Saakaşvili idarə olunur

Qərb və Rusiya Poroşenkonun hakimiyyətdən getməsinə razılıq verib


Ötən gün Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Polşa-Ukrayna sərhədini keçərək Lvov şəhərinə gəlib. Saakaşvili ABŞ-da olarkən Ukrayna Prezidenti Pyotr Poroşenko Saakaşvilini ölkə vətəndaşlığından məhrum edib. Qərar Saakaşvilinin Ukrayna vətəndaşlığı alarkən qeyri-dəqiq məlumatlar təqdim edilməsi ilə əsaslandırılıb. Eks-qubernator qərarın siyasi olduğunu və tezliklə Ukraynaya qayıdacağını bəyan etmişdi. Çoxları buna inanmasa da, Saakaşvili verdiyi sözə əməl etdi...

Geri dönüş...

Saakaşvili Ukraynaya qatarla getməyi planlaşdırırdı, lakin buna imkan vermədilər. Sentyabrın 9-da Saakaşvili elan etdi ki, Polşadan Ukraynaya yola düşür: "Vəssalam, biz Krakovesə, Ukraynaya yola düşürük”. Başlanğıc üçün ona buraxılış məntəqəsinə çatmaq lazım idi. Sərhədə qədər Kiyevə yönələn "İntersiti” qatarı ilə getməyə qərar verdi. 


Polşanın Peremışl bölgəsində qatar saxlanıldı və elan edildi ki, içəridə Ukrayna ərazisinə girişi məhdudlaşdırılan şəxs olduğu üçün qatar buraxılmayacaq. Siyasətçinin tərəfdarları maşinistin kabinasına yaxınlaşaraq, qatarı hərəkətə gətirməyi tələb etdilər. Lakin o, müdiriyyətin əmri olmadan bunu əsla edə bilməyəcəyini dedi. Polşa Xarici İşlər Nazirliyinin nümayəndələri Kiyevə zəng edərək qatarı buraxmağı və artıq orada vətəndaşlıq məsələsini aydınlaşdırmağı təklif etdi, lakin bu da uğursuz oldu. Saakaşvili sərhədə doğru avtobusla yola düşdü. Keçmiş qubernatorun avtobusu Polşa buraxılış məntəqəsini asanlıqla keçdi. Lakin Ukraynanın "Şeqini” buraxılış məntəqəsində güc strukturları yolu kəsdilər. Elan etdilər ki, buraxılış məntəqəsi minalanıb. Saakaşvilinin tərəfdarları onu sərhəddə qarşıladılar. Hərbçilərlə qarşıdurmadan sonra barrikadalar açıldı və Saakaşvili tərəfdarları ilə birlikdə sərhəd məntəqəsini keçdi.

Saakaşviliyə qarşı cinayət işi açılıb

Gürcüstanın sabiq prezidenti Ukraynaya daxil olduqdan sonra ona cinayət işi açılıb. Ukrayna polisinin "Tvitter” səhifəsində bildirilib ki, cinayət işi "dövlət sərhədini qanunsuz olaraq keçmə” maddəsi ilə açılıb. Eks-qubernatorun həbs edilib-edilməyəcəyi isə hələlik bəlli deyil. Görünür, hakim qüvvələr bir qədər tərəddüd içindədir. Ukrayna Prezidenti Pyotr Poroşenko Mixail Saakaşvili və tərəfdarlarının sərhədi yarıb keçməsini cinayət adlandırıb: "Bu insidentin heç bir siyasi şərhə ehtiyacı yoxdur”.

"Saakaşvilinin sərhədi zorla keçməsi dövlətçiliyə qarşı hücumdur”

Ukraynanın Baş naziri Vladimir Qroysman deyib ki, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin Ukrayna sərhədini zorla keçməsi dövlətçiliyə qarşı hücumdur. Onun sözlərinə görə, Ukrayna sərhədini zorakılıqla keçməyə çalışan şəxslər məsuliyyətə cəlb olunmalıdır. Ukraynanın daxili işlər naziri Arsen Avakov isə Mixail Saakaşvilinin Polşa-Ukrayna sərhədini keçməsini Donbasda silahlı münaqişənin başlaması ilə müqayisə edib. 

Nazir vəziyyəti 2014-cü ildə rus separatçılarının Ukrayna-Rusiya sərhədində dövlət binalarını ələ keçirməsi ilə müzakirə edib: "Mən sərhədçiləri əzib cəzasızlıqdan sərxoş olaraq qaçan kütlənin kadrlarına baxanda 2014-cü ildə İzvarino sərhəd zastavasını xatırladım. Bağışlayın məni, bu analogiyanı gətirmək mənim üçün çox ağrılıdır, ancaq dejavu çox aydındır”. O deyib ki, sərhədi qanunsuz keçən Saakaşvili dərhal iki variantdan birini seçməlidir: "Şeqini” sərhəd-buraxılış məntəqəsinə, yaxud miqrasiya xidmətinə gələrək qeydiyyatdan keçməlidir.


Saakaşvili: "Ukrayna polisi pasportumu oğurlayıb”

Mixail Saakaşvili Ukraynada yeni mətbuat konfransı keçirib. Siyasətçi Ukrayna polisini onun pasportunu oğurlamaqda ittiham edib: "Dünən Polşa sərhədini leqal Ukrayna pasportu ilə keçdim. İnsanlar məni əllərinin üstündə Ukraynaya aparan zaman pasportum avtobusda qalmışdı. Dərhal avtobusda axtarış aparan ukraynalı polislər onu oğurlayıb”. O, sərhədi keçdiyinə görə özünü cinayətkar saymadığını da vurğulayıb.

Saakaşvili Poroşenkonu devirəcək?

Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin Ukraynaya qayıdışı Kiyevdə geniş əks-sədaya səbəb olub. Bəzi ekspertlər Poroşenkonun Saakaşvili tərəfindən devrilə biləcəyindən yazıb. Ukraynalı ekspert Aleksey Qavrilyuk deyib ki, bu situasiya Poroşenkonun devrilməsinə yol aça bilər: "Çətin ki, Saakaşvili Ukrayna prezidenti olsun, buna çoxları razı olmaz. Amma bir vasitə, bir güc mexanizmi kimi ondan geniş istifadə olunacaq”. Müasir Dövlətlər İnstitutunun rəhbəri Aleksey Martınov isə Poroşenkonun Yuliya Timoşenko tərəfindən əvəzlənəcəyinə inanır: "Bu hadisələr Vaşinqtondan idarə olunur. Yoxsa Saakaşvili Ukraynaya dönə bilməzdi. İstənilən halda Timoşenko Poroşenkonu əvəz edəcək real namizəddir”. Ekspertlərin fikrincə, Ukrayna hakimiyyətinin Mixail Saakaşviliyə qarşı effektiv mübarizə atmaq üçün təsir rıçaqları yoxdur.

"Qərb və Rusiya Poroşenkonun hakimiyyətdən getməsinə razılıq verib”

Məsələni "Şərq”ə dəyərləndirən politoloq Azər Rəşidoğlu deyib ki, Saakaşvili - Timoşenko tandemi "şokolad kralı” olan Poroşenko hakimiyyətini silkələyəcək: "Saakaşvili həbs edilərsə, bu, rəsmi Kiyevə ciddi problem yarada bilər. Görünən budur ki, Qərb və Rusiya Poroşenkonun hakimiyyətdən getməsinə razılıq verib. Bunun nə zaman baş verəcəyi zamanın məsələsidir”. Siyasi ekspert Natiq Miri də bildirib ki, o, mətbuata Saakaşvilinin əlini-qolunu sallayaraq Ukraynaya qayıdacağını dəfələrlə söyləmişdi: "Bu fikrə skeptik yanaşanlar olmuşdu. Amma gürcü siyasətçi Ukraynaya döndü və bu dönüş bir çox proseslərin yenidən dönməsinə yol açdı. Artıq bundan sonra hadisələr maraq və istəklərə baxmayaraq bir növ zəncirvari reaksiya kimi intensivləşəcək. Bu, həm də regionda yeni bir dönəmin başlanmasına işarə və stimul olacaq”.

İsmayıl