"Rusiyada da yaxşı bilirlər ki, bu, Əsəd məsələsi deyil" - Gərginlik




"Rusiya ilə ABŞ arasındakı münasibətlər yalnız Bəşşar Əsəd problemindən qaynaqlanmır”.

Bunu Sherg.az-a Amerika və Rusiya arasındakı gərginliyin nəticələrindən danışarkən siyasi elmlər doktoru, millət vəkli Hikmət Babaoğlu deyib. 

O bildirib ki, bu münasibətlərin çox dərin, hərbi-strateji kökləri var:

"Suriya hələ də Yaxın Şərqdə imperialist dayaqların ən son coğrafiyalarından biridir. Suriyanın itirilməsi Yaxın Şərq kimi olduqca strateji rayonda Rusiyanın gələcək imperialist planlarının itirilməsi deməkdir. Burada təkcə Əsəd məsələsi deyil, Yaxın Şərqdən isti okeanlar vasitəsilə Cənubi, Cənubi-Şərqi Asiyaya gedən böyük strateji yola nəzarətdən söhbət gedir. Eyni zamanda Rusiyanın gələcək qlobal maraqlarının müdafiəsi müzakirə olunan məsələlər sırasındadır.

Rusiyada da yaxşı bilirlər ki, məsələ Bəşər Əsəd məsələsi deyil, bu qarşıdurmada münasibət simvolikdir. Əslində yaxın şərt kimi mühüm coğrafiyanın gələcək etnosiyasi xəritəsinin çəkilməsindən söhbət gedir. Burada ABŞ da Rusiya da böyük söz sahibi olmağa çalışırlar. Region uğrunda gedən mübarizəyə Rusiya bir qədər gec qoşuldu, çünki ənənəvi olaraq Şimalı Afrikada və Yaxın Şərqdə olan bir çox müttəfiqlərini itirdi. Yalnız son anda Rusiya qətiyyətli qərar qəbul edərək regionda mövcud olmağı ilə bağlı qərar qəbul etdi. Bu qərarın bir qədər gecikməsi Qərb imperializmi üçün avantaj yaratmış oldu. Ancaq proseslərin inkişafı maraqlı dinamika ilə irəliləyərək, heç kəsin gözləmədiyi halda Suriya məsələsində Rusiya və Türkiyə tandemi yaratdı. Qısa zamanda bu tandem regiondakı tarixi və coğrafi mövqelərini istifadə edərək əslində revanş götürə bildilər. Müəyyən məsələlərdə köklü hesab ediləcək dəyişikliklərə nail oldular. Ona görə də, bu gün qlobal informasiya məkanına, mediaya bu məsələ Bəşşar Əsəd məsələsi kimi təqdim olunursa, düşünürəm ki, bu, doğru deyil”.

Burada məsələnin məhz Yaxın Şərq və ətraf coğrafiyanın yenidən bölüşdürülməsi olduğunu deyən H.Babaoğlunun sözlərinə görə, çox asanlıqla maraqların spekulyasiya predmetinə çevrilə bilər:

"Daha dərin strateji maraqlar təmin olunarsa, tərəflər bu məsələdə güzəştə gedə bilər. Amerikanın özü belə Əsədin birdəfəlik hakimiyyətdən getməsində maraqlı deyil. Çünki Bəşər Əsəd müxalifət, PYD və ya digər terrorist təşkilatların ömrünün uzadılması üçün vacibdir. Bəşər Əsəd getdikdən sonra həm də güclü tərəflərdən biri yox olacaq. Beləliklə, Suriyadakı terror qrupları arasında münaqişəni daha da uzatmaq mümkün olmayacaq. Ona görə də, hazırkı mərhələdə ola bilər, bu sadəcə informasiya müharibəsinin tərkib hissəsi kimi təqdim olunur. Amma əslində Amerika və Rusiya bu məsələdə razılaşsa belə, birdəfəlik çıxıb getməsinə razı ola bilməzlər. Çünki Rusiya və Türkiyə regiona müdaxilə etdikdən sonra yeni strategiyanın müəyyənləşdirilməsi, terrorist müharibənin keyfiyyətcə yeni mərhələyə daşınması üçün Qərbə və ABŞ-a bir qədər vaxt lazımdır. Bu vaxtdan istifadə edərək daha güclü, təqribən 100 minə yaxın sayı olan terrorist ordu yaratmaq niyyətindədir. Qərb imperializmi bu ordu vasitəsilə Türkiyəni hədəfə çevirmək niyyətindədir. Amma yaradılması nəzərdə tutulan terrorist orduya hazırda terroristlərin əlində olan silahlardan daha mükəmməl, modern, ağır silahların verilməsi düşünülür ki, bu da regionun gələcəyi baxımından təhlükəlidir”.

Aysel Aslan