"Lavrovun Bakı səfəri onu göstərdi ki, bu adam Rusiyanın maraqlarını müdafiə etmir. O, Rusiya rəhbərliyinin ən böyük səhvidir"
Sabiq XİN başçısından sərt PROQNOZ: "Bu, Lavrovun Azərbaycana son səfəri idi" - Müsahibə
Tofiq Zülfüqarov: "Lavrov Rusiyanın XİN başçısı olduğu müddətdə Dağlıq Qarabağ münaqişəsində irəliləyişin müşahidə olunacağını proqnozlaşdırmaq çətindir"
"Lavrovun Bakı səfəri onu göstərdi ki, bu adam Rusiyanın maraqlarını müdafiə etmir. O, Rusiya rəhbərliyinin ən böyük səhvidir"
"Lavrovun Bakı səfəri onu göstərdi ki, bu adam Rusiyanın maraqlarını müdafiə etmir. O, Rusiya rəhbərliyinin ən böyük səhvidir"
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun "Sherg.az"a müsahibəsini təqdim edirik.
- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Dağlıq Qarabağ münaqişəsini həll edəcək əsas güc Putindir" mesajı ciddi müzakirələrə səbəb olub. Əksər ekspert bu bəyanatı "Türkiyə yaxasını kənara çəkir" kimi dəyərləndirdi. Siz necə düşünürsünüz?
- R.T.Ərdoğanın siyasətinin əsasında, bünövrəsində hansı məsələlərin dayandığını yaxşı dərk etmək lazımdır. Danışıqlar nəticə vermir. 2016-cı ilin aprel döyüşləri göstərdi ki, bu konflikt yenidən alovlanıb, irimiqyaslı hərbi əməliyyatlara gətirib çıxara bilər. Ermənilərin mövqeyinə fikir versəniz görərsiniz ki, onlar bu və ya digər vasitələrlə Rusiyanı baş verəcək müharibəyə cəlb etmək istəyirlər. Bu istiqamətdə müxtəlif addımlar atırlar. Hərbi əməkdaşlığa və ya silah alqı-satqısına dair yeni müqavilələr imzalayırlar. Bu da onu göstərir ki, artıq separatçı ölkə Azərbaycanın qarşısında təkbaşına tab gətirə bilməyəcəyini etiraf edir. Öz zəiflikləri və gücsüzlüklərini ört-basdır etmək üçün Rusiyanı müxtəlif yollarla müharibəyə cəlb etməyə çalışırlar. Mən məntiq göstərdim.
- Rusiya Ermənistanın bu hiyləsini, istəyini gerçəkləşdirə bilərmi?
- Müharibə baş verərsə, bu, yalnız iki ölkənin ərazisini -Azərbaycan və Ermənistanı əhatə edəcək. O cümlədən Azərbaycan müdafiə naziri səviyyəsində səslənən fikirlərdən biri də odur ki, Ermənistan dinc əhaliyə zərbə endirsə, Azərbaycan istənilən məqamda onlara zərbə vura bilər. Bu məsələ Naxçıvan faktorunu da ortaya çıxarır. Bilirik ki, beynəlxalq müqavilələr əsasında Türkiyə Naxçıvanın təhlükəsizliyinin təminatçısıdır. Bu baxımdan işğalçı ölkə Rusiyanın onların təhlükəsizliyinin təminatçısı olmasını istəyirsə, onda bilməlidir ki, Türkiyə də Azərbaycanın böyük bir hissəsinin təhlükəsizliyinin təminatçısıdır. Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatlar başlayarsa, Rusiyanın buna müdaxiləsi sual altındadır, amma Türkiyə birbaşa müdaxilə edəcək.
- Türkiyənin bu təşəbbüsü yalnız Azərbaycanla dostluq, qardaşlıqdanmı irəli gəlir, yoxsa rəsmi Ankaranın da öz maraqları var?
- Türkiyənin fəallığı həm də ondan irəli gəlir ki, onun tam təhlükəsizliyi və eyni zamanda regiondakı dayanıqlı sabitliyin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlılığı var. Türkiyə ona görə fəallıq nümayiş etdirir ki, bu cür təhlükələr mövcuddur və onun qarşısını almaq lazımdır. Əlbəttə, R.T.Ərdoğanın münaqişənin həllində Rusiya Prezidenti Vladimir Putinin adını çəkməsi onu göstərir ki, bu məsələ aktualdır və münaqişə müyyən yollarla çözülməlidir. Yəni V.Putin bu işlə məşğul olmalıdır. Məntiq bundan ibarətdir. Hesab edirəm ki, narahatlığın əsası var və biz onu anlayırıq. Bu mənada Türkiyə məsələnin tənzimlənməsinə çox ciddi önəm verəcək. Sözügedən prosesin öz-özünə bağlanacağını düşünmürəm. Bunu təkcə biz deyil, Rusiya və Qərb də başa düşür. Ona görə, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Türkiyənin rolu getdikcə güclənir və güclənməkdədir.
- Bu günlərdə Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri baş tutdu. Bu səfərdə S.Lavrovun prioritet məqsədi nə idi?
- Bu, çox uğursuz səfər sayılmalıdır. Məlum səfərin münaqişənin həllinə heç bir töhfəsi olmadı. Səsləndirilən bəyanatlar da köhnə bəyanatların təkrarı idi. Ortada heç bir yenilik, irəliləyiş yoxdur. Bu görüşlər imitasiya üçün baş verir. Həmin səfərlə S.Lavrov Qərb və digər oyunçulara göstərmək istəyirdi ki, biz vəziyyəti nəzarət altında saxlayırıq. Prosesə Rusiya monopol şəkildə vasitəçilik edir. Məqsəd yalnız bu siqnalı göndərmək idi. Amma yenə qeyd edirəm ki, səfərin münaqişənin həllinə heç bir müsbət təsiri olmadı. Ümumiyyətlə, düşünürəm ki, Lavrov Rusiyanın XİN başçısı olduğu müddətdə Dağlıq Qarabağ münaqişəsində irəliləyişin müşahidə olunacağını proqnozlaşdırmaq çətindir.
- Niyə?
- Çünki S.Lavrov ermənipərəstdir. Baxın, səfərin digər məqsədi isə Rusiya-Azərbaycan əlaqələrinin inkişafını gücləndirməkdən ibarət idi. Amma çox təəssüf doğuran hal odur ki, bu münasibətlərin inkişafını təbliğ edən şəxs ermənipərəst mövqeyi ilə seçilir. Azərbaycan ictimaiyyəti onu ermənipərəst siyasi xadim kimi qəbul edir. S.Lavrovun Azərbaycana səfəri Rusiyanın maraqlarına ziddir.
- Bunu nə ilə izah edirsiz?
- Fikir verin, əgər Rusiya-Azərbaycan əlaqələrinin gücləndirilməsi qarşıya məqsəd kimi qoyulubsa, ölkəmizə ermənipərəst şəxs göndərilməli deyildi. Çünki Azərbaycan tərəfi əks reaksiya verə bilərdi və verdi də. Bu, Rusiyanın maraqlarına zərbədir.
- Söhbət Rusiyanın hansı maraqlarından gedir, açıqlaya bilərsizmi?
- Rəsmi Moskva üçün regionda irimiqyaslı müharibənin başlaması heç də maraqlı deyil. Rusiya istəmir ki, bu və ya digər şəkildə Ermənistanın istədiyi kimi müharibəyə cəlb olunsun. Ona görə ki, Rusiyanın problemləri çoxdur. Şimal qonşumuza qarşı sanksiyalar tətbiq olunur. Onun üçün müharibə ocağının yenidən alovlanması heç də arzuolunan deyil. Amma Rusiyadakı ermənipərəst qüvvələr konfliktlə bağlı gərginliyin aradan qaldırılması üçün heç bir cəhd göstərmir. Lavrovun Bakı səfəri onu sübut etdi ki, bu adam Rusiyanın maraqlarını müdafiə etmir. Lavrov Qarabağ və digər məsələlərdə şimal qonşumuzun maraqlarını müdafiə etmək üçün yerində olan fiqur deyil. O, Rusiya rəhbərliyinin böyük səhvidir. İstisna etmirəm ki, bu, Lavrovun Azərbaycana son səfəri idi. Gec - tez, Rusiya məcbur qalıb qeyd etdiyim problemləri aradan qaldıracaq.
Söhbətləşdi: Ayyət ƏHMƏD