Sazın Məhəmməd peyğəmbəri – Şərif Ağayar yazır




İnsan geniylə valideynin, qanıyla millətin, ruhuyla tanrının övladıdır. Mənim fikrimcə, əsl sənətkar bəşərin tanrı ilə qohumluğunu daima onun yadına salır, ən ağır məqamlarda ipin o mənəviyyat və gözəlliklər dünyasından üzülməsinə imkan vermir.

Belə sənətkarların sayı dünyada çox azdır, bizdə isə barmaqla sayılacaq qədərdir.
Ədalət Nəsibov bir əlin yarı barmağının saya biləcəyi nadir sənətkarlardandır. Məşğul olduğu saz ifaçılığı sahəsində isə Tanrının özü kimi yekdir, şəriksizdir.

O, özü də hiss etmədən Tanrını imitasiya edir. Gər səsinin qətiyyətiylə söylədiyi şeirləri vəhy kimi endirir adamın üstünə. Dalınca saz çalıb dediyi sözləri ilahi melodiyaların sehriylə yaddaşımıza, ruhumuzun dərinliklərini hopdurur.

Saz yarandığı gündən belə bir ovsunçu görməyib.

Yeganə aşıqdır ki, Qorqud kimi Dədə adıyla da, adi insanlar kimi öz adıyla da, sovetin nüfuzlu vəzifə sahibləri kimi familiyasıyla da tanınır. Dədə sözü də, Ədalət adı da, Nəsibov soyadı da onu eyni cür nişan verir. Bir dağa gedən üç yolun eyni zirvəyə aparması kimi...
Başqa aşıqlar kimi o saza yox, saz ona sığınır, ən ağır zamanları onun sayəsində yarıb gələcəyə yol açır.
Görəsən onun ifa etdiyi bu qədər kədərli, bu qədər gözəl, bu qədər dərin məzmunlu saz havalarını kim yaradıb? Təbii ki, bu havacatlar bir anda bəstələnməyib və bir anda ifa olunmayıb. Bunun üçün yüz illərin arxasını yerə veriblər. Amma yenə də, yenə də, bu havaların bir müəllifi var. Görəsən, kimdir o adam? Ümumiyyətlə, adamdırmı? Bir də dünyaya gələcəkmi? Biz onu nə vaxtsa yerdəmi, göydəmi, ərafdamı, axirətdəmi görəcəyikmi?
Xəyalımda o ilahi varlığın mövcudluğuna qətiyyətlə inanmışam. Bu dünyada bütün həqiqətlər inandığın qədərdir. Demək, mənə görə, belə bir adam var! Bizə məlum olan ilk mifdən, ilk dastandan tutmuş Dirili Qurbana, Bozalqanlı Hüseynə, məndən də cavan olan kəlbəcərli Aşıq Şöhrətə qədər böyük bir epoxanı öz sinəsində bəsləyib tarixə meydan oxuyan o kişi kimdir görəsən? Adı nədir? Mən onu təkcə xəyallarımda yox, həm də kitablarda, dastanlarda, efirdə, hətta toyda-yasda, sənət məclislərində axarmışam.
Və günlərin birində tapmışam!
Heydər Əliyev Sarayının xidməti girişində qəfil qarşılaşdıq. Foyedə, divanda oturmuşdu. Üzünə baxanda başımın tükləri biz-biz oldu. Canımı elə bir vahimə bürüdü ki, durduğum yerdə əsməyə başladım. Onun üzündən mənə Ərzurumda borana düşən Kərəm baxırdı, ağrıları sazın tellərinə də sığmayan Yəhya bəy Dilqəm baxırdı, yurdu-yuvası yağı tapdağında qalan Bəhmən Vətənoğlu baxırdı... Atam baxırdı, anam baxırdı, müharibədə itkin düşən əmim baxırdı...
Onun üzündən bütün əzablarımızın, ağrılarımızın şırımı keçmişdi. Elə bil səhərəcən ağlamışdı və gözlərindən təkcə sel-su yox, daş-qaya da tökülmüş, sifətinin incə cizgilərini dağıtmışdı. Bütün bunlara rəğmən elə əzəmətlə dayanmışdı ki, yerə də, göyə də, zamana da meydan oxuyurdu.
Yüz dəfə rəsminə baxdığım, yüz dəfə efirdə gördüyüm, yüz dəfə video-kasetlərdə və internetdə seyr etdiyim Ədalət Nəsibovu həyatda ilk dəfə görürdüm və onu tanımırdım. Günahım da yox idi. Texnologiya onun daşıdığı mistik enerjini mənə ötürə bilməmişdi. Bunun üçün Nəsibovu canlı görməyim lazım idi və elə bircə dəfə görməyimlə anladım ki, mən bu kişiylə bir daha üz-üzə gəlməməliyəm. Onun ötürdüyü ağır magik impulslar mənim qaldıracağım yük deyildi. Bu, həmin enerji idi ki, Aşıq Ələsgər Növrəs İmanda görmüşdü və demişdi: "O, bu yükü qaldıra bilməz, başına bir iş gələcək.” Və Növrəs İman havalanıb ilim-ilim itmişdi.
Mən bundan qorxurdum!
Mən Aşıq Ədalətin üzbəüz ötürdüyü o müdhiş enerjinin məhvedici yabanı halıyla yox, sazla ovunub işığa çevrilən estetik halıyla irtibata girə bilirdim.
Başqa bir gün təsadüfən "Nərimanov” parkında gördüm. Səhər tezdən idi, ağacın altındakı stolda oturub kimisə gözləyir, əynində ağ-qolaçıq köynək narazı baxışlarla sağa-sola baxırdı. Onu bir az müşahidə eləmək imkanın oldu. Bir daha qətiləşdirdim ki, mən bu adama yaxınlaşa bilmərəm.
Gözlədiyi adam gəldi və ustad onunla söhbət edə-edə kiminsə qarasına söyməyə başladı. Eşidənləri şoka salan bu söyüşlər mənə qeyri-adi gəlmirdi, çünki Ədalətin üzündəki əzabın müqabilində "Allah atana rəhmət eləsin” qədər yumşaq görünürdü.
Bethoven deyirdi ki, mənim canımda yalnız özümün eşidə biləcəyim dəhşətli uğultular var, mənə əzab verir, bircə musiqi bəstələyəndə o uğultular səngiyir, əzabımın səbbi alınır...
Məncə, Ədalət də bu cür əzab çəkirdi.
O, nirvanada olduğundan xəbərsiz idi. Sazı qucağına alanda oraları dolaşır, dincəlir, yerə qoyanda adi, sadə, mənasız insanların içinə dönürdü. Ona görə gah içir, gah söyür, gah da inciyib-küsürdü. Bunun da çıxış yolu olmadığını görəndə təzədən saza sarılıb həmin ilahi məqama qayıdırdı. Ən vacibi, dinləyənləri də özü ilə ora aparmağı bacarırdı.
Uşaqlıqdan axtardığım bəstəkarı Ədalətin şəxsində tapdığımı çox gec anladım. Ömür boyu arzuladığım o ilahi məxluq təsadüfən qarşıma çıxmışdı və mən ona yaxınlaşmağa cürət eləmirdim.
Və onun da fərqində deyildim ki, Ədalət özümdən xəbərsiz məni nirvananın ətəklərində fırladırmış. Bir az da bəli desəm, növbəti qədəmim o ruhani dünyanın tam mərkəzi olardı.
İndiyədək Ədalət Nəsibovla görüşmək imkanım həmişə olub, amma bu görüşdən qaçmışam. Dostların çoxu bilir. Rəhmətə gedəndə mənə yazdılar ki, yəqin, bu görüşün baş tutmamasına çox üzülürsən. Özümdən soruşdum: "Üzülürəmmi?” Cavabım birmənalıdr: "Qətiyyən!” Səbəb? Ədalətlə danışmağa bir kəlməm də yoxdur. Mən onu kəlmələrin, sözlərin, mənaların bitdiyi, bütün səslərin tamam batdığı yerdə anlamışam. Ona ehtiramımın qarşılığında sözlər, kəlmələr, yazılar, məqalələr ustadın "Nərimanov” parkındakı söyüşləri qədər mənalı və onlar qədər mənasızdır.
Amma ölümünə az qalmış görüşdüm onunla. Görüşə bildim. Əvvəlki hissimdən əsər-əlamət qalmamışdı. Səbəbini çox gec, ustadın özünün köməyi ilə anladım. O, demişdi ki, başımın üstündə həmişə işıq yanırdı, mən o işıqdan güc alıb çalırdım, bir dəfə bu barədə efirdə danışdım, o işıq söndü və bir daha yanmadı.
Bu açıqlamanı vaxtında eşitsəydim, onunla görüşüb, müsahibə edəcəkdim. Çünki artıq mən duyan enerji çəkilib getmişdi, yerdə Ədalətin sadəcə ağrılar içində qıvrılan cismiydi qalan. O, bundan sonra uzun yaşamayacaqdı. Hətta həkimlərin o işıqdan sonra Ədaləti yaşatmaq, ömrünü uzatmaq istəyini ilahi tərbiyəsizlik sayıram. Mənim yanına gedib əlini sıxdığım, "Nərimanov”da kirayə evdə gözlərini əbədi yuman, Bakıda basdırılmağa iki arşınlıq yer tapmayan, qohum-əqrəbanın Qazaxa aparıb dəfn etdiyi mən dediyim Ədalət deyildi. Mən dediyim Ədalət o işıqla biryolluq əbədiyyətə çəkilmişdi.
Onunla nə vaxtsa görüşəcəyimə qəti şəkildə əminəm.
Hətta mümkündür ki, nə zamansa yer üzünə təzədən qayıtsın. Necə ki, ömür boyu axtardığım o ilahi bəstəkar kimi qayıdıb sazla yenidən qovuşmuş, min illərin havacatlarını şəxsən öz barmaqlarıyla yenidən çalıb bəşəriyyətin yaddaşını təzələmişdi.
Zaman-zaman yerə enən və öz qövmünə yol göstərən peyğəmbərlər kimi...
Bəs nə?
Peyğəmbərlər də yer üzünə ona görə gəlirlər ki, insan Tanrıyla qohumluğunu unutmasın, o ip heç vaxt üzülməsin.