Rus politoloqların proqnozları özünü doğrultmadı

Avropa İttifaqı və ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar yumşalmayacaq



Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı tətbiq olunan sanksiyalar qüvvədə qalacaq. Bunu Avropa Komissiyasının vitse-prezidenti, xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Monrela bildirib. Vitse-prezident vurğulayıb ki, sanksiyalar bu siyasətin yalnız bir hissəsidir və Ukraynaya dəstək verilməsini nəzərdə tutur. Aİ rəsmisi eyni zamanda Rusiya ilə bir sıra sahələrdə əməkdaşlıq etdiklərini də dilə gətirib: "Biz Rusiya Federasiyası ilə İranın nüvə sazişi, Yaxın Şərq, Arktika üzrə siyasət sahələrində əməkdaşlıq edirik. Anlaşa bilmədiyimiz bəzi məsələlər hələ də qalmaqdadır. Lakin bir-birimizlə danışmağa davam edirik. Belə məsələlərdən biri Suriyadır”. Müəyyən hadisələrdən sonra Rusiyaya qarşı sanksiyaların yumşalacağı ilə bağlı iddialar var idi. Ehtimal edilirdi ki, Rusiya ilə yaxın əməkdaşlıq edən Avropa ölkələri Moksvanın iqtisadi gücünün tamamilə zəifləməsində maraqlı deyillər. Çünki Rusiya Avropanın enerji təhlükəsizliyini təmin edir.
Avropa Birliyindən verilən açıqlamanı "Şərq”ə dəyərləndirən politoloq Vasif Əfəndiyev deyib ki, bəzi ekspertlərin Avropa İttifaqı və ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları yumşaldacağı barədə proqnozları özünü doğrultmadı. Analitikin fikrincə, əslində bu versiyanı daha çox Rusiyapərəst politiloqlar və saytlar qabartmağa çalışırdılar ki, ictimai rəyə təsir etsinlər:

"Əvvəlcə Ukrayna təcavüzünə görə tətbiq olunan sanksiya Skripal olayından sonra daha da sərtləşdirildi. Avropa İttifaqının rəsmilərinin "bizim Rusiya ilə sağlam əməkdaşlığa ehtiyacımız var "tipli bəyanatları əslində Rusiyanı sağlam düşüncə ilə hərəkət etməyə təşviq etmək məqsədi daşıyır. Lakin Rusiyanın Ukraynanın şərqində separatçı rejim yaratmaqdan başqa Krımı işğal etməsi bu sanksiyaları daha da möhkəmləndirdi. Göründüyü kimi, Moskva hakimiyyəti işğala son vermək niyyətində deyil və işğalçı siyasətini Suriya və Afrikada da davam etdirmək istəyir”. Ekspert bildirib ki, Rusiyaya qarşı tətbiq olunan sanksiyaların kifayət qədər sərt və iqtisadi təsirə malik olması bu ilin əvvəlində rublun sürətlə dəyərdən düşməsi ilə müşayiət olundu: "Rusiya ilə yanaşı, İrana qarşı tətbiq edilən sanksiyalar bu planın təkib hissəsidir. Hazırda Rusiya İranla birlikdə Azərbaycandan yan keçməklə Xəzər dənizi üzərindən şimal-cənub dəhlizi yaradaraq Suveyş kanalını imitasiya etməyə çalışırlar. Rusiya güman edir ki, Çin və Hindistanı da bu nəqliyyat dəhlizinə cəlb edəcək. Lakin sanksiyaların tətbiqindən sonra bu planın baş tutmayacağı faktdır”.

İsmayıl