Rusiya Azərbaycanda tikinti sahəsinə investisiya yatıracaq-İLQAR VƏLİZADƏ





Rusiya Azərbaycanda əsas tikinti sahəsinə investisiya yatıracaq.

Bunu Sherg.az-a Rusiyanın Azərbaycanda 85 mln. dollarlıq layihələr reallaşdıracağı haqqında danışarkən politoloq İlqar Vəlizadə deyib. 

Onun sözlərinə görə, bu, iki ölkə arasındakı əlaqənin yüksələn xətlə irəliləməsinin əyani sübutudur: 

"Münasibətlərin inkişafının bariz nümunəsi kimi Rusiya və Azərbaycan arasında ilin müxtəlif vaxtlarında keçirilən forumlar xüsusi yer tutur. Bunların arasında Bakı – Moskva Regional Əməkdaşlıq forumunu xüsusi qeyd etmək lazımdır. Eyni zamanda son illər ərzində bir çox nazirlər və iqtisadi blokun təmsilçiləri, rəsmi nümayəndələr ölkəmizə gəlir, sazişlər imzalanır. Mütəmadi olaraq geniş biznes-forumlar keçirilir. Bir neçə il ardıcıllıqla həyata keçirilən görüşlərin nəticələrindən biri 2014-cü ildə investisiya layihələrini sığortalayan ikitərəfli sənədin imzalanması oldu. Həmin sənəd əməkdaşlığın genişləndirilməsinə şərait yaradır. 

Rusiya investorlarının azərbaycana cəlb olunmasını asanlaşdırıb. Ümumi nəticə olaraq, iş danışıqları, illər ərzində toplanmış sənədlərin yığılması ilə müyyən istiqamətlər müəyyənləşdirilib. Həmin istiqamətlərin reallaşması üçün qurum prioritet sahələri seçir. Bu sahələr əsasında ixracat işləri Rusiya tərəfindən həyata keçirilir. Qeyd etdiyim kimi qarşılıqlı münasibətlər əsasında formalaşan əlaqələrdə istehsalçı tərəf  Rusiyadır,istehlakçı tərəf isə Azərbaycandır. İstehlakçıların maraqlarını nəzərə alaraq müxtəlif sahələr müəyyənləşib, investorların ixtiyarına verilə bilər. Burada tikinti sahəsi başlıca sahələrdən biridir. Çünki Azərbaycana gələn tikinti materiallarının çoxu Rusiyadan gəlir. Nəqliyyat, maşınqayırma kimi sahələrdə də Bakı-Moskva əməkdaşlığı genişləndirilir. Düşünürəm ki, bu sahədə aparılan iş yüksək müəssisələrin yaranmasına da müsbət təsir göstərə bilər".

Qeyd edək ki, Rusiya-Azərbaycan İşgüzar Şurasının sədri Pyotr Frakdov təşkilatın iclasında ölkəsinin Azərbaycanda 85 mln. Dollarlıq 26 layihə reallaşdırmaq niyyətində olduğuni bildirib.
Ayyət Əhməd