Rusiya Ukraynanın cənub-şərqindən geri çəkilməyə hazırlaşır

Sadəcə, Moskva bu addımını ictimai rəyə birbaşa izah edə bilmir. Bunun üçün müəyyən zamana ehtiyac var


Donetsk separatçılarının lideri Aleksandr Zaxarçenko Ukrayna ərazisində yeni "dövlət” yaradacağını bəyan edib. Separatçı bildirib ki, yeni "dövlət” Ukraynanın varisi olacaq: "Dövlətimizin paytaxtı Donetsk şəhəridir. Kiyev isə bu ölkənin tarixi-mədəni mərkəzi seçiləcək”. Yeni dövlətin adı bəzi saytlarda Malorossiya, digərlərində isə Novorusiya kimi verilib.

Ukrayna Prezidenti Pyotr Poroşenko Donetsk separatçılarının "dövlət” yaratmaq fikrinə sərt reaksiya bildirib. Poroşenko "Novorusiya” layihəsinin dəfn olunduğunu söyləyib. Onun sözlərinə görə, Ukrayna Krım və Donbas ərazilərində öz suverenliyini bərpa edəcək. Xatırladaq ki, Donbasdakı separatçılar Rusiya tərəfindən dəstəklənir. Rusiya Prezidentinin mətbuat-katibi Dmitri Peskov məsələyə münasibət bildirərkən deyib ki, qondarma Donetsk Xalq Respublikasının rəhbəri Aleksandr Zaxarçenkonun Malorusiya adlı dövlət yaratması onun öz şəxsi təşəbbüsüdür: "Biz onun məlum bəyanatını KİV-dən eşitmişik. Biz Minsk razılaşmasına sadiq qalırıq”.

Məsələ ilə bağlı "Şərq”ə danışan politoloq Azər Rəşidoğlu deyib ki, proseslər başlayan gündən bəlli idi ki, Luqansk və Donetsk Rusiyanın nəzarətində uzun müddət qala bilməyəcək: 

"Məlum idi, Ukrayna ərazisində yaradılmış qondarma respublikaları heç bir ölkə rəsmən tanımayacaq. O cümlədən BMT-nin separatçı "dövlətləri” yaxına buraxmayacağı da gözlənilirdi. Hamburqda keçirilən G20 sammitində bu məsələlər gündəmə gətirildi. Müzakirələrdən bəlli oldu ki, ABŞ Prezidenti Tramp və Rusiya rəhbəri Putin arasında Luqansk və Donetsklə bağlı müəyyən razılaşmalar əldə olunub. Görünən odur ki, Rusiya Ukraynanın cənub-şərqindən geri çəkilməyə hazırlaşır. Sadəcə, Moskva bu addımını ictimai rəyə birbaşa izah edə bilmir. Bunun üçün müəyyən zamana ehtiyac var. Hazırda Rusiyanın əsas məqsədi Krım üzərində nəzarəti gücləndirməkdir. Düşünürəm ki, Donetsk və Luqansk oyuncaq separatçı rejimləri rəsmi Kiyevin nəzarətindən çıxa bilməyəcək”.

İsmayıl