Saytlardan alınan ikinci əl mallar xarab çıxarsa, nə etməli ? - AÇIQLAMA

Əliməmməd Nuriyev: "Belə vəziyyətdə iki istiqamətdə iş görməliyik. Birincisi ,İqtisadiyyat Nazirliyinə müraciət edib məsələni aydınlaşdırmalıyıq. İkincisi isə məhkəmə qaydası ilə prosesin nizamlanmasıdır"
""Lalafo”, "Tap.az”, elan.az  və s. saytlardan aldığınız məişət avadanlıqlar xarab olarsa, aldadılarsınızsa, məhkəməyə müraciət etmək mümkündür”.
Bunu "Sherg.az”a alqı-satqı saytlarından alınan ikinci əl əşyaların yararsız çıxdıqdan sonra qaytarılması və bu qaytarılma zamanı alıcı ilə satıcı arasında yaşanan qalmaqaldan danışarkən hüquqşünas, "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev danışıb. 
O bildirib ki, bu cür alış-verişlər sırf sahibkarlıq fəaliyyəti ilə bağlıdır:
"Sahibkarın isə öhdəlikləri var. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun da qüvvədədir və istehlakçının malı qaytarmaq, oxşar malla dəyişdirmək hüququ var.
Bununla bağlı İqtisadiyyat Nazirliyində xüsusi departament də fəaliyyət göstərir. Aldanan alıcılar ora da müraciət edə bilər və satıcını məsuliyyətə cəlb edilməsi ilə bağlı addımlar atılar.
Vergilər Nazirliyi də məsələyə baxmalıdır. Çünki belə vəziyyətlər vergi qanunvericiliyinin pozulmasına da gətirib çıxara bilər.
Mülki məsələlərdə alqı-satqı müqaviləsi imzalanır. Keyfiyyətsiz mal verildiyi zaman hər iki tərəfin öhdəlikləri müqaviləyə uyğun tətbiq edilir”.
Ə.Nuriyevin sözlərinə görə, etibardan sui-istifadə, dəfələrlə belə halın təkrarlanması baş verərsə, artıq dələduzluq faktı ortaya çıxır:
"Belə vəziyyətdə iki istiqamətdə iş görməliyik. Birincisi, İqtisadiyyat Nazirliyinə müraciət edib məsələni aydınlaşdırmalıyıq. İkincisi isə ,məhkəmə qaydası ilə prosesin nizamlanmasıdır. Dələduzluq faktı təsdiq edildikdə isə həmin şəxs məsuliyyətə cəlb edilməli, dəymiş ziyan ödənilməlidir.
Elektron saytlarla ticarət etməyə qanunvericilik icazə verir. Lakin hər bir sahibkarın öz öhdəlikləri var. Tək malı satmaqla iş bitmir. Təəssüf ki, buna ciddi nəzarət yoxdur. Nəzarət olduğu halda isə qurumlar çox zaman sövdələşməyə gedir, işini düzgün görmür. İctimai nəzarət, istehlakçıların bu şəkildə aldadılması hallarının mətbuata çıxarılması da vacibdir. Onlar etibarsız şirkətlər hesab olunur. İkinci əl malların satış saytları reputasiyasını qorumalı, keyfiyyətli xidmət göstərməlidirlər. Onlar qaranlıq reputasiyaya sahibdirlərsə, bunu cəmiyyətə çatdırmaq lazımdır ki, xidmətlərindən istifadə olunmasın. Bu zaman onlar öz-özünə sıradan çıxacaq”.
Qeyd edək ki, son zamanlar sosial şəbəkələrdə sözügedən satış saytlarından alınan mallarla bağlı narazılıqlar səsləndirilir. 
Aysel Aslan