"Rusiya və Ermənistan əlaqələrindəki böhranın nəticələrini gözləmək lazımdır"





"Torpaqlarımızı hissə-hissə, kənd-kənd düşməndən təmizləməklə bütün işğal olunmuş əraziləri azad etmək olmaz”.

Bunu "Sherg.az”a Azərbaycan ordusunun Naxçıvan istiqamətində son aylarda həyata keçirdiyi uğurlu əməliyyatlardan danışarkən sabiq xarici işlər naziri, tanınmış diplomat Tofiq Zülfüqarov söyləyib. 

O bildirib ki, Ermənistandan Laçına gələn yola nəzarəti ələ keçirməyimiz sərhəd xəttində düşmənlə mövqelərimizi yaxınlaşdırır:

"Azərbaycanın təmas xəttində davranışı dəyişib. Rəsmi Bakı elə taktikanı seçib ki, bu işlərdə dominant olduğunu sübut etsin. Azərbaycan üstünlüyə malik olduğunu və təşəbbüskarlığını sübut edir. Bu isə hər bir müharibə üçün mühüm amildir ki, təşəbbüs hansı tərəfdən gəlir. 

Azərbaycan düşməndən çəkinmir və hər bir hərbi əməliyyata hazırdır. Sözügedən situasiya çox vacib siyasi, psixoloji amildir. Bütün bunlar isə Ermənistanın daxilində gedən proseslərə ciddi təsir göstərir. Düşmən ölkədə siyasi böhran yaşanır. Əvvəlki hakimiyyətin nümayəndələri vəzifələrdən uzaqlaşdırılırlar. Nəticədə hakimiyyət daxilində qarşıdurma güclənir.

Azərbaycanın davranışları, nəzarətdə olmayan ərazilərə nəzarəti ələ keçirməsi bu faktorun tərəflərin bir-birinə qarşı istifadə etməsi imkanlarını artırır. Əməliyyatların sadəcə cəbhə xəttində mövqeyi gücləndirmək və Ermənistanın daxilindəki gərginliyi artırmaq məqsədi ilə keçirildiyini düşünürəm”.

T. Zülfüqarovun qənaətincə, Rusiya və Ermənistan əlaqələrindəki böhranlı vəziyyətin nəticələrini gözləmək lazımdır:

"Münaqişənin həlli istiqamətində aparılan siyasətə bu da təsir göstərəcək.

Azərbaycan Naxçıvan istiqamətində apardığı əməliyyatlarla həmçinin münaqişənin yalnız Dağlıq Qarabağı əhatə etmədiyini göstərməyə çalışır”.

Qeyd edək ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov ordumuzun uğurlu əməliyyatı nəticəsində Naxçıvan istiqamətində 11 min hektar ərazinin işğaldan azad edildiyini vurğulayıb. Nazir açıqlamasında bildirib ki, Laçına gedən yola artıq Azərbaycan ordusu nəzarət edir və bu, bizim növbəti uğurumuzdur”.

Aysel Aslan