“Roza çox hiyləgər qadındır...”

Pərvin Abıyeva: “Mənim səhvim onda oldu ki, Aytənə görə and içdim ki, ona toxunmayacağam”
“Mən öz mənliyimə görə əlimi götürmək istədim. Uran mənim üçün uşaqdı deyə, onun əli ilə getmək mənə yaraşmazdı”


Bir çoxlarının yuxusunu qaçıran, bir çoxlarının əsəblərini tarıma çəkən "Maşın” şouda finala bir addım qalmış növbəti şok yaşandı. Cəsarəti və mübarizəsi, taktikası ilə seçilən aktrisa Pərvin Abıyeva finalın bir addımlığında əlini maşından çəkdi. Təbii ki, Pərvinin bu addımı birmənalı qarşılanmadı. Onu mübarizəni dayandırdığı üçün qınayanlar, ona zəif deyənlər də oldu, gedişini dəstəkləyib onu müdafiə edənlər də tapıldı. Təbii ki, bu kimi realiti-şoularda iştirakçıların hərəsinin öz həqiqəti olur ki, o, bu həqiqətə inanır. Pərvin Abıyeva üçün maşın əldən getdi. Qazandığı nə oldu? Günlərlə apardığı mübarizədə Pərvinin maşından apardığı nələr idi. "Şərq”in suallarına Pərvin Abıyevanın maraqlı cavabları oldu. Onun açıqlamaları isə hələ uzun müddət müzakirələrə səbəb ola bilər.

- İkinci dəfə idi "Maşın” şouda iştirak edirdin. Nə baş verirdi maşın ətrafında?

- Maşın ətrafında oyun gedirdi, həm də çox hiyləgər şəkildə qurulan oyun. Bunların başında Roza ilə Aytən dayanırdı. Mən sonralar başa düşdüm ki, heç də maşında hər şey göründüyü kimi deyil. Dəfələrlə Aytənə dedim ki, gəl bir olaq. Aytən mənə qulaq asmadı. Hər dəfə yaxşı dedi, efirə çıxanda başqa söz danışdı. Mən yoruldum. Aytəni öncədən məlumatlandırmışdım ki, səni vuracaqlar. Gördünüz Uranın son hərəkətini? Mən Uranın əli ilə gedə bilməzdim.

- Özünə yaraşdırmadın Uranın əli ilə şoudan uzaqlaşmağı?

- Yox, yaraşdırmadım. Mən əvvəl Aytəni güclü rəqib sayırdım. Amma o, güclü rəqib deyilmiş. Uran deyirdi ki, hədəfim Pərvindi. Mən gedəcəkdim. Getmədən öz sözümü deməli idim. Orada əsas oyunçu Roza idi. Roza Zərgərli çox hiyləgər, ağıllı qadındı.

- Hiyləgər, ya ağıllı?

- Rozada həm hiyləgərlik var, həm də ağıllıdır. O qadında elə strategiya gördüm ki, şoka düşdüm. Onunla bacarmaq mümkün deyildi. Ona görə də özüm hörmətlə getməyə qərar verdim. Əslində demişdim ki, sona qədər mübarizə aparmayacam. Hər gün camaatın cibinə girmək olmaz. Məqsədim var idi. Ona çatmağa çalışdım. Mən Aytənə sübut etməyə çalışdım ki, Aytən, hədəf sən idin. Aytən qədər savadlı qadın Rozanın tələsinə düşdü. Amma mən Rozanın tələsinə düşmədim. Mən bilirdim ki, hədəf mənəm. Məndən sonra da Aytən getməliydi. Mən Uranla söhbət edəndə, mənə dedi ki, Pərvin, mən sözümü yeyə bilmərəm. Səni çıxaracam.

- Axı bu oyunda Hüseyn də "sözümü yeyə bilmərəm, Pərvin hədəfdi” deyib, Abbası çıxardı. Yəni, maşında deyilən sözlərin nə qədər kəsəri var idi?

- Hüseynlə Uran bir səviyyədə, eyni çəkidə deyillər axı.

- Yəni Hüseyn daha cılız oyunçudur deyirsən?

- Uran sözünə hörmət edəndi, ya yox, bilmirəm. Amma mənə görə Uranın sözünün kəsəri Hüseyndən ağır olardı. Hüseyn isə, özü demişkən, Rozanın oyunda "peşkası” idi. Uranın hədəfi mən idim. Bu, birmənalı idi.

- Maşın bahalı bir əşyadır. Amma istənilən halda dəmir parçasıdır. İnsan şəxsiyyətini dəmir parçasına görə bu qədərmi cılızlaşdıra bilər. Hüseyn tamaşaçı gözündə cılız oldu.

- Bax, mən elə bunu deməyə çalışdım gedişimlə. Tamaşaçıya çatdırmaq istədim ki, ay millət, mənə bu maşın lazım deyil. Mənim şəxsiyyətim bu dəmir parçasından dəyərlidir, qiymətlidir. Aytənə də gedişimlə çatdırdım ki, Aytən sən səhv mövqedəsən, onsuz da finala getməyəcəkdin, buna imkan verməzdilər.

- Maşından əlini götürəndən sonra belə bir ifadə işlətmisən ki, mən itirdiyim imicimi qaytarmağa çalışdım. Söhbət birinci dəfə maşına qatılanda itirdiyin imicdən gedir?

- Bəli. Mən ötən dəfə maşın ətrafında çox az qalmışdım. Tez çıxmışdım deyə, özümü sübut edə bilmədim. Daha doğrusu, tamaşaçıya özümü düzgün tanıda bilməmişdim. Tamaşaçıda mənim barəmdə yanlış fikir formalaşmışdı. Mən ilk dəfə maşında imicimi zədələmişdim. O imicimi bu dəfə qaytarmaq istədim. Düşünürəm ki, buna nail ola bildim. Çünki mən mərd oyun oynadım. Aytən hər dəfə mənim otağıma gəlib, danışırdı, amma sonra mövqeyini dəyişirdi. Mənim səhvim onda oldu ki, mən Aytənə görə and içmişdim ki, sənə toxunmayacam, hədəfim sən deyilsən. Sənə oynamaram. Amma Aytən hər dəfə maşın efirə başlayanda mənə oynadı, mənə qarşı oyun sərgilədi.

- Ağıllı xanımsan, maşın ətrafında içilən andların kəsərinə inanmaq olardımı?

- Maşın ətrafında əksəriyyəti müəyyən yaşa çatan, hərə öz sahəsində hörmət qazanmış insanlar idi. İstər-istəməz inanmaq istəmirsən ki, maşına, dəmir parçasına görə yalandan əzizlərinin, balalarının canına and içərlər, ölülərinin ruhunu dilə gətirərlər.

- Amma yalandan andlar içilib axı.

- İçilib. Yalandan o qədər andlar içənlər oldu ki... Keçən verilişdə ona görə dedim ki, nə qədər gərgin oyun getsə də, maşın ətrafında and içmək doğru deyil.

- Rozanı həm hiyləgər, həm də ağıllı qadın hesab etdin. Əvvəldən başa düşürdün ki, Roza oynayır. Əslində oyunun qaydalarına əsasən oyun sərgiləyir, qaydaları pozmadan oyun aparır...

- Elə ona görə də mənim onu təhqir etməyə haqqım yoxdu. O xanım oyunun qaydaları çərçivəsində oynadı, çox hiyləgər şəkildə strategiyasını qurdu, istəyinə də nail oldu. Əvvəl dedi ayın 5-i gedəcəm, sonra dedi 9-da Moskvada olmalıyam. Belə deyərək oyun apardı. Mən bilirdim bunlar yalandı. Etiraf edirəm, son 5-6 günə qədər mən Roza ilə bir yerdəydim. Ona görə yox ki, mən Rozanın komandasında idim. Sadəcə, Rozanın oyun apardığını bilirdim deyə, onun fikrini öyrənməyə çalışırdım.

- Roza deyəndə ki, kim dostluğunu sübut edib əlini maşından götürər, sən əlini götürdün....

- Yox, ona görə mən əlimi maşından götürmədim ki, Rozanın dostuyam, ya ona dostluğumu sübut etdim. Tam əksinə.

- Axı tamaşaçıda yaratdığın təəssürat o oldu ki, sən Rozanın sözü ilə əlini götürdün.

- Qətiyyən. Mən öz mənliyimə görə əlimi götürmək istədim. Uranın əli ilə getmək istəmədim. Uran mənim üçün uşaqdı deyə, onun əli ilə getmək mənə yaraşmazdı. Ona görə də mən Urana qarşı mübarizə aparmadım. Həm də tamaşaçının cibinin pulunu səbəbsiz xərcləmək istəmədim. Bu, tamaşaçıma haqsızlıq olardı. Mən utandım yenidən tamaşaçıdan səs istəməyə.

- Sən Urana qarşı mübarizə apara bilərdin. Bəlkə udsaydın, gedişatı dəyişə bilərdin. Axı ətrafın, dostların da az deyil. Əlini maşından götürmək zəiflik deyildi?

- Mən artıq utandım. Dostlarımdan səs istəməyə utandım. Onsuz da bilirdim ki, mən o maşını qazanmayacam. Finalda qalib olmayacam.

- Əgər maşını qazanmaq istəmirdinsə, niyə şouya qatılmışdın? İddian yox idisə, maşına niyə gəlmişdin?

- Məqsədim itirdiyim imici qaytarmaq idi. Günlərdi çəkdiyim əziyyətin səbəbi təkcə bu olub.

- Nail ola bildin məqsədinə? Pərvini bu dəfə tamaşaçı düz tanıya bildi?

- Düşünürəm ki, son günlər tamaşaçı məni tanıya bildi. Çünki bəziləri kimi artistlik edib maskalanmamışdım. Gedişimlə də kimliyimi göstərə bildim. Yeri gəlmişkən, onu da qeyd edim ki, Rozanın ilk günlərdən məqsədi o idi ki, Hüseyni finala apara bilsin. Bunu bacardı da. Amma mən çox istəyirəm ki, maşını Uran udsun.

- Məqsəd nə idi. Niyə Roza Hüseynə dəstək olub onu finala daşıdı?

- Roza Urana da, Hüseynə də söz verib ki, sizi finala aparacam. Daşıdı da. Amma Hüseynin qalib olmasını istəyir. Mən heç kimə, heç bir vəd verməmişdim. Heç kimə deməmişdim ki, sənin yanındayam. Bircə Cavidana demişdim ki, burda tək mənə inan, mənimlə məsləhətləş. Cavidan da getdi Roza xanıma inandı, nəticə də belə oldu. Mən demişdim ki, uduzacaqsan.

- Sən Abbasa da xəbərdarlıq etmişdin ki, hədəf sənsən. Abbas dediyini ciddiyə almamışdı deyəsən...

- Bəli, Abbasa da hədəfin o olduğunu demişdim. Dedim ki, oyan. Amma Abbas Hüseynə inandı.

- Abbasın gedişi hələ də müzakirə olunur. Ona qarşı haqsızlıq edildi.

- Əlbəttə, Abbas haqsızlığın qurbanı oldu. Abbas tamaşaçısından, dostlarından səs istəyə bilərdi. Abbas Hüseyn üçün dəstək istədi ki, Hüseyn, sənə dəstək oluram, gəl məni vur. Bir də nəticələr göstərdi ki, mən orda günlərlə təkləndim, oyunumu tək 5-6 nəfərlə oynadım. 5 gündə bir nəfər mənim üçün səs istəmədi. Aytən mənim üçün səs istəmədi. Əslində mən Aytən üçün jest etdim. Roza üçün yox. Əlimi götürdüm ki, bəlkə Aytən bir gün artıq oyun aparsın, Uran Aytənə dəyməsin.

-Axı Uranın Aytəni çıxaracağını da hesablamalı idin. Hədəf hər ikiniz idiniz..

- Ona görə deyirəm ki, mən bilirdim ki, hədəfəm və heç kimin əli ilə maşından çıxmaq istəmədim. Aytəni ağıllı, çəkisi olan qadın kimi görürdüm. Amma Aytən sona qədər bilmədi ki, nə oynayır. Aytəni tanımırdım deyə, onu ağıllı hesab edirdim. Amma Roza daha ağıllı və hiyləgər olduğunu sübut edə bildi. Mənim ona gücüm çatmadı. O, hiyləgər planları ilə hamını uzaqlaşdırdı. Sonda da elə göstərməyə çalışdı ki, mən Pərvin, onun dostuyam. Xeyr. Mən xeyli vaxt idi ki, artıq onun dostu deyildim. Bu oyunda dostluq keçmir.

- Maşın sənə nə öyrətdi?

- Maşın mənə öyrətdi ki, insanlara inanma. Maşın mənə öyrətdi ki, mərd olub sözünü deməyə cəsarət tap. Mən 5 nəfərlə mübarizədə özümü də tanıdım. Maşın ətrafında o qədər insanlar şəxsiyyətini itirdi, maskasını çıxardı ki, onlardan ən böyüyü Aytən xanım idi. Mən ona elə hörmət qoyurdum ki, onun intellektli olduğunu düşünürdüm. Hətta Mətanət xanımla davalarında mən Aytəni dəstəklədim. Peşmanam. Aytənə qarşı Mətanət xanımın münasibəti, nalayiq sözləri mənə pis təsir etmişdi. Sonra başa düşdüm ki, o bunu qazanıb. Mənim gözümdə onun şəxsiyyətinin çəkisi var idi. Aytən o çəkisini gözümdə itirmiş oldu. Mətanət xanım gedəndə mənə dedi ki, Pərvin, Aytənin kimliyini mən tanıyıram, siz də tanıyarsız. Sonda Mətanətin haqlı olduğunu başa düşdüm. Efirdən kənarda bir söz deyirdi, efirdə açıq-aydın üzümə durub, başqa söz deyirdi. Aytən açıq şəkildə Rozadan qorxurdu. Axı niyə qorxursan? Bilməliydin ki, finala qədər gedib çıxa bilməzsən. Nə oldu?

- 3 iştirakçıdan hansı maşını qazana bilər səncə?

- Roza çox istəyir ki, maşını Hüseyn udsun. Amma mənim istəyim Urandı. Çox istərdim maşın Urana qismət olsun. Ən azı maşın Hüseyn kimi cılız insana qismət olmasın deyə, Uranın udmasını arzulayıram.

Tahirə Məmmədqızı