Anti-Azərbaycan dairələrə, ermənilərə dost olan qüvvələrə xidmət edirlər
Avropada fəaliyyət göstərən anti-Azərbaycan qruplar yenidən fəallıq nümayiş etdirirlər. Söyüş dəstəsinin budəfəki dayanacağı düşmən ölkəsində baş verən etiraz aksiyalarıdır. Ermənistandakı prosesləri əsas gətirən təxribatçı gənclər həyasızcasına qaniçən və təcavüzkar Sarkisyan rejimi ilə Azərbaycandakı demokratik hökuməti müqayisə ediblər. Həmçinin, şovinist və işğalçı ermənilərlə xalqımızı eyniləşdirən yad düşüncə sahibləri ölkə əhalisini etirazlara səsləyiblər.
Azərbaycan torpaqlarının 20 faizini işğal edən, bir milyon insanımızı doğma yurd-yuvasından didərgin salan, Xocalı soyqırımını törədən bir cəmiyyətdən nümunə götürmək ölkəmizə qarşı təbliğat aparan həmin şəxslərin milli-mənəvi dəyərlərə nə qədər yad olduqlarını göstərir.
Anti-Azərbaycan qruplaşmanın növbəti biabırçılığı haqda "Şərq”ə danışan siyasi ekspert Azər Həsrət Avropada fəaliyyət göstərən həmin şəxslərin fəaliyyətini davamlı olaraq yaxından izlədiyini bildirib. Politoloq uzunmüddətli müşahidələrinə əsasən deyib ki, Avropanın müxtəlif ölkələrində Azərbaycan dövlətinin və xalqının əleyhinə təbliğat aparan şəxslərin heç biri milli maraqlarımızla üst-üstə düşən açıqlama verməyiblər:
"Onlar daim Azərbaycanı ləkələməklə, qaralamaqla məşğul olublar, indiyədək hansısa müsbət addım atmayıblar. Əksinə, Azərbaycanı qarışdırmağa yönələn, ölkədə vətəndaş qarşıdurması yaratmağa xidmət edən bütün cəhdləri ürəkdən dəstəkləyiblər. Azərbaycanı mənfur ermənilərlə müqayisə etmək, vətəndaşlarımızı qarşıdurmaya, küçələrə çıxmağa səsləmək birbaşa anti-Azərbaycan mövqeyin bariz nümunəsidir. Əminliklə demək lazımdır ki, Avropadakı məlum qruplaşmanın niyyəti ölkəmizdəki azadlıqlar, insan hüquqları deyil, düşmən dəyirmanına su tökməkdir. Onlar ruhunu şeytana satmış insanlardır. Məqsədləri Azərbaycanı Suriyanın, İraqın, Liviyanın gününə salmaqdır. Buna görə də anti-Azərbaycan dairələrə, ermənilərə dost olan qüvvələrə xidmət edirlər. Çalışırlar ki, hər fürsətdən yararlanaraq, Azərbaycanı qarışdırsınlar, ölkədə iğtişaşlara səbəb olsunlar. Xüsusən Ermənistandakı proseslər fonunda bu cür çıxışların edilməsi onların həqiqi məqsədlərini ifşa etməyə kifayət edir. Bunun özü həmin qruplaşmanın hansı məqsədə qulluq etdiyini göstərir”.
A.Həsrət bildirib ki, düşmən ölkədəki etirazları əlində əsas tutanlar, guya, Azərbaycanda Ermənistandakı kimi bir rejimin olduğunu, xalqımızın küçələrə çıxmasına ehtiyac yarandığını iddia edirlər. Halbuki Azərbaycanda tam demokratik və şəffaf seçki keçirilib və xalqın böyük əksəriyyəti könüllü şəkildə öz prezidentini seçib:
"Seçki ərəfəsində, seçki günü və nəticələr açıqlanandan sonra ölkəmizdə çox sakit ab-hava var idi. Ermənistanda isə normal seçki olmadı, saxtalaşdırıldı, demək olar ki, bütün proses qanun pozuntusu ilə yadda qaldı. Eləcə də baş nazir postunun mənimsənilməsi göz önündə baş verdi. Ermənilər də buna etiraz olaraq küçələrə çıxdılar. Əslində aydın müqayisəni Avropadakı anti-Azərbaycan qruplar özləri də yaxşı görürlər. Sadəcə olaraq, bilərəkdən Azərbaycanı qarışdırmaq üçün bəhanələr axtarırlar. Hətta bəzən paylaşımlarında yazırlar ki, "bizim xalq ermənilər qədər də olmadı”, "ermənilər qəhrəman xalqdır”, "Azərbaycan xalqı yatır” və başqa bu cür sarsaq açıqlamalar verirlər. Şübhəsiz ki, Azərbaycan xalqı heç vaxt bu cür yaramazların arxasınca getməz. Heç vaxt da getməyib”.
İsmayıl