Zaur Ünsizadə Mətbuat Tarixi Qalereyasına bir neçə sənəd təqdim edib
Ötən gün "Şərq” qəzetinin qonağı, məşhur Ünsizadələr nəslinin nümayəndəsi, Səid Əfəndi Ünsizadənin nəticəsi Zaur Ünsizadə oldu.
Qeyd edək ki, Ünsizadələr Azərbaycan mətbuatının yaranmasında, inkişafında böyük tarixi töhfələri olmuş şəxslərdirlər.
Zaur bəyin qəzetimizi ziyarətində məqsədi həm, "Şərq” qəzeti redaksiyasında yaradılan mətbuat guşəsi ilə tanış olmaq, həm də bura ulu babalarından qalmış müəyyən şəkil və eksponatları hədiyyə etmək olub.

İlk öncə guşənin yaradıcısı, "Şərq” qəzetinin baş redaktoru Ünsizadələr nəslinin nümayəndəsini guşə ilə tanış edib, burada olan eksponatların izahını verib.
Daha sonra, Z.Ünsizadə ulu babaları ilə bağlı, son illərdə əldə etdiyi məlumatlar, müəyyən şəkil və məktublar haqqında danışıb.
Əvvəlcə Ünsizadələr və bu nəslə mənsub üç qardaşın - Səid, Cəlal və Kamal Ünsizadələr haqqında, onların Azərbaycan mətbuatına verdiyi töhfələr barəsində qısa arayış verək.
Ünsizadələr haqqında qısa arayış...
Hər üç qardaş Azərbaycanın ədəbi fikir, pedaqoji və jurnalistika tarixində əhəmiyyətli və yadda qalan işlər görüblər. Ünsizadə qardaşları mükəmməl təhsil görmüş XIX əsr ziyalılarındandırlar. Onların atası Əbdürrəhman Əfəndi Şamaxının adlı-sanlı müdərrislərindən biri olub. O, XIX əsrin birinci yarısında qədim Şirvanın ədəbi məclislərində öz dəsti-xətti ilə seçilib, "Ünsi” təxəllüsü ilə şeirlər yazıb. Sonralar Əbdürrəhman Əfəndinin oğlanları atasının imzasını özlərinə soyad kimi götürüblər.
Böyük qardaş Səid Ünsizadə 1825-ci ildə Şamaxıda anadan olub. Burada atasından və şəhərin adlı-sanlı müəllim və müdərrislərindən yaxşı təhsil alan Səid Əfəndi elm dalınca dünya elminə dərindən yiyələnmək üçün Şərqin yüksək ali dini məktəblərində oxumağa gedir. Bəzi mənbələrdə onun Misirdə oxuduğu iddia edilsə də, bunu təsdiq edən heç bir sənəd yoxdur .Oxuyub qayıtdıqdan sonra, Səid Əfəndi Şamaxıda bir sıra dövlət vəzifələrində çalışır. Daha sonra o Tiflis şəhərinə ezamiyyətə gedir. Ünsizadə 1878 -ci ildə Tiflisdə Azərbaycan dilində çap məhsulları ilə məşğul olan basmaxana (litoqrafiya) yaradır. Basmaxananın avadanlıqları İstanbuldan gətirilir. S.Ünsizadə mətbəədə işləmək üçün bir neçə gənc qohum-əqrəbasını mətbəə peşələrini öyrənmək üçün İstanbula göndərir. S.Ünsizadənin Türkiyə ilə işgüzar münasibətləri sistemli şəkildə məhz bu dövrdən başlanır.
Səid Əfəndi 1878-ci ilin dekabrında Tiflisdə Azərbaycan dilində "Ziya” ("Ziyayi - Qafqasiyyə”) adlı qəzetlər nəşrinə icazə alır. "Ziya” qəzetinin ilk nömrəsi 1879-cu il yanvarın 14-də çıxır. Səid Əfəndinin kiçik qardaşı, 1884-cü ildə Tiflisdə Azərbaycan dilində yazılmış ilk "Hesab” dərsliyimizin müəllifi Cəlal Əfəndi Ünsizadə də 1883-cü ildən redaktorluq etdiyi "Kəşkül " qəzeti 1891-ci ildə bağlanandan bir müddət sonra İstanbula gəlir. Ailənin kiçik övladı Kamal Əfəndi Bakıda qalası olur. O, burada çoxdan başladığı fəaliyyətini davam etdirir, sonralar isə (1908-1917-ci illərdə) "Məzhər” adlı qəzet çıxararaq, nəşriyyat fəaliyyətini davam etdirir.
"Molla Nəsrəddin” jurnalının 1907-ci ildəki 43-cü nömrəsindəki bir yazıda Cəlal Əfəndinin Türkiyə sultanı Əbdülhəmidin sarayında kitabxana müdiri işlədiyi haqqında məqalə var. Cəlal Əfəndi Ünsizadənin 1920-ci illərdə Türkiyə Cümhuriyyətinin Xarici İşlər Nazirliyində tərcüməçi işləyir.
Bakıda nəşr olunan "Həyat” qəzetinin 1905-ci ilin iyun ayında dərc olunan nömrəsindəki nekroloqdan öyrənirik ki, "türk dünyasının fazil şəxslərindən biri olan Səid Əfəndi Ünsizadə 80 yaşında İstanbulda vəfat edib.
Zaur Ünsizadə deyir ki, ulu babası Səid Əfəndinin Türkiyədə yaşayan övladlarını və nəvələrini tapıb: "Hacı Səid Əfəndi Ünsizadə Səttarə Zülfüqaridən olan oğluna da nəşr etdiyi qəzetin, "Ziya”nın adını verib. Ziyanın oğlu isə, hazırda Türkiyədə yaşayan Ahmet Arkundur. Qanuna görə soyadlarını dəyişərək, Arkun və Berksan soyadlarını götürüblər. Səid Əfəndinin bir nəvəsi də, Abdurrahman Tevfik Ünsidir. Bu şəxs Türkiyənin ilk idman yazarıdır. Eyni zamanda Türkiyə Qəzetçilər Birliyinin yaradıcılarındandır”. Z.Ünsizadə deyir ki, əslində Türkiyədəki qohumları onu tapıblar: "Feysbukda mənim soyadımı gördükdən sonra, Tevfik Ünsinin oğlu, Çoşkun mənə yazdı. Beləliklə, tanışlıq yarandı, qohum olduğumuz ortaya çıxdı”.
Z.Ünsizadə bildirir ki, o araşdırmaçı deyil: "Sadəcə mənim nənəm Üzsizadələr nəslinin nümayəndəsidir. Onun vəsiyyətinə uyğun olaraq şəcərəmizi araşdırıram. Türkiyədə Səid Əfəndinin yadigarları olan Ünsizadələr şəcərələrini tərtib ediblər. Mənə onu göstərdilər. Onların tərtib etdiyi şəcərədə, Səid Əfəndinin, oğlu Ziyaəddinin, Səttarə Ünsinin, Səltənət Ünsinin, Sədullah və Gülara Ünsinin adları yer alıb. Göründüyü kimi, onların tərtib etdiyi şəcərədə Abdurrahmanın və Ağanın heç birinin adı yoxdur”.
Z.Ünsizadə özlərinin tərtib etdiyi şəcərəni də göstərib: "Bizim şəcərələrimizdə oxşar cəhətlər də var, fərqliliklər də çoxdur. Məsələn, onlar bildirdilər ki, 1896-cı Səid Əfəndi Azərbaycandan çıxıb gedib. Həmin vaxt Səid Əfəndini tutmağa hazırlaşırmışlar. Bunu bilən, Səid Əfəndi, burdan gedib Tiflisə, Gürcüstan ərazisindən gəmi vasitəsi ilə Türkiyəyə keçib. Həmin vaxt Səid Əfəndinin yanında 3 arvadı olub. Deyilənə görə, Cəlal bəy onunla bir yerdə getməyib. Türkiyədə Səid Əfəndi Sultan Əbdülhəmidin göstərişi ilə saraya aparılıb. Və Səid Əfəndi sarayda yüksək ehtiramlı şəxs olub, yüksək vəzifədə çalışıb. Hətta Məcid Əfəndi gəlib onunla görüşmək istədikdə, icazə verilməyib. Mən Səid Əfəndinin oradakı yadigarlarından soruşdum ki, Cəlal Əfəndi haqqında eşitmisizmi, dedilər eşitməmişik. Bildirdilər ki, bizim evdə Cəlal Əfəndi haqqında heç vaxt danışılmayıb. Bircə Kamal Əfəndinin adını eşidiblər, biliblər ki, o da Azərbaycanda qalıb”.
Bu yerdə Akif Aşırlı söhbətə müdaxilə etdi: "Məndə bir sənəd var, orda Kamal Əfəndi haqqında məlumat verilir. Demək Azərbaycan Xalq Cumhuriyyəti Gəncəyə köçür. Qafqaz İslam Ordusunun tərkibində Əhməd bəy Ağaoğlu siyasi müşavir kimi gəlir. Həmin vaxt Əhməd bəy orada "Türk sözü” adında dərgi nəşr etdirir. Cəmi iki nömrə çap oluna bilir. Çünki mətbəə yox idi. Yelizavetpol quberniyasının mətbəəsində şriftlər çox az sayda kiril və ərəb qrafikası ilə olub. O zaman Qafqaz İslam Ordusunun gəlişi ilə bağlı xalqa müraciət yaymaq və qəzet çap etmək lazım gəlir. Fikirləşirlər və qərara gəlirlər ki, bir mətbəə yaratsınlar, qəzet nəşr etsinlər. Amma bu alınmır. Azərbaycan Xalq Cümhuriyyətinə aid arxiv sənədində "Kamala məxsus” qeydi var. Kamal Ünsizadənin o dönəmdə Tiflisdə mətbəəsi var idi. Ağaoğlu isə, mətbəənin Gəncəyə gətirilməsini istəyir. Bundan belə aydın olur ki, Kamal Əfəndi həmin dönəmlər Tiflisdə yaşayıb”.
Z.Ünsizadə: "Sonra o Bakıda Klimovski ilə qəzet çıxarmaq istəyir, amma alınmır”.
A.Aşırlı: "Məhzər” qəzetini çıxarıb, cəmi 23 nömrəsini nəşr edə bilib.
Z.Ünsizadə: "Belə bir məlumat var idi ki, Cəlal Əfəndi, Kamal Əfəndi ilə Azərbaycana qayıtmayıb. Amma Yavuz bəy Akpınarın köməkliyi ilə, sənədlər tapdıq, aydın oldu ki, 1918-ci ildə artıq Cəlal Ünsizadə artıq Gəncəyə gəlir. Bu sənədlər Əli bəy Hüseynzadənin arxivindən tapıldı. Və bir sənədə görə də, 1926-cı ildə, Cəlal Ünsizadə artıq sonuncu yazısını Ankarada yazıb. Məndə bir məktubu da var. Osmanlı arxivindən əldə edilib. Demək Cəlal Əfəndi Türkiyəyə gəldikdə, ona iş verilməsi ilə bağlı müraciət məktubu yazır. Cəlal Əfəndinin məktubuna Türkiyə qurumlarından cavab məktubu da var. Cavabda bildirilir ki, "hələlik sizə uyğun qələm işi yoxdur, müvəqqəti olaraq rus dili biliklərinizdən istifadə edin. İş olduqda sizə deyəcəyik”.
Z.Ünsizadə deyir ki, şəcərələri Abdurrahman Əfəndi Ünsidən başlayır: "Ondan əvvəl isə Həzrəti Təmimi olub. Bir versiyaya görə, bunlar 7-ci əsrdə Məkkədən Şamaxının Gələbuğur kəndinə köçüb gəliblər. Təmimi qəbiləsinə mənsub şəxslər olublar. Ulu babamız Əbdurrahman Əfəndidir. Ondan sonra Səid Əfəndi, Cəlal və Kamal əfəndilərin adı gəlir. Mənim nənəm atama deyərmiş ki, biz Səid Əfəndidən gəlirik, kökümüz ora bağlıdır. O vaxt çox axtarıb ki, Cəlal, Kamal hardadır”.
Z.Ünsizadə, şəcərəsinə aid olan bütün şəkilləri, əldə etdiyi sənədləri, Türkiyədəki Ünsizadələr barədə məlumatları”Şərq”lə paylaşıb. Bəzi şəkilləri, o cümlədən Səid Əfəndi Ünsizadənin və ailəsinin şəkilini mətbuat guşəsinə eksponat olaraq təqdim edib. O bildirib ki, Səid, Cəlal və Kamal Ünsizadələrlə bağlı daha çox məlumatlar toplamağa çalışacaq.
Anar Bayramoğlu