Rus səfirin qatili haqqında yeni detallar üzə çıxıb

Sui-qəsdçi ən çox telefon danışığını hazırda həbsdə olan FETÖ-çü polislə aparıb



Rusiya səfiri Andrey Karlovu öldürən qatil Mövlut Altıntaş barəsində yeni detallar üzə çıxıb. İstintaq nəticəsində məlum olub ki, sui-qəsdçi ən çox telefon danışığını hazırda həbsdə olan FETÖ-çü polislə aparıb.

Araşdırmalara görə, Altıntaş polis məktəbində təhsil alarkən Fətullahçı Sercan Başarın himayasində olub. Sui-qəsdçinin də daxil olduğu 6 nəfər FETÖ-çü tez-tez bir evdə toplaşıb terrorçu şəbəkənin təbliğatı barədə söhbət aparıblar. Qatilin kod adı isə "Mehmet” olub.

İstintaqda əldə edilən digər məlumatlara görə, Altıntaşın qaldığı ev FETÖ-çü Sercan Başar tərəfindən kirayə edilib. Bu evdə daha əvvəl Gülənçi digər bir polis məmuru - Musa Fırat yaşayıb. Fırat 15 iyul hərbi çevriliş cəhdindən sonra vəzifəsindən atılıb. Hazırda sui-qəsdçinin şəbəkə "Abi”sini müəyyən etmək istiqamətində iş aparılır. Ankara Cümhuriyyət Baş Prokurorluğunda aparılan istintaqda başqa detal da ortaya çıxıb. Altıntaşın əlaqələrini araşdıran polis onun sui-qəsddən öncə işdən icazə alaraq İstanbulda yaşayan, radikal düşüncəli bir nəfərlə üz-üzə görüşdüyünü müəyyənləşdirib. Adı gizli saxlanılan və istintaq üçün önəmli ola biləcəyi düşünülən həmin şübhəli şəxs saxlanılaraq Ankaraya gətirilib. Bugünə qədər istintaq tədbirləri çərçivəsində Altıntaşla əlaqəsi olan 5 polis saxlanılıb. Bu arada qatilin Kırıkkaledə həbs olunan sevgilisi polisə ifadəsində Altıntaşın terrorçu qruplaşmalarla bağlılığı haqda məlumatsız olduğunu deyib. Onun sözlərinə görə, sevgilisi az danışan olub və çox vaxt tək qalıb: "Onun belə bir şey edəcəyi heç ağlıma gəlməzdi. Onsuz da mənim Altıntaşdan o qədər də çox xoşum gəlmirdi”.

İsmayıl