"Şəhid atasının çarəsiz, üzüntülü fotoları mənə də təsir etdi" - Düşmən isə həzz alır





"Türk televiziyalarına baxmaq olmur. Demək olar, hər gün şəhid xəbərləri verilir, dərin hüzn görüntülənir”.

Bunu "Sherg.az”a sosial şəbəkələrdə yayılan şəhid atasının üzüntülü şəkillərinin erməni mətbuatında təxribat niyyətilə istifadə edilməsindən danışarkən millət vəkili Aqil Abbas deyib. 

Onun sözlərinə görə, terrorla mübarizə aparan qardaş ölkə bu mübarizədə şəhid olan əsgərlərinin dəfn görüntülərini, ürəkdağlayan materialları yayımladıqca, terrorçular bundan həzz alır:

"Bir əsgərin şəhid olması ilə Türk ordusu, türk xalqı sarsılmayacaq. 100 illiklər sonra da türk xalqının əsgərləri gücünü qoruyacaq. Televiziyada şəhid xəbərlərini, şəhidin təntənəli dəfnini, onun valideynlərinin üzüntüsünü yayımlamaqla dəstək nümayiş etdirməyə çalışırlar. Vətənpərvərlik ruhunu yüksəltməyə, şəhidə, onun ailəsinə verilən yüksək dəyəri göstərməyə çalışırlar. Düşmən isə bu görüntülərdən həzz alır, öz məqsədləri üçün istifadə edir. Bu vəziyyət mənə təsir edir. Bir müddət əvvəl şəhid atasının üzüntülü, çarəsiz, yazıq formada yayılan şəkilləri mənə də təsir etdi. Mənim yaxın, doğma şəhidim, tanıdığım şəhid ailələri var. Bu ürəkdağlayan görüntülər hər kəsi üzür”.

Ermənilərin şəhid olan hərbçiləri ilə bağlı məlumatları gizli saxladığını vurğulayan A.Abbas bunun məqsədli edildiyini söyləyib:

"Biz şəhid ailəsinə dəstək olmalı, şəhidə yüksək qiymət verməliyik. Rayon təşkilatları, səlahiyyətli şəxslər həmişə şəhid ailəsinə qayğı göstərməlidir. Təntənəli vida mərasimindən sonra o ailəni, o şəhidi unutmaq olmaz.

Xalq yazıçısı Anar əsərlərinin birində yazır: "Ölünün qırxından sonra qohum-əqrəbası üçün yas başlayır”. Burada böyük məna var. Şəhidlərimiz qırxı çıxandan sonra unudulmamalıdır. Mən bunu istəyirəm”.

Qeyd edək ki, mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğlu şəhid olub. Şəhid Adil Tatarov 28 yanvar 1999-cu ildə Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində doğulub.

Aysel Aslan