"Şəhidimizin adı Qusarda və Bakıda əbədiləşirilməlidir" - Təklif




"Düşmənin şəhid əsgərimizə sərgilədiyi münasibət insanlığa və beynəlxalq hüquq normalarına sığmır".

Bunu Sherg.az-a şəhid əsgərimiz Çingiz Qurbanovun nəşinin qaytarılmasından danışarkən ehtiyatda olan polkovnik – leytenant, hərbçi ekspert Üzeyir Cəfərov deyib. 

Onun sözlərinə görə, bu vəhşilik Ermənistan tarixində bir ləkə olaraq qalacaq: 

"Bir şəhidin meytini 40 gün saxlamaq ancaq və ancaq erməni ağlının məhsulu ola bilərdi. Bəlkə də gələcək erməni nəsli bu addımına görə öz sələflərini lənətləyəcəklər. Biz onsuz da bilirdik ki, gec-tez onlar məcbur olub əsgərimizin meytni qaytaracaqlar. 40 gün şəhidimizin cansız bədənini saxladılar. Nəyə nail oldular ki!? Nə etdilərsə, özlərinə etdilər. Məgər 40 gün gecikdi deyə, Azərbaycan öz Çingizini unutdu!? Əksinə səbirsizliklə şəhid yolu gözləyən xalq öz əsgərini böyük izdiham və ehtiramla qəbul elədi. Çox güman ki, cavabımız çox sərt və amansız olmalıdır və olacaq”.

Şəhid əsgərimizlə keçirilən vida mərasimində iştirak etdiyini vurğulayan hərbçi ekspertin sözlərinə görə, Müdafiə Nazirliyinin mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, general-mayor Rasim Əliyev nazirlik adında şəhidin yaxınlarına baş sağlığı verib, onun Vətənə xidmətini çox yüksək qiymətləndirib:

" Çingizin atası Salman Qurbanovun çıxışından sonra onun bayrağa sarılmış cənazəsi alqış sədaları altında doğulduğu Qusar rayonuna aparıldı”.

Çingizin qəhrəmanlığını yüksək dəyərləndirən Ü. Cəfərova görə o öz əməli ilə çoxlarının arzuladığı ancaq nail ola bilmədiyi zirvəyə yüksəlib. O cür savadlı və igid bir oğlanın itkisinə çox təəssüflənirəm. Tək təsəllimiz odur ki, Çingiz öz ölümü ilə ölümsüzlük mərtəbəsinə qədər yüksələ bildi. Ekspertin sözlərinə görə, Çingiz Azərbaycan gənclərinə şəhidlik zirvəzinə qalxmağın nə qədər müqəddəs bir əməl olduğunu bir daha sübuta yetirdi:

"Ümid edirəm ki, Müdafiə nazirliyinin rəhbərliyi şəhid əsgərimizin dövlət səviyyəsində mükafatlandırılması ilə bağlı Prezident Administarsiyasına müvafiq sənədləri təqdim edəcək, biz də əsgərimizin dövlət tərəfindən layiqincə mükafatlandırıldığının bir daha şahidi olacağıq. Çingiz Qurbanovun adı həm doğulduğu rayonda, həm də ki paytaxta əbədiləşirilməlidir. Onu da deyim ki, Çingiz Qurbanovun nəşinin Bakıya fəxri qarovulun müşayiəti ilə gətirilməsi və Bakıdan da eyni formada Qusara yola salınması fonunda şəhidə verilən qiymət gənclər arasında da çox böyük ruh yüksəkliyi yaradacaq. Çingizlə keçirilən vida mərasimində əllərində üçrəngli Azərbaycan bayrağı tutan nə qədər gənc vardı. Uzun illər bu prosesin içərisində olan biri olaraq qeyd edim ki, şəhidlərimizlə vida mərasimlərinin dövlət səviyyəsində keçirilməsi tarixə salınması gələcək nəslin hərbi vəətnpərvərlik ruhunda tərbiyyə edilməsində xüsusi əhəmiyyət kəsb edəcək”.

Qeyd edək ki, Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən 2016-cı il dekabrın 29-da şəhid olmuş əsgər Qurbanov Çingiz Salman oğlunun nəşi dünən Ermənistandan geri alınaraq ölkəmizə qaytarılıb. Və doğulduğu Qusar rayonunda torpağa tapşırılıb. 


Şəymən