Rusiyadakı miqrantlara şad xəbər...




SSRİ-nin keçmiş vətəndaşlarına, 15 il orda yaşayanlara leqal yaşamaq sənədi veriləcək

Rusiyada vətəndaşlığı olmayan şəxslər üçün yeni sənəd buraxılacaq. Bu sənədi SSRİ-nin keçmiş vətəndaşları, 15 il Rusiya Federasiyasında yaşayanlar, həbsdən buraxılanlar və illərlə pasport ala bilməyən miqrantlar alacaq.

Yeni sənəd Rusiya ərazisində leqal şəkildə yaşamağa icazə verəcək. Hazırda sözügedən insanlar yalnız müvəqqəti yaşama sənədi ilə Rusiyada qalmaq hüququna malikdir.

Təkliflər artıq Daxili İşlər Nazirliyi tərəfindən verilib. Rusiyada yaşayan müxtəlif vətəndaşlar üçün yeni imkanlar yaratmaq hökumətin diqqət yetirdiyi məqamlardandır. Məlumdur ki, Rusiyada xeyli sayda azərbaycanlılar da yaşayır. Çox zaman müvəqqəti yaşama sənədi olan həmvətənlərimiz bəzi hallarda problemlərlə də üzləşirdilər. Görünür, artıq bu əngəllər aradan qalxmaq üzrədir.

Rusiya hökümətinin sənədsizliklə mübarizə kampaniyası çərçivəsində müvafiq addımlar atdığını deyən Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov "Şərq”ə bildirib ki, bu kimi addımların atılması bir sıra problemlərə son qoya bilər: "BMT-nin Qaçqınlar üzrə ali komissarlığının "Sənədsizliyə son” deyilən bir proqramı var. Rusiya ərazisində uzun müddət yaşayan insanlar var ki, onların sənədləri köhnəlmiş və etibarsızdır, ya da ümumiyyətlə sənədləri yoxdur. Təbii ki, bu insanların əmək və təhsil hüququ ilə bağlı məsələlərdə müəyyən problemləri yaranır. Baxmayaraq ki, həmin insanlar uzun müddətdir Rusiyada yaşayırlar. Ona görə də istənilən adamın şəxsiyyətini təsdiq edən sənədin olması mütləqdir. Rusiyada yaşayan sənədsiz şəxslərin də şəxsiyyətini bildirən sənədin qəbul olunması lazımdır. O zaman Rusiya ərazisində olarkən həmin şəxslərin normal şəkildə statusları müəyyən edilir. Beləliklə həmin şəxslər cəmiyyətin müxtəlif müstəviləri və sahələrində hüquq və azadlıqları ilə bağlı zəruri addım atmaq imkanı qazanır. Təbii ki, sənədlər olmayanda bunu etmək olduqca problemli məsələdir. Bilmirəm Rusiyada sənədsiz şəxslərin sayı nə qədərdir, böyük ehtimalla həmin insanlar arasında vaxtilə Azərbaycanda yaşamış, sonradan Rusiyaya köçmüş şəxslər var. Bu insanlar hökumətin verdiyi imkandan yararlana və sənədsizliklə bağlı əngəllərə son qoya bilərlər”.

Yeganə Bayramova