Etibar Əliyev: “Mənzil məsələsi ilə yanaşı, alimlər üçün digər sosial güzəştlərin tətbiqi üzərində düşünülməlidir”
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə gənc alimləri stimullaşdırmağın vacib olduğunu bildirib. Onun sözlərinə görə, elmin cəmiyyətin inkişafında rolunu artırmaq üçün elm yalnız dövlət büdcəsindən deyil, digər mənbələrdən də maliyyələşməlidir.
AMEA prezidenti qeyd edib ki, əsas məsələlərdən biri gənc alimlərin sosial müdafiəsi ilə bağlıdır: "Elmi əməyin stimullaşdırılması vacibdir. Həyatını yeni quran gənclik üçün bu, xüsusilə əhəmiyyətlidir. Son illər alimlərin əmək haqqının artırılması istiqamətində ardıcıl addımlar atılır. Gənc alimlərin mənzillə təminatı da vacibdir. İlkin olaraq xeyli gənc alimə mənzillərinin açarları təqdim olunub. Saray qəsəbəsində Alimlər şəhərciyi salınması barədə razılıq əldə edilib. Yaxın vaxtlarda orada təməl qoyulacaq. İnanırıq ki, 2020-ci illərdə növbəti mənzillərin açarları gənc alimlərə təqdim ediləcək”.
Gənc alimlərin əməyinin stimullaşdırılmasının sovet dövründə daha çox diqqət mərkəzində olduğunu deyən təhsil üzrə ekspert Etibar Əliyev "Şərq”ə bildirib ki, o zaman elmi işçilər hətta maşın, mənzil növbəsinə yazılırdılar. Ekspertin fikrincə, Azərbaycanda gənc alimlərə sosial güzəştlərin verilməsi onların elmə motivasiyasını gücləndirə bilər:
"Sovet dövründə növbəyə yazılan alimlər müəyyən müddətdən sonra maşınla, mənzillə təmin olunurdular. Demək olar ki, bir neçə nəsil alim həmin xidmətlərdən istifadə etmişdi. Lakin sovetlər dağılandan sonra alimlərin növbəyə dayanmaları, eyni zamanda onlar üçün bir çox sosial güzəştlərin tətbiqi ləğv olundu. Amma indi müəyyən canlanma var və bu da təbiidir. Çünki elm istənilən cəmiyyətin hərəkətverici qüvvəsidir, elmsiz inkişafı təsəvvür etmək mümkün deyil.
Ona görə də bu cür addımların atılması alimlərin daha yaxşı və səmərəli elmlə məşğul olmalarına gətirib çıxara bilər. Lakin burda bir məsələni xüsusilə qeyd etmək lazımdır. Ən mühüm qayğını ölkə başçısı İlham Əliyev göstərdi. Magistr və doktorantlara ordu sıralarına çağırış zamanı möhlət hüququnun verilməsi Prezidentin şəxsi təşəbbüsü ilə həyata keçirildi və bu, elmə öz töhfəsini verəcək. Gənc alimlərin magistraturada və doktoranturada təhsil almaları, elmi tədqiqatlarla məşğul olmaları üçün bu, çox vacib bir addım idi.
Bununla yanaşı, gənc alimlərin elmlər namizədi, fəlsəfə doktoru kimi elmi dərəcələrə yiyələnməsi ölkəmizin dünyada elmi tədqiqatlarının aktivlik indeksinin işlənməsinə gətirib çıxara bilər. Hesab edirəm ki, mənzil məsələsi ilə yanaşı, alimlər üçün digər sosial güzəştlərin tətbiqi üzərində düşünülməlidir.
Hazırda alimlərin istər akademiya, istər universitet sistemində əmək haqqı o qədər də yüksək deyil. Ümumiyyətlə, akademiya sistemində əməkhaqqı çox aşağıdır. Böyük elmi işçi təxminən 300 manata yaxın əməkhaqqı alır. Əgər o, kirayədə yaşayacaqsa, əlbəttə ki, bu pul onun mənzil haqqının ödənilməsinə bəs etməyəcək. Ona görə də bu sahədə addımların atılmasına ehtiyac var. Gənc alimlər üçün bir sıra təşəbbüslərin görülməsi onların ruhlanmasına, elmi fəaliyyətlərinin daha da işıqlanmasına gətirib çıxara bilər”.
Yeganə Bayramova