Dövlət şəhid ailələri, Qarabağ əlilləri və məcburi köçkünlərin mənzil-məişət problemlərinin həllində neqativ halları tam aradan qaldırılması istiqamətində ciddi addımlar atır. Bu günə qədər 290 minədək köçkün yeni evlərlə, mənzillərlə təmin edilib. Bu il 20 min köçkün (5800 ailə), ötən il 12 min köçkün yeni evlərlə təmin olunub. 2017-ci il ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərdən və şəhid ailələrindən 315 nəfər mənzil və fərdi evlə təmin ediliblər.
Prezident İlham Əliyevin 2 avqust 2018-ci il tarixli Sərəncamı ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 2018-ci ildə əlavə olaraq minimum 300 mənzilin alınması üçün 20 milyon manat vəsait ayrılıb. Bu da 2018-ci ildə Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə verilməsi nəzərdə tutulan mənzillərin sayının 2,4 dəfə artırılmasına, imkan yaradıb. Bu il 626 şəhid ailəsinə, Qarabağ müharibəsi əlillərinə dövlət tərəfindən mənzillər verilib və gələn il ən azı 800 mənzil veriləcəkdir. Qarabağ müharibəsi əlillərinə dövlət tərəfindən minik avtomobilləri ilə təmin olunurlar.
İctimaiyyət nümayəndələri də dövlət tərəfindən qaçqın və məcburi köçkünlərə göstərilən qayğını yüksək dəyərləndirirlər. Sabiq millət vəkili, əslən Qarabağ bölgəsindən olan Həvva Məmmədova "Sherg.az”a açıqlamasında bildirib ki, ölkə başçısının imzaladığı bütün fərman və sərəncamlarda ilk növbədə qaçqınların və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması ön planda durur:
"Ölkə başçısı 2003-cü ildə prezident seçiləndə onun ilk çıxışlarından biri ondan ibarət idi ki, tezliklə bütün çadır düşərgəsi ləğv olunacaq. Bütün bu deyilənlərə əməl edildi. Bu gün bir nəfər də olsun çadırda yaşayan yoxdur. Hazırda ölkəmizdə 100-dən artıq yeni qəsəbə tikilib istifadəyə verilib. Köçkün əhalinin bütün şəraiti yaxşılaşdırılıb, onların övladları ödənişli ali məktəblərdə pulsuz təhsil alırlar.
Heç bir ölkədə məcburi köçkünlərə belə gözəl şərait yaradılmır. Prezidentin məcburi köçkünlərə, şəhid ailələrinə göstərdiyi diqqət və qayğı qiymətləndirilməlidir. Bu gün yalnız Bakı şəhərində yataqxanalarda yaşayanlar qalıb. Onlar da yeni ilə qədər mənzillərə köçürüləcəklər.
Bütün bayramlarda dövlət məmurları ilk olaraq qaçqın və məcburi köçkünləri sevindirirlər. Heç bir ölkədə qaçqın və məcburi köçkün ailəsinin üzünün gülməsinə, onların yeni mənzillə təmin olunmasına rast gələ bilmərik. Bu, yalnız Azərbaycan prezidentinin sosial qayğıya ehtiyacı olanlara göstərdiyi böyük diqqətin nümunəsidir”.
Yeganə Bayramova