"Saakaşvili Gürcüstana qayıtmalı olacaq" - PROQNOZ

"Saakaşvilini dünyada Gürcüstanın sabiq prezidenti kimi qiymətləndirirlər. O bu obrazda daha uğurlu görünür"



"Mixail Saakaşvilinin indiki dövrdəki missiyası sual doğurur”.

Bu barədə "Sherg.az”a Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilinin Ukraynanı tərk etməsindən danışarkən politoloq Tofiq Abbasov bildirib. 

O, qeyd edib ki, Ukrayna inqilabi meydana çevrilib:

"Bu cəmiyyətdə bir neçə yeni texnologiya sınaqdan keçirilib. Saakaşvilinin missiyasına "inqilabi desant” kimi baxıram. Saakaşvili və onun ətrafında olan adamlar özlərini yeni dövrün demokratik rəngli inqilablarının əsas qüvvəsi kimi qələmə verirlər. Saakaşvili Ukrayna və Polşa arasında hərəkət edir. Bu da təsadüfi deyil. Polşa Amerika və Avropa İttifaqının razılığı ilə postsovet məkanındakı inqilabi proseslərə məsuliyyəti boynuna götürmüş dövlətdir. Hesab edirəm ki, Mixail Saakaşvili yavaş-yavaş vətənə dönmək haqqında düşünür. Son bəyanatlarında da bu barədə mesajlarını səsləndirib.

Saakaşvilini dünyada Gürcüstanın sabiq prezidenti kimi qiymətləndirirlər. O bu obrazda daha uğurlu görünür. Bundan sonra onun yolunun Ukraynaya bağlanacağını düşünmürəm. Güman ki, Saakaşvili vətəninə - Gürcüstana qayıtmalı olacaq.

Qeyd edək ki, Mixeil Saakaşvili Polşa ərazisindədir. Məlumata görə, M.Saakaşvili deportasiya yox, readmissiya edildiyi bildirilir. Readmissiya hər hansı bir dövlətin ərazisində qanunsuz olan əcnəbinin öz mənşə ölkəsinə və ya tranzit ölkə kimi istifadə etdiyi ölkəyə qaytarılmasıdır.

Xatırladaq ki, sentyabrın 10-da Mixeil Saakaşvili Polşa-Ukrayna sərhədini keçib. Bundan əvvəl M. Saakaşvili ABŞ-da olarkən Ukrayna prezidenti Petro Poroşenko M. Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum edib.

Aysel Aslan