Savadsızlar dəfələrlə ifşa olunublar





Xaricdəki "söyüş qrupu” normal səviyyədə iş görmək qabiliyyətində deyil

Avropanın müxtəlif ölkələrində məskunlaşmış bəzi "azərbaycanlılar”ın, daha dəqiq ifadə ilə "söyüş qrupu”nun əsas qayəsinin anti-Azərbaycan qüvvələrdən alınan maliyyə olduğu dəfələrlə sübuta yetirilib. Yaxın tarixdə bir neçə dəfə bunun əyani şahidinə çevrilmişik. 

Uzun illər eyni cəbhədə dövlətə və dövlətçiliyə qarşı çirkin, qərəzli "mübarizə” aparan, ölkənin inkişafını gözü götürməyən radikal siyasi qruplaşmalar məhz xarici qrantlar hesabına "canfəşanlıq” ediblər. Lakin Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq üçün ayrılan qrantları bölə bilmədiklərindən tez-tez incik düşüb, bir-birinə qarşı sosial şəbəkələr üzərindən təhqiramiz kampaniya həyata keçiriblər. Son günlər yenidən Avropada adlarını "demokrat” qoyub, əslində isə Azərbaycanın imicinə zərbə vurmaq, ona ləkə yaxmaqla məşğul olan məlum qrup arasında qrant davası başlayıb. Məhəmməd Mirzəli adlı şəxsin Tural Sadıqlı ilə virtual davasından da məlum olub ki, Azərbaycan əleyhinə həyata keçirdikləri fəaliyyəti sadəcə pul müqabilində ediblər.

Avropadakı pul savaşını "Şərq”ə dəyərləndirən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib ki, ümumiyyətlə, Avropada Azərbaycan əleyhinə çirkin kampaniya aparan "həmyerlilərimiz” bu cür fəaliyyətlərinə son qoymalıdır. Politoloqun sözlərinə görə, "söyüş müxalifəti” adlanan həmin qruplaşma dəfələrlə ifşa olunub: 

"Əxlaqa zidd hərəkətlərlə, söyüş söyməklə hər hansı mübarizə aparmaq yolverilməzdir. Bu cür işlərin axırı yoxdur. Həmin insanlar həqiqətən də Azərbaycanın problemlərini həll etmək niyyətində olsaydılar, rəzil formada "mübarizə” aparmazdılar. Əslində onlar normal səviyyədə iş görmək gücündə deyillər. Çünki aralarında elmi potensiala sahib adamlar demək olar ki, yoxdur. Avropadakı məlum qruplaşmanın bu cür fəaliyyəti Azərbaycanın imicinə, dünyadakı mövqeyinə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan prosesə zərbə vurmaq məqsədi daşıyır”.

İsmayıl