbər tapa bilmirsən: "Soruşursan, deyir ki, 6 ay əvvəl orada belə bir xəbər var idi. 

Elə bir dərəbəylik mühiti yaradıblar ki, ayrı-ayrı şəxslər, dövlət məmurları, iş adamları, şirkət təmsilçiləri az qala çarəsiz bir duruma düşüblər. İnsanların bu cür saytlara qarşı hüquq müstəvisində mübarizə aparmaq imkanları da olmur. Məsələn, məhkəməyə vermək istəyirsən, hüquqi ünvanları belə yoxdur. Kimi məhkəməyə verəsən? Məsələ ondadır ki, kimsə pul verib canını qurtarmaq istəsə belə buna nail olmur. 

Çünki hansısa obyektin pul verdiyini görən kimi, dərhal öz aralarında xəbərləşərək, mütəmadi şəkildə onu narahat edirlər. Hələ bu azmış kimi, "imkanlı mənbə” tapanda, yeni sayt yaradır, üstəlik, qohumlarına, tanışlarına da sayt açaraq həmin şəxsdən yazmağı məsləhət görürlər. Bir sözlə, adamın sözün əsl mənasında "sonuna” çıxırlar. Bunların elələri var ki, eyni vaxtda 15-20 sayt idarə edirlər. Heç bir kollektivləri də olmur, yalnız bir admin işlədirlər. Bir neçə dəstəbaşıları var ki, fəaliyyətlərin tənzimlənməsi ilə əsasən onlar məşğul olurlar. Bəzi sayt rəhbərlərinin heç ali təhsili də yoxdur. Sosial şəbəkələrdə adi bir status yazanda, bir cümlədə 5-6 səhv buraxırlar, amma ümumilikdə mətbuata dərs keçmək iddiasındadırlar. Bəziləri keçmişdə məhkumluq həyatı yaşayanlardır. Bir sözlə, sırf kriminal fəaliyyətlə məşğul olan belələri, mətbuatın üz qaralarıdır. Təsəvvür edin ki, dövlət qurumları, özəl şirkətlər öz işlərini, ciddi media ilə münasibətləri bir kənara qoyub, onlarla mübarizə aparmağa məcburdurlar”.

 Baş redaktorun fikrincə, Mətbuat Şurasının bu istiqamətdə başlatdığı fəaliyyət təqdir olunmalıdır. Eyni zamanda, müvafiq dövlət qurumları da bu kriminal ünsürlərə qarşı fəaliyyətə cəlb olunmalıdır:

 "Mətbuatı hər addımbaşı gözdən salan mənbələrə giriş məhdudlaşdırılmalı, sahibləri hüquq müstəvisində cəzalandırılmalıdır. Həqiqi media təmsilçiləri də problemin nə qədər ciddi olduğunu ictimaiyyətə çatdırmalıdırlar. Heç kimdən çəkinmədən, adımızı bədnam edənlərin şantajlarından ehtiyatlanmadan düzü-düz, əyrini-əyri deməliyik. Yoxsa bizi daha acı nəticələr gözləyir. Yoxsa jurnalist olduğumuzu haradasa dilə gətirməyə görə daha çox utanmalı olacağıq”.

"Milli.az” saytının baş redaktoru Anar İmanov da bəyan edib ki, reketlərlə mübarizə yalnız qanunvericilik çərçivəsində aparılmalıdır. Lazımdırsa, qanunvericilik sərtləşməlidir:

"Reketlər mediamızın qara ləkəsidir. Onlara görə vicdanlı jurnalistlərimiz, mənim sayğıdəyər həmkarlarım əziyyət çəkir. Mən də sərt cəzalanmanın və həbslərin tərəfdarıyam. Mütləq şəkildə onlara "jurnalist” kimi yanaşılmamalıdır. Çünki onlar reketdir, canidir. Sadəcə "qara siyahı”larla iş kifayətlənməməlidir. Bundan sonrakı mərhələ ictimai qınaq, pullu cəza və lazım olarsa həbs olmalıdır. Hansısa kağıza "press” yazmaqla jurnalist olmur. Aldanıb elələri hətta bəzi şirkətlər tədbirlərinə çağırırlar. Çalışmaq lazımdır ki, onların adlarını, təmsil etdikləri qurumların adlarını hamı bilsin və dələduzla əsl jurnalistlər arasında fərq bilinsin”.

"Lent.az” saytının redaktoru Səbinə Əvəzqızı da "Şərq”ə açıqlamasında bildirib ki, "Reket jurnalistika” artıq çoxdandır ki, utanc yerimizə çevrilib: 

"Hesab edirəm ki, günah eyni zamanda onlara bu şəraiti yaradanlardadır. Bu istiqamətdə fəaliyyət göstərən "jurnalist”lər bizim bütün yaxşı işlərimizin üzərinə kölgə salırlar. Qeyri-peşəkarlıqları, mədəniyyət və dünya görüşlərinin standartlardan aşağı olması çox uzaqdan hiss olunur. 2008-ci və ya 2009-cu il idi, bu mövzuda şəxsən özüm araşdırma apardım və material "Lent.az”da təqdim olundu. Bir çox redaksiyanı gəzdim, təsəvvür edin, elə mətbu orqan var idi ki, ofisdə 1 dənə olsun kompüter, printer, adi kağız yox idi. Əvəzində rahat divan, kreslo, jurnal masası, üzərində də növbənöv şirniyyatlar var idi. Otaqdakı adamlardan soruşurdum ki, siz bu şəraitdə necə işləyirsiniz, harada yazırsınız, redaktə edirsiniz? Gözlərini döyüb üzümə baxırdılar. Həftəlik qəzet olduqlarını bildirirdilər. Həmin ofisləri nə üçün kirayələdiklərini anlamaqda çətinlik çəkirdim. Bütün şantajlar, qarayaxmalar, pis əməllər bu cür yerlərdə doğulur. İndi sual vermək istəyirəm. Niyə mediada söz sahibi olanlar bu reketləri elə öz yuvalarındaca məhv etmək istəmirlər? Artıq elə bir vəziyyət yaranıb ki, onların arxasında dayananların özləri belə əziyyət çəkirlər”. 

Redaktor bildirib ki, Mətbuat Şurası neçə vaxtdır bunlarla mübarizəyə başlayıb:

 "Bu fəaliyyəti təqdirəlayiq hesab edirəm. Lakin bu qədər uzun müddət ərzində onların jurnalistikanın sıralarından birdəfəlik silinib getməməsini düzü anlaya bilmirəm. Necə ola bilir ki, tək bir nəfər - Mark Zukerberq yaratdığı şəbəkədə dələduzluq edənləri, təhqirə yol verənləri, şantajçıları sistemdən birdəfəlik yox edə bilir, amma "reket jurnalistləri” sıradan çıxarmaq mümkün olmur. Bunu söyləməkdə məqsədim əsla kimlərisə tənqid etmək deyil. Hesab edirəm ki, bu işdə vicdanlı media nümayəndələrinin hamısı Mətbuat Şurasına dəstək olmalıdır. Sadəcə vurğulamaq istəyirəm ki, "reket” adlandırdığımız sözdə media nümayəndələri özbaşlarına fəaliyyət göstərmirlər. Hərəsinin arxasında bir güc dayanıb. Əvvəlcə həmin mənbələrlə mübarizə aparmaq lazımdır. Onların arxasındakı qüvvə çəkilməyincə, heç bir mübarizə növü effektli olmayacaq. Hazırda əlimizdən gələn o olmalıdır ki, rastlaşdığımız "reket” jurnalistləri və arxalarındakı qüvvələri mümkün qədər ifşa edə bilək. Heç olmasa, cəmiyyət onları tanısın”.

İsmayıl

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb