Rusiyadan “böyük köç” gözləməyin!

“Soydaşlarımız bütün situasiyalar üçün bir vasitə, çıxış yolu tapır, sanksiyalardan yayına bilir”



Rusiyada əməkçi miqrantlarla bağlı şərtlər yenə sərtləşdirilir. Bu ölkənin Daxili İşlər Nazirliyi İnzibati Xətalar Məcəlləsinə əcnəbi vətəndaşların qanunsuz işə götürülməsinə görə cəzaların sərtləşdirilməsi ilə bağlı dəyişiklik nəzərdə tutan qanun layihəsi hazırlayıb.

Qanun layihəsində əcnəbi vətəndaşlar, vətəndaşlığı olmayanlar, eləcə də işəgötürənlərin əmək və ya mülki-hüquqi müqaviləsiz əmək fəaliyyətinə görə məsuliyyətin artırılması təklif edilir. Qanun layihəsi təsdiqlənərsə, müqaviləsiz əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər 2 mindən 5 min rubladək cərimə ediləcək və ölkə ərazisindən çıxarılacaq. İşəgötürənləri isə daha ağır - 25 mindən 50 min rubladək cərimə gözləyir.

Bu nədir - soydaşlarımızın Rusiya bazarlarından növbəti dəfə sıxışdırılıb çıxardılması cəhdimi?
Rusiyada minlərlə soydaşımızın əməkçi miqrant kimi çalışdığı nəzərə alınarsa, yeni qanun layihəsinin yaxşı heç nə vəd etmədiyini söyləmək mümkündürmü?

Miqrasiya məsələləri üzrə mütəxəssis Azər Allahverənov "Şərq”ə açıqlamasında soydaşlarımızın bu dəfə də, cəzalardan yayına biləcəyinə əmin olduğunu söylədi:

- Etiraf edək ki, Rusiyada əməkçi miqrantların hamısı qanunla oturub-durmur. Əməkçi miqrantlar əmək patenti almamağa üstünlük verir. Bunun üçün bir sıra darıxdırıcı prosedurlardan keçmək tələb olunur; sənədlər hazırlamaq, tibbi arayış almaq və s. Ona görə də qeyri-qanuni əmək fəaliyyəti ilə məşğul olmağa üstünlük verirlər. O cümlədən də soydaşlarımız. Rusiya hökuməti də bunu bilərək qanunların sərtləşdirilməsi istiqamətini tutur. Əməkçi miqrantlar və əcnəbilərin qeyri-qanuni əməyə cəlb edilməsinə qarşı qanunların sərtləşdirilməsi qanunsuz miqrasiya ilə mübarizənin bir hissəsidir. Dünənədək cərimə məbləğləri aşağı idi. Amma indi cərimələrin miqdarı qaldırılır. Burada da əsas hədəf işəgötürüənlərdir. Hesab edirəm ki, dünənədək əməkçi miqrantları qanunsuz işlədib gəlir əldə edənlər cərimələrin artan məbləğini gördükdə bu fəaliyyətlərindən əl çəkməli olacaqlar. Çünki cərimə ediləcəkləri təqdirdə gəlirlərinin tutumlu bir hissəsini itirməli olacaqlar. Yaxşısı budur, qanuni tələblərə əməl etsinlər. Yəni, yeni qanun layihəsi bilavasitə işəgötürənlərə hesablanıb. Azərbaycanda da qeyri-qanuni əmək fəaliyyətinə görə cərimələrin miqdarı yüksəkdir. Təxminən 15-20 min manat arasında. Fikir verirsinizsə, son illər qeyri-qanuni əmək fəaliyyətinə görə məsuliyyətə cəlbetmə faktları çox azdır. Qanunların sərtləşdirilməsi, müəyyən hallarda işin xeyrinə olur.

Qaldı ki, qaydaların sərtləşməsinin soydaşlarımıza təsirinə, A.Allahverənov hesab edir ki, təhlükəli tendensiyanı gözləmək lazım deyil:

- Belə qanun dəyişiklikləri, qaydaların sərtləşdirilməsi, cərimələrin artırılması halları həmişə olub. Yadınızdadırsa, 2006-cı ildə Rusiyanın o zamankı baş naziri Mixail Fradkov əcnəbilərin spirtli içki satışı ilə məşğul olmasını, sonra isə ümumiyyətlə, piştaxta arxasında dayanıb satıcılıq etməsini qadağan edən sərəncam imzalamışdı. Nəticə nə oldu? Soydaşlarımız bazarlardakı piştaxtalarını bir müddət rus xalqının nümayəndələrinin adına sənədləşdirdilər. Özləri birbaşa piştaxta arxasında dayanmırdı, kənardan idarə edirdilər. Yəni, soydaşlarımız bütün situasiyalar üçün bir vasitə, çıxış yolu tapır, sanksiyalardan yayına bilir. Mən həmişə demişəm ki, Rusiyadan "böyük köç” gözləməyin. Bu, olmayacaq. Rusiyada əmək fəaliyyəti ilə məşğul olan soydaşlarımızın sayı təxminən 500 mindir. Uşaqları da nəzərə alsaq, yerdə qalır, hardasa 400 min. Rusiyadan yalnız o halda "böyük köç” başlaya bilər, əgər etnik zəmində hansısa qərar qəbul edilsə. Bu isə ümumiyyətlə, real görünmür. Hansısa siyasətçinin bəzən kütləyə, bəzən seçkilərə hesablanmış çıxışları önəmli deyil. Rusiyada əcnəbilərin əməyinə ehtiyac var.

Məlahət Rzayeva