"Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri qanunla mənzil növbəsinə götürülüblərsə, növbə ilə mənzil almalıdırlar”.
Bu barədə "Sherg.az”a aprel döyüşlərində Seysulan istiqamətində şəhid olan Nazim Zəkərəyevin ailəsinin acınacaqlı durumundan danışarkən "Qarabağ qaziləri” İctimai birliyinin sədri Etimad Əsədov bildirib.
Onun sözlərinə görə, rayonlarda yaşayan şəhid ailələri üçün hətta öz torpaq sahələri olduğu halda da fərdi mənzillər tikilir:
"Ola bilər ki, burada hansısa anlaşılmazlıq yaşanıb. Əgər həmin şəhid ailəsinin bu cür problemləri varsa, İcra Hakimiyyətinə (İH) müraciət etməlidirlər. İH-in müvafiq sərəncamı ilə ev növbəsinə götürülən həmin ailə müəyyən müddətdən sonra evlə təmin olunmalıdır.
Son zamanlar aprel hadisələrindən hər kəs ağız dolusu danışır. Həm dövlət rəsmiləri, həm də adi vətəndaşlar ildönümlərində, anım mərasimlərində aprel döyüşlərini nümunə gətirib, uğurları qeyd edirlər. Lakin təəssüf ki, bununla paralel belə xoşagəlməz hadisələr də özünü göstərir. Bu, yaxşı hal deyil”.
E.Əsədov qeyd edib ki, növbəyə götürülən ailələrin anında evlə təmin olunması mümkün deyil:
"Kənddə yaşayan ailələr üçün torpaq bölgüsü aparılıb və ailələrə pay torpağı verilib. Şəhərdə yaşayan sakinlərə isə pay torpaqları ayrılmır. Birinci Qarabağ müharibəsində şəhid olanların ailələri 20 ildir, mənzil növbəsindədir.
Ölkə başçısının sərəncamı var ki, 2018-ci ilə qədər bu ailələr mənzillə təmin olunmalıdır. Yaranan maliyyə problemləri səbəbindən mənzillərin təminatında gecikmə baş verdi. Yenə də proses davam edir. Gələn ilin əvvəllərində Bakı şəhərində hazırlanan 200-ə yaxın mənzil şəhid ailələrinin, müharibə əlillərinin istifadəsinə veriləcək.
Həmçinin bütün rayonlarda fərdi torpaq sahələrində evlərin, hündürmərtəbəli binaların tikilməsi prosesi ləng də olsa, gedir. Ona görə, gec ya tez həmin ailələr mənzillə təmin ediləcək.
Şəhid anası xəstəliyə tutulan zaman evini satıb, müalicəyə xərcləməli deyil. Azərbaycanda yetərincə QHT, əlil və şəhid ailələrinin hüquqları ilə məşğul olan qurumlar var. Həmin təşkilatlara müraciət edib, yardım ala bilərlər”.
İH-nin şəhid ailələrinə qarşı laqeydliyinə gəlincə, Qazi vurğulayıb ki, həqiqətən də belə problemlər mövcuddur:
"Əksər rayonlarda, hətta Bakı şəhərinin özündə icra hakimlərinin qəbuluna düşmək müşkül məsələyə çevrilib. Şəhid ailəsinin, Qarabağ müharibəsi əlilinin İH-ə gedib, problemləri ilə bağlı müraciət etməsi çətinləşib. Bir yolunu tapıb, problemini deyə bilən şəxslərin isə məsələsinə baxılmır”.
Qeyd edək ki, aprel döyüşləri vaxtı Seysulan istiqamətində şəhid olan Nazim Zəkərəyevin ailəsi acınacaqlı duruma düşüb. Dövlətdən verilən pensiyadan başqa gəliri olmayan və vaqonda yaşayan şəhid ailəsi Şamaxı rayon İcra Hakimiyyətindən narazılıq edir.
Aysel Aslan