"Hesab etmirəm ki, Mixeil Saakaşvilinin Ukraynada prezident seçilmək şansı yüksəkdir”.
Bunu "Sherg.az”a politoloq Elxan Şahinoğlu deyib. O vurğulayıb ki, Saakaşvili müxalifətin əlinə işləyib, camaatın dəstəyini qazanmaq istəyir:
"Amma Ukrayna vətəndaşları başqa ölkənin vətəndaşını hər halda prezident seçməzlər. Reytinqləri də o qədər böyük deyil. Dünənki hadisə əslində Saakaşvilinin tərəfdarlarını da qorxutdu. Çünki mitinq gedən məqamda birdən-birə inqilabçılar kimi binanı tutmağa cəhd etdilər. Həmin binada isə uşaqlar şənlik keçirirdi. Bu hadisə onun imicinə də təsir etdi. 5-10 min tərəfdarın olması geniş kütlənin etiraz etdiyi anlamına gəlmir. Saakaşvilinin reytinqi də 3-5 faiz arasındadır. O uzaqbaşı parlament seçkilərində iştirak edib, partiyasına səs qazandıra bilər. Hətta onun baş nazir seçilməsi şansını da gözləmirəm”.
E.Şahinoğlu onu da əlavə edib ki, Qərb həm Pyotr Poroşenkoya, həm də Mixail Saakaşviliyə dəstək verir:"Amma sözsüz ki, bundan sonra hansı güclü olsa, onu dəstəkləyəcəklər. Saakaşvilinin etdiklərinə güclü dəstək olduğunu da güman etmirəm. Onun tərəfdar qrupu kütlələr olsaydı, mitinqinə minlərlə insan qatılsaydı, Qərbin mövqeyi Saakaşvilinin xeyrinə dəyişə bilərdi. Amma indiki halda daha çox dəstək Poroşenkoyadır”.
Qeyd edək ki, ötən gün Gürcüstanın sabiq prezidenti, Yeni Qüvvələr Hərəkatı Partiyasının lideri Mixeil Saakaşvilinin tərəfdarları Kiyevin mərkəzində yerləşən Oktyabr sarayına hücum çəkib.
Saakaşvilinin tərəfdarları Milli Qvardiyanın hərbçilərinin müqavimətini qırıb, Oktyabr sarayının giriş qapısını sındıraraq saraya daxil olublar. Milli Qvardiya əməkdaşları aksiyaçılara yanğınsöndürmə vasitələri ilə müdaxilə etmək istəsələr də, bu, nəticəsiz qalıb.
Aysel Aslan