“Şəhid övladlarına saç kəsimi pulsuzdur, hesabı ataları ödəyib” - Bərbərdən nümunəvi addım

Tahir Kərimli: "Şəhid ailələrinə, şəhid övladlarına bu cür qayğı göstərən insanları alqışlayıram”


"Şəhid övladlarına qarşı belə addım atan şəxsə təşəkkür edirəm. Bu, ciddi siqnaldır və cəmiyyət üçün mesajdır”.

Bunu "Sherg.az”a şəhid övladlarına pulsuz saç kəsimi xidməti göstərən bərbər haqqında danışarkən millət vəkili Tahir Kərimli deyib. O bildirib ki, başqa ölkələrdə şəhidlərə və onların ailələrinə böyük qayğı ilə yanaşılır:

"Konkret olaraq, İran və Türkiyədə belə müsbət hadisələrə çox rast gəlmişəm. Şübhəsiz, xalqımızın da şəhidlərə dərin hörməti var. Bərbərin və onun kimi insanların bu cür addımı "ilk qaranquşdur”. Hesab edirəm ki, yeməkxanalarda, restoranlarda, kafelərdə, xidmət sahələrində anoloji addım atılsa, daha yaxşı olar.

Deputat olduğum rayonun kəndlərinin birində su çəkilməsi ilə bağlı layihə var və bu da şəhidlərlə bağlıdır. Böyük bir kəndin mərkəzində bulaq tikib, kəndin şəhidlərindən birinin adını verəcəyik.

Hər zaman şəhid ailələrinə xüsusi diqqət, qayğı göstərməliyik ki, şəhidlərin yaxınları, bütün xalq onlarla fəxr etsin. Bəzilərinə qarşı pis münasibət göstərilməsi peşmançılıq yaradır. Lakin şəhid ailələrinə, övladlarına yaxşı münasibət isə onları qürurlandırır. 

Mənim öz bacım şəhid anasıdır. Artıq yaşlaşıb, şəhid övladından başqa övladları da var, ancaq gecə-gündüz şəhid oğlunu düşünür. Ona görə, belə təşəbbüsləri çox müsbət dəyərləndirirəm. Bütün xidmət sahələrində bu cür aksiyaların keçirilməsini arzu edərəm. Hətta növbədən kənar xidmət göstərmək də lazımdır. 

Ötən gün mən özüm Ağsu rayonunda şəhid atasını qəbul edib, söhbət etmişəm və duyğulu anlar yaşamışam. Şəhid ailələrinə, şəhid övladlarına bu cür qayğı göstərən insanları alqışlayıram”.

Qeyd edək ki, İnstaqram sosial şəbəkəsində paytaxtda fəaliyyət göstərən bərbərxanalardan birinin fotosu yayılıb. Həmin bərbərxananı maraqlı edən isə onun girişinə "Şəhid övladlarına saç kəsimi pulsuzdur, hesab ataları tərəfindən ödənilib” ifadələrinin yazılmasıdır.  

Məlumat üçün bildirək ki. sözügedən foto sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılandığı üçün ciddi müzakirələrə səbəb olub.  

Aysel Aslan