Rus qadınları Qarabağ ərazisinə daxil olmalı deyildi

Paşinyanın arvadının çağırışı sülh üçündürsə, erməni əsgərləri Azərbaycan ərazisindən geri çəkilməlidir




Ermənistan baş nazirinin xanımı Anna Hakopyan Rusiyadan olan bir qrup qadın ilə ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər edib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti hadisəyə münasibət bildirib: "Qadınlar sülh naminə” təşəbbüsü barədə artıq səsləndirilmiş mövqeyimizə əlavə olaraq təkrar edirik ki, sülh istəyənlər müharibəni davam etdirməməli, insan itkisinin qarşısını almaq istəyənlər digər dövlətin ərazilərini hərbi işğal altında saxlamamalı və nəhayət, qadınları və anaları sülhə dəvət edənlər şəxsən öz övladlarını Azərbaycanın beynəlxalq tanınmış ərazilərinə hərbi xidmətə göndərməməlidirlər.

Azərbaycan Respublikasının qanunlarını ciddi pozaraq ölkəmizin işğal edilmiş ərazilərinə qanunsuz səfər edən əcnəbi vətəndaşlara gəldikdə isə hazırda onlarla bağlı məlumat araşdırılır və bu şəxslər müəyyənləşdirildikdən sonra onların adlarının ölkəmizə girişi arzu olunmayan şəxslər siyahısına əlavə edilməsi ilə bağlı müvafiq qərar qəbul ediləcək”.

Anna Hakopyanın təşəbbüsü barədə "Şərq”ə danışan hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı bildirib ki, A.Hakopyan və bir qrup rusiyalı qadınların Azərbaycan dövlətinin icazəsi olmadan Qarabağ ərazisinə daxil olması düzgün deyil: 

"Qadınların sülhə olan çağırışını müsbət qiymətləndirirəm. Lakin onlar bu çağırışı öz ərazilərindən də edə bilərdi. Məsələn, Gürcüstan ərazisində tədbir keçirərək öz səviyyəsində olan qadınları bu tədbirə dəvət edə bilərdi. Həmçinin rus qadınlarının kim və hansı təşkilatın üzvü olduqları bilinmir. Təəccüblüdür ki, Paşınyan hakimiyyətə gələn kimi oğlunu Qarabağda xidmət etməyə göndərdi. Onun bu hərəkəti də düzgün deyildi”.

Hüquq müdafiəçisi bildirib ki, A.Hakopyanın çağırışı Azərbaycana olmalı deyil: 

"Biz müharibənin əleyhinə olan bir xalqıq. 

Analar oğullarını itirir, ermənilər bizim ərazimizdədir. Anna Hakopyanın çağırışı sülh üçündürsə, sülhün qorunması üçün erməni əsgərləri Azərbaycan ərazisindən geri çəkilməlidir. Ən gözəl sülh çağırışı budur. Bizdə anaların heç biri övladını Ermənistan ərazisinə döyüşə göndərməyib. Azərbaycanlı anaların övladı öz ərazimiz üçün döyüşürlər. Ona görə də Anna Hakopyan və rus qadınları ermənilərin Azərbaycan ərazisindən ordularını çəkmələri barədə çağırış etməlidirlər”.

Yeganə Bayramova