Sabir Rüstəmxanlı təqdir etdi

"Himni oxumamağa görə məsuliyyətin tələb edilməsi olduqca düzgün yanaşmadır"



Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirilib. Gündəliyə daxil edilən "Azərbaycan Respublikasının Dövlət Gerbi haqqında" və "Azərbaycan Respublikasının Dövlət Himni haqqında” qanun layihələri barədə məlumat verilib.
Qanun layihələri Dövlət Gerbinin istifadəsi qaydalarını, Dövlət Himninin ifa edilməsi, oxunması, dinlənilməsi, istifadəsi hallarını və qaydalarını müəyyən edir. Hər iki qanun layihəsi preambuladan və 9 maddədən ibarətdir. Layihələrdə Dövlət Gerbi və Dövlət himni haqqında ümumi müddəalar, bu sahədə qanunvericilik, müəyyən edilmiş vəzifələr, Dövlət Gerbinin rəngli qabarıq təsvirinin vurulduğu yerlər, Dövlət Gerbinin rəngli təsvirinin istifadəsi, Dövlət Himninin ifa edildiyi hallar, ifaya, dinlənilməyə və istifadəyə dair tələblər, dövlət rəmzlərimizlə əlaqədar məhdudiyyətlər, bu qanunların pozulmasına görə məsuliyyət və yekun müddəalar təsbit edilib.

Yeni layihə ilə bağlı fikirlərini "Şərq”lə bölüşən Vətəndaş Həmrəyliyi Partiyasının sədri, sabiq millət vəkili Sabir Rüstəmxanlı bildirib ki, himni oxumamağa görə məsuliyyətin tələb edilməsi olduqca düzgün yanaşmadır: 

"İllər öncə Milli Məclisdə bu məsələ ilə bağlı öz fikirlərimi bildirmişdim. Heç olmasa, himn səslənən zaman vətəndaşın dodağı tərpənməlidir ki, himni oxuduğu görünsün. Bu mövzuya aid hər zaman geniş müzakirələr gedib. Ona görə də nəhayət, parlamentdə müvafiq qanunlar və maddələr hazırlanır. Belə layihənin olması çox gözəldir”.

Yeganə Bayramova