“Samur bələdiyyəsində özbaşnalıq olub - 70 hektar torpaq 30 min manata qanunsuz satılıb





Parlamentin bugünkü toplantısında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi müzakirəyə çıxarılıb.

Sherg.az-ın məlumatına görə məruzəni ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim edib. 

O deyib ki, ötən il bələdiyyələrin fəaliyyəti ilə bağlı vətəndaşlardan bir sıra müraciətlər daxil olub: 

"Bu müraciətlərin 50 faizi torpaq məsələləri ilə bağlıdır. Torpaq məsələləri ilə bağlı müraciətlərin 538-i torpaq sahələrinin ayrılmaması, 145 müraciət torpaq sahələrinin sənədləşdirilməməsi, 557 müraciət isə torpaq mübahisələri ilə bağlıdır. Torpaq mübahisələri vətəndaşlarla bələdiyyələr və vətəndaşların öz aralarında olub. Ümumilikdə daxil olan müraciətlərin 126-sı təmin edilib. 27 müraciətlə əlaqədar inzibati araşdırma aparılıb. Bunlardan 9 fakt üzrə xırda nöqsanlar aşkarlanıb, bələdiyyələrə bu nöqsanların aradan qaldırılması üçün tövsiyələr edilib. Üç halda maliyyə pozuntusu aşkarlanıb və həmin vəsaitlərin bərpası təmin olunub. 

Müraciətlər üzrə 18 fakt üzrə çox ciddi pozuntu aşkarlanıb və prokurorluq orqanlarına müraciət edilib. Bələdiyyə aktlarının ekspertizası və müraciətlər də nəzərə alınmaqla, ümumilikdə il ərzində 58 fakt üzrə hüquq-mühafizə orqanlarına müraciət edilib. 12 bələdiyyəyə cinayət işi açılıb. Bu işlərlə bağlı bir məhkəmə qərarı verilib. Ötən il Qusar rayonunun Samur bələdiyyəsində 70 hektar torpağın 30 min manata qanunsuz satılması, torpaqların şübhəli sənədlərlə xüsusi mülkiyyətə verilməsi faktı aşkarlanıb”.

Anar