Sarkisyan istefa verdi - Şərhlər

Paşinyan: “Milli Məclis xalqın seçdiyi adamı baş nazir təyin etməlidir”Rusiya və Qərb Ermənistanda yeni lider uğrunda mübarizəyə başlayacaqlar
Ermənistanda iki həftədir davam edən etirazların nəticəsi olaraq ölkənin baş naziri seçilmiş Serj Sarkisyan istefa vermək məcburiyyətində qaldı. Sarkisyan dövlət başçısı kimi sonuncu dəfə xalqa müraciət edərək etirazlara rəhbərlik edən müxalif deputat Nikol Paşinyanın haqlı olduğunu bildirib: "Mən səhv etmişəm. Yaranmış vəziyyətdə bir neçə çıxış yolu var idi. Lakin mən onların heç birinə getmirəm. Ölkənin rəhbəri vəzifəsini tərk edirəm”.
Ermənistan hökuməti tam tərkibdə istefa verdi
Ermənistan prezidenti Armen Sarkisyan ölkə hökuməttinin istefasını qəbul edib. RİA "Novosti” xəbər verir ki, bu məlumatı Ermənistan pezidentinin mətbuat xidməti yayıb.
"Konstitusiyanın 13-cü maddəsinə uyğun olaraq, Ermənistan Respublikası hökumətinin istefası qəbul edilsin”, - prezidentin imzaladığı fərmanda deyilir.
Ermənistanda cəmi 5 gün əvvəl baş nazir postunu tutan keçmiş prezident Serj Sərkisyanın vəzifəsindən qovulması ilə nəticələnən etirazların lideri, deputat Nikol Paşinyan İrəvanın mərkəzi meydanında qələbə mitinqinə toplaşan yüz minlərlə insanın qarşısında çıxış edib. "Bu gündən etibarən Ermənistanda yeni hakimiyyət var”- Paşinyan elan edib.
Nikol Paşinyan ötən gün Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən necə saxlanıldığını danışıb: "MTX-in bir qrup əməkdaşı məni oğurladılar və xəlvəti şəkildə Sevan polis şöbəsinə apardılar, yolda mən onlarla zarafat etdim, anlamadılar. Dedim Serjin hakimiyyəti daha yoxdur, Ermənistanda artıq yeni hakimiyyət var, bu hakimiyyətin adı - Ermənistan xalqıdır”.
Paşinyanın sözlərinə görə, onu əvvəlcə təcridolunmuş vəziyyətdə saxlayırdılar, lakin yüksək vəzifəli şəxslər təcridxanaya baş çəkməyə başlayanda o anlayıb ki, artıq məxməri inqilab baş verib.
"Bu gün (dünən) səhər mənə təklif etdilər ki, Sərkisyanın oktyabrda istefa verməsi ilə razılaşım. Razılaşmadım. İki saat sonra təklif etdilər ki, Sərkisyan bir ay sonra istefa verir, sonra dedilər aprelin 25-ə getməyə hazırdır. Mən bütün bu təklifləri dinlədim və öz tələbimi irəli sürdüm-Serj Sərkisyan iki saat ərzində istefa verməlidir, və belə də oldu”- Paşinyan elan edib.
Nikol Paşinyan deyib ki, onun şərtinə görə, Milli Məclis xalqın seçdiyi adamı baş nazir təyin etməlidir. Bu, iki həftə ərzində baş verəcək. Ondan sonra müvəqqəti hökumət formalaşacaq və növbədənkənar parlament seçkiləri təyin ediləcək.
"Biz dedik ki, Serj Sərkisyanın gedişinin və hakimiyyətin ötürülməsinin şərtlərini müzakirə etməyə hazırıq. Və indi Sərkisyan getdiyinə görə biz çərşənbə günü səhər saar 11-də baş nazirin səlahiyyətlərini icra edən Karen Karapetyanla danışıqları davam etdirəcəyik. Və bu nə qədər tez baş versə o qədər yaxşıdır”- Paşinyan bildirib.
Etiraz hərəkatının lideri əlavə edib ki, inqilab yarımçıq ola bilməz. "Əgər Serj Sərkisyan və onun Respublika partiyası ümid edirsə ki, kölgə idarəçiliyi yarada biləcəklər, mən onları tezliklə bu fikirdən daşınmağa çağırıram. Və bu qələbə birmənalı olaraq tanınmalıdır, şərtlər qoyulmadan”-o deyib.
Xatırladaq ki, Sarkisyanın baş nazir seçilməsi əleyhinə etiraz aksiyaları aprelin 13-dən başlayıb. Sarkisyanın baş nazir postuna "təyinatı” zamanı da etirazlar davam edib. Dünən aksiyalara sülhməramlı hərbiçilər, sənət adamları və deputatlar da qatılıblar. Əslində son 10 ildir Ermənistana rəhbərlik edən Serj Sarkisyanın güclənən etirazlar fonunda hansı addım atacağı maraqla gözlənilirdi. Lakin əksəriyyət onun istefa verəcəyinə ehtimal vermirdi. Bu baxımdan baş nazirin gözlənilmədən vəzifədən getməsi çoxları tərəfindən təəccüblə qarşılandı. Vurğulamaq lazımdır ki, Sarkisyanın istefa barədə bəyanatı hərbiçilərin aksiyalara qoşulmasından və Moskvanın "etirazlar İrəvanın daxili işidir” açıqlamasından sonra gündəmə gəlib.
Sarkisyanın istefasını dəyərləndirən politoloq Elxan Şahinoğlu deyib ki, Ermənistan cəmiyyətinin qatil Serj Sarkisyandan qurtulması bölgədəki durumu dəyişəcək.
Ekspertin sözlərinə görə, Rusiya və Qərb Ermənistanda yeni lider uğrunda mübarizəyə başlayacaqlar: "Yeni gələcək baş nazir Rusiya və Qərb arasında manevr etmək imkanında deyil. Ermənistan Rusiyanın təsir dairəsindədir. Kreml Sarkisyanı qorumaq istəmədi, ancaq bu o demək deyil ki, Ermənistandan imtina etmək fikrindədir. Rusiya Sarkisyanın yerinə öz adamını oturtmağa çalışacaq. Ya da yeni baş naziri "Rusiyasız hərəkət edə bilməzsən” reallığını qəbul etdirməyə çalışacaq. Buna baxmayaraq, Qərb yeni baş nazir uğrunda mübarizə aparacaq. İkincisi, rəsmi Bakı da ciddi götür-qoy etməlidir. 20 ildir Ermənistan Köçəryan-Sarkisyan girovluğunda idi. Bu şəxslər işğalı həyata keçirənlərdir, onlar heç zaman münaqişənin sülh yolu ilə həllinə yaşıl işıq yandırmayacaqdılar. İndi Ermənistana yeni gələnlərə Bakıdan mesaj yollanmalıdır ki, əgər işğaldan vaz keçsələr və ədalətli sülhə razılaşsalar, bu, Ermənistanın da xeyrinə olacaq”.
Millət vəkili Tahir Kərimli də "sherg.az”a açıqlamasında deyib ki, Qərbin Ermənistana ciddi təzyiqi var idi. Deputatın sözlərinə görə, Rusiya bir qədər seyirçi qalsa da, Kremlin narahatlığı hiss olunurdu:
 "Ətrafındakı şəxslər Serj Sarkisyana təklif edirdi ki, Rusiyanın Gümrüdəki hərbi bazasından xalqa qarşı istifadə etsin. Baş nazirin bu fikirdən çəkinməsinə səbəb Qərb ölkələrindən gələn ultimatumlar oldu. Rəsmi Moskva da anladı ki, Sarkisyanı müdafiə etməyin mənası yoxdur. Serj Sarkisyan da Rusiyanın onun dəstəkləmədiyini görüb istefa verdi. Erməni xalqı açıq şəkildə Sarkisyanın hakimiyyətinə qarşıdır. Azərbaycanın cəbhədə gərginliyə yol verməməsi isə düşünülmüş addım oldu. Çünki Sarkisyan bundan istifadə edib, diqqəti yayındırmağa çalışacaqdı. Keçmiş baş nazir istefa ilə canını qurtara bilməyəcək. O, Dağlıq Qarabağın işğalı ilə bağlı erməni xalqının yaddaşında "qəhrəman” kimi qalmaq istəyirdi. Amma bunu bacara bilmədi”. Ermənistandakı qarşıdurmaların geosiyasət baxımından əhəmiyyətli olduğunu vurğulayan millət vəkili Qərb və Rusiya arasındakı anlaşılmazlığın hələ də davam etdiyini deyib: "İdeoloji baxımdan Daşnaksütyun Partiyası da Serj Sarkisyanın müttəfiqi idi və onlar mübarizədə uduzdular. Bu məsələ Dağlıq Qarabağ münaqişəsinə təsirsiz ötüşməyəcək. Nikol Paşinyan və digərləri daha çox tövsiyələrə qulaq asmaq məcburiyyətində qalacaq. Ermənistanın Qarabağın işğalına görə düşdüyü gərgin vəziyyət ortadadır. Bu proses davam edəcək. Diqqətlə izləməli və vəziyyətdən faydalanmalıyıq”.
Siyasi ekspert Arzu Nağıyev bildirib ki, Ermənistan əhalisinin 30 faizi yoxsulluqdan əziyyət çəkir. 
Azərbaycanın apardığı siyasət nəticəsində Ermənistan regionda baş verən bütün mühüm iqtisadi layihələrdən kənarda qalıb: "Ermənistanda vəziyyət həddən artıq ağırlaşmışdı. Sarkisyanın baş nazir olmasının əleyhinə aksiya keçirənlərin çox mühüm əsasları var idi. Ermənistanda son 27 ildə bütün seçkilərdən sonra psevdo-demokratiya görüntüsü yaratmaq ənənə halını almışdı. Sarkisyan da baş nazir seçildikdən sonra bu addımı atdı, ancaq sonda öz gücünə inanmadı. O, həm Qərbdən, həm də Rusiyadan dəstək alacağına ümid edirdi. Lakin ciddi dəstək ala bilmədi və onu baş nazir kimi təbrik edənlərin sırası Putin və Medvedyevlə yekunlaşdı. Yəni Sarkisyanın istefaya getməsinə yalnız aksiyalar səbəb olmadı”. Politoloqun sözlərinə görə, bu gün Ermənistan əhalisinin əhəmiyyətli hissəsi işsizdir, onların dolanması xaricdən asılıdır: "Aksiyaların təşkil edilməsinin səbəblərindən biri də məhz iqtisadi problemlərin pik həddə çatması idi. Bir məsələni də vurğulayım ki, 24 apreldə Ermənistanda qondarma soyqırım günüdür. Soyqırımı qeyd etmək üçün toplaşanlar və mitinqçilər üz-üzə gələ bilərdi. Nəticədə böyük problemlərin yaranması qaçılmaz olardı. Rusiyanın dəstəyinin olmaması və baş verən hadisələrə Qərbdən loyal münasibət, Sarkisyanın istefasına səbəb oldu”.
İsmayıl