"Rusiya Türkiyə üçün böyük bazar rolunu oynayır" - Analitik






"Türkiyə-Rusiya münasibətlərinə siyasi, iqtisadi və hərbi prizmadan baxsaq, hər iki dövlət üçün əhəmiyyətli məqamları görərik”.

Bu barədə "Shegr.az”a Rusiya prezidenti Vladimir Putinin Türkiyə səfərini şərh edərkən analitik Arzu Nağıyev bildirib. 

O qeyd edib ki, tətbiq edilən bu qədər sanksiyaların əksinə Türkiyənin Rusiyaya imkanlar yaratması təşəkkürə layiq məqamdır:

"İqtisadi cəhətdən demək olar, hərtərəfli "embarqo"ya məruz qalan Rusiya "Akkuyu" kimi böyük nüvə layihəsini məhz Türkiyə sahəsində həyata keçirir. Bundan əlavə, qaz satışı, kənd təsərrüfatı və s. sahələrlə bağlı layihələrdə də Rusiya Türkiyəni vacib tərəfdaş kimi görür.

Siyasi cəhətdən də regionda eyni prizmadan çıxış etmək üçün Türkiyə Rusiyanın vacib tərəfdaşıdır. Çünki qardaş ölkə NATO-nun üzvüdür, ərəb ölkələrində, regionda özünün nüfuzu olan dövlətdir.

Hərbi cəhətdən Rusiya və Türkiyə eyni platformada təmsil oluna bilməz. İkili, üçlü platformalarda Rusiyanın təmsilçiliyi özünün təhlükəsizliyi baxımından əhəmiyyətlidir. Rusiyadan silahların alınması, Türkiyənin bu silahları Suriyada, İraqda və digər bölgələrdə tətbiq etmək fikri də Rusiyanın hərbi potensialına müsbət təsir göstərən amillərdir”.

Analitik onu da diqqətə çatdırıb ki, Rusiya Türkiyə üçün böyük bazar rolunu oynayır:

"Problemli məsələ isə Rusiya-Türkiyə yaxınlaşmasının Qərbə - Amerikaya mənfi təsir etməsidir. ABŞ və Türkiyə eyni blokda təmsil olunsa da, bu yaxınlaşma Vaşinqton üçün narahatedici məqam kimi qiymətləndirilir.

Düşünürəm ki, Türkiyə və Rusiyanın həm regionda, həm də regiondan kənarda ümumi maraqları var. Bu münasibətlərin yaxınlaşması Azərbaycan üçün də mühüm əhəmiyyət kəsb edir. Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycan üçün prioritet olduğuna görə, qonşu ölkələrin bir-biri ilə yaxşı münasibəti münaqişənin həllində müsbət dönüş yarada bilər”.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin görüş sonrası açıqlamasına görə, Türkiyəyə səfərin və prezident Rəcəb Tayyip Ərdoğanla danışıqların proqramı çox məzmunlu və dolğun olub. Prezident bildirib ki, Ərdoğanla görüşdə ikitərəfli münasibətlərin əsas mövzuları, habelə bir sıra regional və beynəlxalq aktual məsələlər müzakirə edilib, birgə iş üçün istiqamətlər müəyyənləşdirilib.

Aysel Aslan