Şəhid qızını maşınla vuran biznesmen oğlunun işi davam edib
Şəhid qızını maşınla vurub öldürməkdə təqsirləndirilən iş adamının 17 yaşlı oğlu Rəhim Rəhimovun cinayət işi üzrə məhkəmə iclası davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili vəsatətlə çıxış edərək təkrar yol nəqliyyat hadisəsi ilə bağlı ekspertiza keçirilməsini tələb edib.
Vəsatət təmin edilməyib.
Daha sonra prosesdə sənədlər tədqiqi davam edib. Hadisə anının görüntüləri nümayiş etdirilib.
Görüntülərdə Rəhim Rəhimovun hadisə yerində olduğu məlum olub.
Daha sonra sənədlərdə Rəhim Rəhimov hadisədən 20 gün sonra könüllü şəkildə təslim olduğu bildirilib.
Təqsirləndirilən şəxs bildirib ki, onu heç kim polisə çağırmayıblar: "Guya məni axtarışa veriblər. Halbuki, mən hər gün universitetə gedib gəlmişəm. Həmi müstəntiqlə Yeganə şadlıq sarayında atamla birgə görüşmüşəm".
Məhkəmə istintaqı yenidən başa çatdırılıb.
Daha sonra prokuror çıxış edərək Rəhim Rəhimovun 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Xatırladaq ki, bir neçə proses əvvəl prokuror Rəhim Rəhimovun 6 il müddətə azadlıqdan məhrum edilməsini tələb etmişdi. Daha sonra məhkəmə istintaqı yenidən
təzələnmişdi
İttihama görə R.Rəhimov ölümlə nəticələnən qəza törətmə və hadisə yerindən qaçmaqda təqsirləndirilir.
R.Rəhimov Bakı Dövlət Universitetinin tələbəsi olub. Hadisə ötən il noyabrın 8-də Səbail rayonu ərazisində, "Bayraq meydanı"nın yanında baş verib.
R.Rəhimov "Jeep Grand Cherokee” markalı 90-FO-007 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Əkbərova Könül Elton qızını vurub və piyada vəfat edib. Sürücü isə hadisə yerindən qaçıb.
Cinayət Məcəlləsinin 263-1.3 (nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham edilən R.Rəhimov 21 gün sonra, noyabrı 29-da şübhəli şəxs qismində tutulub. Onun könüllü olaraq polisə təslim olduğu da deyilir.
Qeyd edək ki, 17 yaşlı R.Rəhimov iş adamı, "Xırdalan Xəz” ASC-nin rəhbəri Akif Rəhimovun oğludur. A.Rəhimov həmçinin isə "Yeganə” şadlıq sarayının rəhbərlərindəndir.
Qəzada ölən K.Ələkbərova isə şəhid Elton Ələkbərovun qızıdır.