Sabiq nazir: "Azərbaycanın Davos Forumunda bütün dünyaya deyə biləcəyi söz var"



"Hər ilin əvvəlində İsveçrənin Davos şəhərində keçirilən Beynəlxalq İqtisadi Forum bir növ dünya ölkələrinin və dünyanın iri şirkətlərin rəhbərlərinin məmuniyyətlə bir araya gəldiyi bir tədbirə çevrilib. Bu forumda çoxsaylı tədbirlər, görüşlər, müzakirələr nəticəsində iş adamları, investorlar bir birləri ilə gələcək səmərəli fəaliyyət yollarını arayıb, ən əlverişli olanların üzərində seçim etmək imkanları əldə edirlər”. 

Bunu "Sherg.az"a "Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, sabiq nazir, professor Fikrət Yusifov Prezident İlham Əliyevin Davosda Dünya İqtisadi Forumunda iştirakı və forum çərçivəsində bir sıra mühüm görüşlər keçirməsinə münasibət bildirərkən söyləyib.

Professorun sözlərinə görə, bu müstəvi eyni zamanda ölkə və hökumət rəhbərlərinə öz ölkəsinə investisiya axınına yol açmaq üçün bir meydana çevrilib: 

"Azərbaycan Prezidenti hər il Davos İqtisadi Forumunda məmuniyyətlə iştirak edir. Çünki Azərbaycanın bu Forumda bütün dünyaya deyə biləcəyi söz var. Bu söz ilk növbədə son illər ərzində ölkəmizdə yaradılmış və xarici sərmayələr üçün kifayət qədər münbit olan biznes mühiti haqqındadır. Bu səbəbdən də Prezident İqtisadi Forumda müxtəlif səviyyədən olan görüşləri məmuniyyətlə keçirərək, Azərbaycan naminə öz fəaliyyətinin davam etdirir. Bəzən hansısa bir şirkətin rəbərini və hətta onun müavinini qəbul etməklə, Prezident ölkəmizin reallıqlarını bu yolla hər kəsə çatdırmaq və hər görüşdən Azərbaycan üçün nəsə əldə etmək istəyini reallaşdırır. Azərbaycanda bütün məmurlar prezidentin bu səviyyədəki əzmkarlığından, mübarizliyindən nümunə götürə bilsəydilər – biz iqtisadiyyatın bütün sahələrində indikindən daha yüksək nəticələr əldə etmiş olardıq. Prezident bu nümunələri sərgilədikcə yanlış yol tutan məmurlara dəfələrlə xəbərdarlıq edib. Son illərdə bu çağrışlara cavab verməyən bir çox məmurun aqibəti hər kəsin gözü qabağındadır. Gərək ki, yüksək vəzifələrə yeni təyin olunanlar və hələ ki, etimad göstərilən məmurlar bu baş verənlərdən nəticələr çıxarsınlar. Əks halda onlar da eyni aqibəti yaşamalı olacaqlar. Çünki Prezidentin bu məsələlərdə mövqeyi dönməzdir. O bunu dəfələrlə nünayiş etdirib. Onun "Heç kim toxunulmaz ola bilməz” devizindən sonra, cəmiyyətin "toxunulmaz” kimi tanıdığı məmurların aqibətini yada salmaq kifayət edər”.

F. Yusifovun sözlərinə görə, Prezidentin Davosda Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə keçirdiyi görüş xüsusi əhəmiyyət kəsb edir. Çünki bu görüşdə Azərbaycan Hökuməti ilə Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında əməkdaşlığın təməli qoylan addım atılıb: 

"Azərbaycanla Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında əməkdaşlıq sazişinin təntənəli mübadiləsi həyata keçirildi. Müasir dövrdə dördüncü sənaye inqlabı ilə ayaqlaşmadan, onun nəticələrinin ölkənin iqtisadi müstəvisinə gətirmədən, hər hansı bir ölkənin iqtisadi tərəqqi əldə etməsi mümkün deyil. Bu artıq reallıqdır. İnkişaf etmiş ölkələrin bu sahədəki uğurları göz qabağındadır. İndi bu yolda onlarla ayaqlaşmağı bacaracaq inkişaf etməkdə olan hər bir ölkə, gələcək iqtisadiyyatının uğurlu təməlini indidən formalaşdırmış olacaq. Azərbaycan Prezdenti bunun fərqindədir. O, bu naliyyətlərin tezliklə ölkənin iqtisadi sferasında işləməsinin nə demək olduğunu çox yaxşı bilir. Bu səbəbdən də Prezidentin bu məsələdə mövqeyi olduqca ciddidir.
Yanvarın 22-də Davosda Dünya İqtisadi Forumu çərçivəsində "Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” mövzusunda keçirilən sessiyada Prezident ona ünvanlanan sualları cavblandıraraq Azərbaycanda aparılan iqtisadi siyasətin mahiyyətini açmaqla ölkəmizin yaxın və uzaq perspektiv üçün iqtisadi strategiyasının əsas məqamlarını da diqqətlərə çatdırdı. Bir sözlə, hər dəfə olduğu kimi bu dəfə də Azərbaycan Prezidentinin başçılığı ilə Dünya İqtisadi Forumunda aparılan işlər Azərbaycan iqtisadiyyatına yeni xarici sərmayələrin cəlb edilməsinə yol açacaqdır”.

Şəymən