Rusiyanın yeni raket hazırlamasına azərbaycanlı deputatdan REAKSİYA

Asim Mollazadə:"Dünyada supergücə çevrilməyin yeganə yolu insan amilinə dayanmaqdır. Yaxşı olardı ki, bu vəsaitlər dağıdıcı silahlara deyil, Rusiya vətəndaşının inkişafına yönəldilsin”
"Rusiya gəlirlərinin böyük hissəsini hərbi sahəyə yönəltməklə digər sahələrin inkişafının qarşısını alır”.
Bu barədə "Sherg.az”a Rusiyanın dünyanın heç bir ölkəsində olmayan yeni raket silahı hazırlamasından danışarkən millət vəkili Asim Mollazadə bildirib.
O diqqətə çatdırıb ki, hərb sahəsinə diqqət ayırmaqla Rusiya sosial rifaha, ölkənin infrastrukturuna, səhiyyə, təhsil sahəsinə diqqətini zəiflədir:
"Düşünürəm ki, dünyada supergücə çevrilməyin yeganə yolu insan amilinə dayanmaqdır. Yaxşı olardı ki, bu vəsaitlər dağıdıcı silahlara deyil, Rusiya vətəndaşının inkişafına yönəldilsin”.
Qeyd edək ki, Putinin sözlərinə görə, 2017-ci ilin sonunda Rusiya Federasiyasının mərkəzi poliqonunda nüvə enerjisi qurğusuna malik ən yeni qanadlı raketin uğurlu sınağı keçirilib.
"Uçuş zamanı nüvə enerjisi qurğusu nəzərdə tutulan gücə çataraq lazımi dartma gücünü təmin etdi. Raketin buraxılışı və yerdə kompleks sınaqlar prinsipial baxımdan yeni silah növünə keçməyə imkan verir: nüvə enerjisi qurğusu ilə təchiz edilmiş strateji nüvə silahı kompleksi... Dünyada belə bir şey yoxdur”, - deyə V. Putin vurğulayıb.
Aysel Aslan