Seçkidə Qars və İğdır kimi dayaq məntəqələrimizin əldən çıxması qorxulu tendensiyadır
Ələlxüsus, oralarda HDP-nin qələbə qazanması ermənilərin də əl-qolunu açacaq, düşmən təbliğatı güclənəcək
31 mart günü Türkiyədə keçirilən bələdiyyə seçkilərində Qars və İğdır şəhərlərində PKK-nın siyasi qolu kimi tanınan HDP-li namizədlər qalib olublar. Adıçəkilən şəhərlərdə Azərbaycan türklərinin kifayət qədər çoxluq təşkil etməsinə baxmayaraq, "Cümhur İttıfaqı”nın MHP-dən irəli sürdüyü namizədlər qələbə qazana bilməyiblər. İctimaiyyət nümayəndələri məyusluq yaradan məğlubiyyətin səbəbini Azərbaycan türklərinin təşkilatlanma problemində və təbliğatın zəif qurulmasında görüblər.
Məsələni "Şərq”ə dəyərləndirən siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev vurğulayıb ki, "seyid cəddinə arxayın” olan kimi biz də həmişə zənn etmişik ki, İğdırda, Qarsda, Ərzurumda Azərbaycan türklərinin sayı çox olduğu üçün seçkilərdə mütləq qalib olacağıq. Professorun fikrincə, hədsiz arxayınlığımız bizə ziyan verir:
"Ümumiyyətlə, türk toplumlarının ən böyük çatışmazlığı komanda şəklində fəaliyyət göstərə bilməməkdir. Ayrı-ayrılıqda güclü olsaq da, birlikdə işimizi qura bilmirik. Türkiyədə, eləcə də böyük şəhərlərdə müxtəlif sahələrdə fəaliyyət göstərən on minlərlə Azərbaycan türkü var. Tələbələr bir tərəfə, təkcə alimlərimizin sayı 5 mindən çoxdur. Əlavə olaraq diaspora komitəmiz, təşkilatlarımız fəaliyyət göstərir. Alimlərimizi təşkilatlandıraraq seçkidən 10 gün öncə Qarsda, İğdırda və digər bölgələrdə təbliğat aparmaq kifayət edərdi. Lakin bunu etmədik və heç bir əsas olmadan özümüzə arxayın olduq. Halbuki, son dönəmlər dəfələrlə bəyan edilib ki, AKP-nin əvvəlki nüfuzu və siyasi gücü yoxdur. Ona görə də təbliğatı gücləndirmək lazım idi”.
Politoloqun sözlərinə görə, Qars və İğdır kimi dayaq məntəqələrimizin əldən çıxması qorxulu tendensiyadır:
"Qars və İğdır Naxçıvanla, o cümlədən düşmənimiz Ermənistanla yaxın bölgələrdir. Həmin şəhərlərdə uduzmağımız ciddi problemlər yarada bilər. Ələlxüsus, oralarda HDP-nin qələbə qazanması ermənilərin də əl-qolunu açacaq, düşmən təbliğatı güclənəcək. Hazırda həmin ərazilərdən Ermənistana sızmalar çox böyükdür.
Məsələ qurtarandan sonra ayılırıq ki, niyə üzərimizə düşəni etməmişik. Seçkinin rəsmi nəticələri açıqlanmamış Azərbaycanda hay-küy saldılar.
İsa Yaşar Tezelin İğdırda qalib olduğu xəbəri dəqiqləşdirilmədən sosial şəbəkələrdə, bir çox media orqanlarında yayıldı. Belə həssas məsələlərdə təsdiq olunmamış informasiyaların yayılması dövlətə və xalqa ziyan vurur. Əslində bundan sonra danışmağımızın, şikayət etməyimizin də mənası yoxdur. Sadəcə anlamaq lazımdır ki, gedişat yaxşı deyil”.
İsmayıl