“ Şah damarını kəsən məktəb direktoru məcburiyyət qarşısında qalıb" - Pul tələb olunub ?







"Məktəb direktorunun intiharına səbəb olan iddiaların həqiqət olub - olmadığı araşdırılmalıdır”.

Bunu "Sherg.az”a Göyçayda baş verən hadisə ilə bağlı danışarkən Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı deyib. 

O vurğulayıb ki, sakinlərin iddiaları təsdiqini taparsa, rüşvət tələb edən qurum və rəhbəri məsuliyyətə cəlb edilməlidir:

"Həmin məktəb direktorunu qınamaq da olmur. Amma belə hadisələrə yol vermək olmaz. Xüsusilə məktəb direktorunun bu addımı atması yaxşı hal deyil. Hər halda həmin şəxs məcburiyyət qarşısında qalıb. Bütün hallarda intiharın çıxış yolu kimi dəyərləndirilməsi yaxşı nümunə deyil”.

Qeyd edək ki, Göyçay şəhər 9 saylı orta məktəbin direktoru, 1961-ci il təvəllüdlü Qəribov Akif Mövsüm oğlu məktəbin qarşısında qolunun şah damarını kəsərək intihara cəhd edib. Çoxlu qan itirməsi səbəbindən huşunu itirən Akif Qəribov təcili yardım stansiyasının avtomobili ilə Göyçay rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə çatdırılıb. Təcili əməliyyat olunan direktorun hazırda vəziyyəti ağır olaraq qalır. Rayon sakinlərinin məlumatına görə, uzun illərdir ki, məktəb direktoru işləyən Akif Qəribov ondan yüksək məbləğdə pul tələb olunduğu üçün və pulu verə bilmədiyinə görə özünə qəsd edib.

Aysel Aslan