Qüds kimi, islam ölkələrinin bir toplantısı da Qarabağa həsr oluna bilər
Ermənistan prezidenti Serj Sarkisyan "Armeniya” telekanalına Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesindən danışıb. Sarkisyan deyib ki, proses hazırda iki istiqamətdə davam edir. Onun sözlərinə görə, birinci istiqamət bundan ibarətdir ki, cəbhədə gərginlik azaldılmalı, müəyyən atmosfer inamının yaranması ilə nəticələnəcək araşdırma mexanizmi yaradılmalıdır:
"Mən bir neçə dəfə demişəm. Bir əllə danışıqlar aparmaq, digəri ilə atəş açmaq olmaz. Danışıqlar atəşi sevmir. Bu cür şərtdə hər hansı bir razılığa gəlmək mümkün deyil”. Sarkisyanın sözlərinə görə, insan qurbanları həmişə faciəlidir və həmişə danışıqlar prosesinə əsəbilik gətirir: "Razılığa gəlmək üçün sakit atmosferdə hər bir sözü, hər bir fikri götür-qoy etmək lazımdır”. Məlumdur ki, cəbhə xəttində baş verən bütün təxribatları, gün ərzində yüzlərlə atəşkəs pozuntusu birbaşa işğalçı ermənilər tərəfindən törədilir. O da bəllidir ki, danışıqlar prosesini hər fürsətdə pozan, "cəbhə xəttində gərginlik” və "tərəflərin etimadı” nağılları ilə ümumi sülh prosesindən uzaq duran məhz Ermənistandır. Belə vəziyyətdə Sarkisyanın bu cür uydurma açıqlaması nə məqsəd daşıyır?
Mövzu ilə bağlı "Şərq”ə danışan politoloq Vasif Əfəndiyev deyib ki, Azərbaycanın Dağlıq Qarabağ ərazilərinin işğalı ilə bağlı aparılan danışıqlar 25 ildir ki, nəticəsiz qalıb. Bu səbəbdən Azərbaycan tərəfi mütəmadi olaraq torpaqlarımızın hərbi yolla işğaldan azad edilməsi məsələsini gündəmə gətirməyə məcbur olur:
"Danışıqlar zamanı destruktiv mövqe sərgiləyən Ermənistan hərbi əməliyyatlar daha ciddi fazaya keçdiyi anda dərhal sülhdən danışmağa başlayır. İlk növbədə status-kvonun saxlanması üçün əllərindən gələni edirlər. Ara-sıra lokal atəşkəs pozuntuları isə əslində barışığın əldə olunmasına əngəl törətmək üçündür. Ermənistan prezidenti Serj Sarkisyanın danışıqlar zamanı müsbət nəticə əldə etmək üçün qarşılıqlı etimaddan danışması gözdən pərdə asmaq cəhdidir. Status-kvonun davam etməsi sülh prosesi üçün vacib şərtlərdən biri olsa da, riyakar Ermənistan indiyə qədər bundan yalnız əngəlləyici faktor kimi istifadə edib”.
Politoloq bildirib ki, bütün bunlara baxmayaraq Azərbaycan Dağlıq Qarabağın erməni əhalisinə qarşı sülh danışıqları bitdikdən sonra aqressiyaya əl atmayacağına dair zəmanət verib:
"Ermənistan isə bütün beynəlxalq normaları pozaraq təmas xəttində yaşayan dinc əhaliyə qarşı silah işlətməkdə davam edir. Düşmən rəhbərliyinin bu bəyanatı təşviş və narahatlıq vəziyyətindən çıxış yolu axtarmaq üçündür. Qüdslə bağlı islam ölkələrinin toplantısı Sarkisyanda müəyyən narahatlıq yaradıb. Yaxın zamanlarda belə bir toplantının Qarabağla bağlı keçirilməsi mümkündür. Türkiyənin indiyə qədər bunu niyə etmədiyini sorğulayanlar da var. Lakin reallıq ondan ibarətdir ki, bu qədər islam ölkəsini Qarabağ məsələsi ilə bağlı bir yerə toplamaq heç də asan iş deyil. Cənab Ərdoğan ərəb dünyası ilə bağlı bunu sındırdı. Bundan sonra əgər istək və qətiyyət olarsa, toplantının davamını gətirmək mümkündür. Ermənistanın Avropaya inteqrasiya etməsi üçün tələb olunan şərtlərdən biri də siyasi və hərbi stabillikdir. Sarkisyanın atəşkəsin davam etməsinin istəməsinin səbəblərindən biri də budur”.
İsmayıl