Ruhani İrəvanda yeni bir söz deməyəcək

İranın Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım etmək imkanı yoxdur



Bu həftə İran Prezidenti Həsən Ruhani Ermənistana səfər edəcək. Rəsmi ziyarət Ermənistan Prezidenti Serj Sarkisyanın dəvəti əsasında baş tutacaq. Bu, prezidentlik müddətində Həsən Ruhaninin İrəvana ilk səfəri olacaq. İranın İrəvandakı səfiri Seyid Kazem Səcadi ziyarətin tezliklə reallaşacağını bildirib:

"İranın Ermənistanla dostluq münasibətləri var və müəyyən edilmiş vaxtda səfər baş tutacaq. Həsən Ruhaninin Ermənistana ziyarəti ölkələrimiz arasında əməkdaşlığı daha da möhkəmləndirəcək və dərinləşdirəcək”. Xatırladaq ki, Ruhaninin İrəvan səfərinə hazırlıq daha öncədən gedirdi. Ruhani Bakıda olub və Prezident İlham Əliyevlə görüşüb. Ekspertlərə görə, İran Prezidentinin Ermənistan səfəri Bakı ziyarətinə bir növ cavab, yəni "balans” xarakteri daşıyır. Lakin Ermənistanın düşmən tərəf olması və Azərbaycan torpaqlarını işğal altında saxlaması faktı müsəlman ölkə Prezidentinin həmin ölkəyə səfərini aktual məsələyə çevirir. Əksər politoloqlar hesab edirlər ki, Ruhaninin İrəvana səfəri rəsmi Tehranın Qarabağ məsələsində mövqeyinə və Ermənistan üçün "nəfəslik” roluna işıq sala bilər. Gözlənilən səfərlə bağlı "Şərq”in suallarını cavablandıran politoloq Sədrəddin Soltan səfər zamanı iqtisadi layihələrin müzakirə olunacağını deyib. Ekspert bir sıra siyasi məsələlərin də tərəflər arasında müzakirə mövzusu olacağını istisna etməyib: "Bu ilin avqustunda İran Prezidenti Həsən Ruhani Bakıya səfər etdi. Bundan əvvəl və sonra Ermənistan KİV-i narahatlıqla Ruhaninin İrəvana nə vaxt səfər edəcəyini gözləyirdi. Hətta onlar az qalırdı desinlər ki, "Tehran Ermənistanı unudub, Türkiyə, Rusiya və İran birləşib”. Ona görə də İranın İrəvandakı səfirliyindən Ruhaninin səfərinin gerçəkləşəcəyi vaxtı öyrənmək istəyirdilər. Səfərin bu həftə reallaşacağı barədə xəbər yayılsa da, dəqiq tarixi məlum deyil. Bununla belə Rusiya kimi İrandakı hakimiyyət də Ermənistan vasitəsi ilə Azərbaycana təzyiqlər etməyə səy göstərir. Ermənistanın yeni Baş naziri Karapetyan İranla əməkdaşlığın genişləndirilməsinə daha çox diqqət ayırmaq niyyətindədir. Ehtimal etmək olar ki, gələn il ərzində onun İrana səfəri baş tutsun. Çünki Tehranla İrəvanın dostluğunu və qardaşlığını daha möhkəmləndirmək üçün bir çox layihələr mövcuddur. Onlardan ikisi tranzit yol və İran qazının Ermənistan-Gürcüstan vasitəsi ilə Avropaya ötürülməsidir. Ancaq bu layihələrin həyata keçməsi üçün nə Ermənistan, nə də İran tərəfdə yetərincə maliyyə vəsaiti var. Rusiya isə onlara yardım etmək gücündə deyil. Ehtimal etmək olar ki, Ruhaninin İrəvan səfərində bu layihələrdən söz açılacaq”. Politoloq deyib ki, İranın Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım etmək imkanı yoxdur. Əksinə, bu problemin uzanması Tehranın maraqlarına xidmət edir: "İran Azərbaycanın güclü dövlət olmasını heç vaxt arzulamayıb. Bunun da bir sıra məlum səbəbləri var. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra Tehran bir qayda olaraq, Ermənistana yardım edib. Bu baxımdan İranın münaqişənin ədalətli həllinə yardım etməsinin şahidi olmamışıq. Ruhani İrəvana gəlsə, o biriləri kimi bəyanat verməklə öz işini bitirəcək. İran da yaxşı bilir ki, bu məsələdə önəmli rola malik deyil. Ermənistana isə təziyiqlər edə bilməz, çünki Rusiyadan çəkinir. Ona görə də bəyanat verib, bütün mənalarda bazarlıq etməklə öz işini bitmiş hesab edəcək. İranın bu problemlə bağlı əsas hədəfi Azərbaycanın zəif düşməsidir”.

İsmayıl