2017-ci ilin yanvar-mart aylarında ötən ilin eyni dövrünə nisbətən kənd təsərrüfatı məhsulları 10 faiz bahalaşıb. Dövlət Statistika Komitəsindən (DSK) verilən məlumata görə, bitkiçilik məhsullarının istehsalçı qiymətləri 8.6, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 11.8 faiz artıb.
Bu bahalaşmanı isə ayrı- ayrı ekspertlər müxtəlif səbəblərlə izah edir.
Məsələ ilə bağlı "Şərq”ə açıqlama verən keçmiş maliyyə naziri, "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov isə hesab edir ki, kənd təsərrüfatı məhsullarının qiymətlərində baş verən artımın heç biri iqtisadi əsasları yoxdur. Çünki cari ilin ötən dövrü ərzində bu məhsulların istehsalı ötən ilin müvafiq dövrü ilə müqaisədə 3,5, bitkiçilik məhsullarının istehsalı isə 20%-dən çox artmışdı. Belə olan halda qiymətlərin qalxmasına hansı amillərin təsir edə bilər?
Cari ilin ötən ayları ərzində qeyri – neft sektorundan ixracda kənd təsərrüfatı məhsullarının payının kifayət qədər böyük olduğunu vurğulayan ekspertin sözlərinə görə, 2017-ci ilin təkcə yanvar ayında 2016-cı ilin yanvar ayı ilə müqayisədə mühüm kənd təsərrüfatı məhsullarından təzə meyvə ixracı 44,7 faiz, təzə tərəvəz – 2,3 dəfə, bitki yağları – 11,9 faiz, pambıq lifi – 7,5 dəfə artıb:
"İstehsal etdiyi məhsulu daxili və ya xarici bazarda satmaq seçimi hər bir istehsalçının özünə məxsusdur. Heç kim sahibkarı öz məhsulunu daxili bazarda satmağa məcbur edə bilməz. Əgər sahibkar öz məhsulunu xarici bazara çıxarıb satmaqla daha çox qazanc əldə edə bilirsə bu onun maraqlarına tam uyğundur. İndi Rusiya bazarlarında Azərbaycanın kənd təsərrüfatı məhsullarına təlabat xeyli artıb. Qərbin bu ölkəyə tətbiq etdiyi iqtisadi sanksiyalar fonunda Azərbaycan məhsullarına bu bazarda təlabatın artması təbidir. Apardığımız araşdırmalar göstərir ki, son vaxtlar Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının Rusiya bazarlarına çıxarılması ilə məşğul olan ixtisaslaşmış vasitəçi təşkilatların sayı getdikcə artmaqdadır. Onlar həmin məhsulları istehsalçıdan ucuz qiymətə tədarük edib Rusiya bazarlarına çıxarırlar. Bütün bu amillər də daxili bazarda qiymətlərin müəyyən qədər artmasına gətirib çıxarır”.
Şəymən