Sabiq nazir Jirinovski ilə dil tapmağın yolunu GÖSTƏRDİ

"Ona qonaqlıq vermək lazımdır ki, xeyrimizə danışsın"


" Vladimir Jirinovskinin dediklərini ciddi qəbul etmək lazım deyil". 

Bu barədə Sherg.az-a Dövlət Dumasının sədr müavini V. Jirinovskinin "Azərbayan olmayacaq, olacaq Bakı quberniyası" iddiasına münasibət bildirərkən sabiq təhsil naziri Firudin Cəlilov bildirib. 

O qeyd edib ki, V. Jirinovski vaxtaşırı bu cür bəyanatlar verir:

"Yadınızdadırsa bir il və ya il yarım bundan öncə o, Bakıya səfər etmişdi. Ona ölkəmizdə qonaqlıq verdilər. Getdi bir neçə ay Azərbaycanı təriflədi ki, Azərbaycan yaxşı ölkədir. Deməli, bu adamla dil tapmağın yolu var. Ona qonaqlıq vermək lazımdır ki, xeyrimizə danışsın. Burada böyük problem yoxdur".

Qeyd edək ki, bu günlərdə V. Jirinovski müsahibələrinin birində keçmiş SSRİ sərhədlərinin bərpa ediləcəyi halda Qarabağ probleminin də "öz-özünə həll olunacağını” deyib: "Budur, Qarabağ. Onlar heç vaxt bu məsələni həll edə bilməyəcəklər. Ermənistanla Azərbaycan arasında daim müharibə olacaq. Ancaq biz onların hamısını götürəndə nə Qarabağ olacaq, nə Azərbaycan. Olacaq Bakı quberniyası, İrəvan quberniyası, Tiflis quberniyası, Kutaisi quberniyası, çarın vaxtındakı kimi”.

Ayyət Əhməd