"Şeir müsabiqəsi Elzasız duzsuz olar"
Qulu Ağsəs, Yadigar Cəfərli qəbahət görmür, Sabir Rüstəmxanlı isə sərt danışdı
ARB TV-də "Xalqın şairi” adlı şeir müsabiqəsinin seçim turuna start verilib. Müsabiqədə Baba Vəziroğlu, Aşıq Əhliman, Qulu Ağsəslə bərabər Elza Seyidcahanın da münsiflər heyətində təmsil olunması müzakirələrə yol açıb. E.Seyidcahanın şeir müsabiqəsində münsif olması sosial şəbəkədə günün ən çox müzakirə olunan mövzusuna çevrilib. Hər yazdığı şeirlərlə insanların gülüş obyektinə çevrilən, ələ salınan sənətçi bu dəfə özü "qiymət" verəcək? kimi suallar ünvanlanmaqdadır. . İnsanlar telekanalın atdığı bu addımı tənqid edir, Elzanın şeir müsabiqəsində münsif olmağını Azərbaycan poeziyasının gülünc vəziyyətə salınması kimi qiymətləndirir.
Layihənin rəhbəri və verilişin aparıcısı Mübariz Əsgərov Kult.az-a açıqlamasında Elza xanımın bu yarışmada münsif kimi iştirak etməyində heç bir qəbahət olmaığını bildirib.
M.Əsgərovun sözlərinə görə, şou-biznes nümayəndələrinin və ya ziyalıların verilişə dəvət olunması müsabiqənin missiyasına zərər yetirmir:
Müsabiqə ilə bağlı fikirlərini "Şərq”lə bölüşən şair "Ulduz” jurnalının baş redaktoru, şair- publisist Qulu Ağsəs hazırda seçim turu olduğunu deyib:
"Hələ ki veriliş efirə getməyib, sadəcə sınaq çəkilişləri olub. Buna rəğmən veriliş indidən cəmiyyətdə böyük rezonans doğurub. Bu reaksiyaya səbəb də Elza Seyidcahanın münsiflər heyətində təmsil olunmasıdır. Halbuki o yarışmada çox istedadlı gənclər var. İstərdim veriliş məhz onların bacarıqlarına görə diqqət çəksin. Şəxsən mən yarışmada iştirak edən bir neçə istedadlı gəncin şeirlərini qeyd etdim ki, "Ulduz” jurnalının növbəti sayında çapa verim”.
Qulu Ağsəs Seyidcahanın verilişdə bəstəkar kimi təmsil olunduğunu deyib:
"Münsifi kanal rəhbərliyi seçib. Bir neçə gün qabaq zəng vurub sınaq çəkilişlərinə dəvət etdilər və mən digər münsiflər heyəti ilə orada tanış oldum. Ora gedəndə Baba Vəziroğlunu, Aşıq Əhlimanı, Elza Seyidcahanı gördüm. Mənə dedilər ki, münsiflər heyətində rəngarənglik olsun deyə aşıq da dəvət olunub, bəstəkar da. Yazıçı və şair kimi Baba Vəziroğlu, mən isə redaktor-şair kimi. Kiminsə şeiri xoşuna gəlsə, Elza xanım mahnı bəstələyəcək”.
Münsiflər heyəti ilə bağlı bütün sualların layihənin rəhbəri və verilişin aparıcısı Mübariz Əsgərova ünvanlanmasının daha düzgün olduğunu qeyd edən şair hesab edir ki, bütün layihə, gələcəyi, mükafatar bir yana qalıb, təəssüflər olsun ki, hamı Elza Seyidcahanın oraya niyə qatılmasından danışır. Halbuki burada narahatlıq doğuracaq bir hal yoxdur. Elza xanım müsabiqəyə bəstəkar kimi qatılıb, şair kimi yox: "Onu da deyim ki, münsiflər heyətinin tərkibində dəyişiklik olması, gələcəkdə başqa tanınmış adamların da qatılması gözlənilir.
Könül istərdi ki, verilişlə bağlı bu cür söz- söhbət insanların poeziyaya olan marağından qaynaqlanardı, amma görünən odur ki, tamaşaçılar ədəbiyyatdan çox Elza Seyidcahanla maraqlanır. Bu da orada iştirak edən və iştirak etmək istəyən istedadlı insanların üzə çıxmasına mane olur. Gənc şairlərimizə bu cür söz- söhbətlərə məhəl qoymamağı və müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçmələrini tövsiyyə edirəm. Seçimlər kifayət qədər şəffafdır. Müsabiqənin sonunda da qalibə 2 otaqlı yaradıcılıq evi veriləcək. 2,3,4,5-ci yerlərin qaliblərinə isə yüksək pul mükaftı veriləcək. Bu isə ədəbiyyata yeni ayaq açan şairlər üçün böyük stimuldur”.
Seçimlərə 500 iştirakçının qatıldığını vurğulayan Q. Ağsəs deyib ki, ilkin mərhələdə babat şairlər, sonrakı mərhələlərdə isə onların babatların arasından yaxşılar, yaxşıların arasından istedadlılar, istedadlıların arasından da ən istedadlıları seçiləcək: "Layihənin nə vaxta qədər davam edəcəyini dəqiq deyə bilmərəm. Müsabiqədə iştirak etmək istəyənlərin sayı həddindən artıq çoxdur. Ölkənin hər yerindən müraciətlər olur. Bu cür böyük maştablı bir yarışmanı Elza Seyidcahanın münsifliyi üzərində qurmaq ədalətsizlikdir. Orada Məshəti Gəncəvi, Molla Pənah Vaqif, Mirzə Ələkbər Sabir, Səməd Vurğun obrazlarını canlandıran aktyorlar da yer alacaq, yəni tamaşaçı yorulmasın deyə, bir az teatral təşkil olunub. Klassiklərlə yanaşı, müsabiqədə dərviş obrazı canlandırılacaq”.
Filologiya elmlər namizədi Yadigar Cəfərli də Elza Seyidcahanın şeir müsabiqəsində münsif olması ətrafında gedən polemikalara reaksiya verib:
-ARB-nin elan etdiyi "Xalqın şairi”nin maraqlı və faydalı bir layihə olacağı indidən görünür. Hələlik, əsas səs-küy münsiflər heyəti ətrafındadır. Çoxu əsəbiləşib ki, eyvah, Elza Seyidcahanın bu heyətdə nə işi var?!
Mənsə məsələyə azacıq ədəbiyyatşünaslıq səmtindən yanaşacam. Fikrimcə, üzvlər dəqiqliklə və uğurla seçilib.
Onların hərəsi poeziyamızın bir qolunu təmsil edir: Aşıq Əhliman, ləqəbindən də göründüyü kimi aşıq şerini, Baba Vəziroğlu əruzdan hecaya keçid edib Səməd Vurğunla zirvəsinə çatmış ənənəvi poeziyamızı, Qulu Ağsəs şeirimizdə 80-ci illərdən Ramiz Rövşənin şeirləri ilə start götürmüş yeni meylləri...
Amma bizdə şeir və şairlik söhbəti bununla bağlanmır axı. Bunun xoşbaxtlığın qafiyəsini axtaran şair Moşusu var, yazdığı hər zoğallamanı şeir bilib ağır-ağır kitablar bağlatdıranları var, sərbəst şeir adı altında Lorkanın, Nazım Hikmətin, Mayakovskinin, Əli Kərimin gorunu çatladanları var, bu sərbəst "şeirləri” bəh-bəhlə oxuyanları var, həmin şeirlərə mahnı bəstələyənləri var. Var ki, var....
Allah dadınıza yetsin, bax indi Elza Seyidcahan o müsabiqədə bu kütləvi poetik "cərəyan”ın təmsilçisi olmasınmı?!
Əgər bu gün onun şeirləri xalq arasında hamıdan çox müzakirə olunursa, Elza xanım "Xalqın şairi” adını bütün şüarəlarımızdan daha çox haqq edir.
Və bu, bir şoudur.
"Yaşıl eynəkli adam”dakı məşhur rejissor aerobika müəlliminə deyirdi ki, "Ayə, hanı bu aerobikanın duzu-istiotu?!”.
Elza xanım da öz obrazı ilə bu müsabiqəyə dad qatacaq. Belə fəndlərə əl atmasan, şeiri səs-küylü şoulara, mahnı mətnlərinə bükməsən, hazırlıqlı seyrçi gedib yenə İlqar Fəhminin "Məclisi üns”ünə baxar. Hazırlıqsız tamaçaşı isə yenə meyxana dinləyər.
Xülasə, müsabiqə təşkilatçılarına uğurlar, şairlərə təb, münsiflərə ədalət. Yeganə tənqidim müsabiqənin videoçarxı ilə bağlıdır. Orada şair sözü, brend, marka kimi təqdim olunur.
Bizim Füzulidən böyük şairimiz olmayıb, o da yazırdı, "Aldanma ki, şair sözü, əlbəttə yalandır”. Daha bunun harası marka oldu?!
Xalq şairi Sabir Rüstəmxanlı isə Elza Seyidcahanın "Xalqın şairi" verilişində münsiflər heyəti kimi iştirak etməsinə sərt münasibət bildirib. Neçə illərdir, Azərbaycan ziyalısını gözdən salmaq kampaniyası aparıldığını vurğulayan Xalq şairi deyib ki, şeir, sənətkar adına meyxanaçılar təqdim olunur. Bundan əlavə, yerindən duran Azərbaycanın xalq, əməkdar artisti olur. Hansı yolla olur, bunlara kim qiymət verir, bu seçimi kim edir, Mədəniyyət Nazirliyində bu işlərlə kimlər məğuldur və.s mən bunu ayırd edə bilmirəm: "İndi də qoy eləsinlər "Xalqın şairi” müsabiqəsini. Xalqın şairini yəqin ki, sözün, ədəbiyyatın, dəyərini bilən, o sahədə peşakar olan adamlar verməlidirlər. Yoxsa televiziyaların indiki kadr səviyyəsi nəzərə alınsa, onlar heç vaxt bunu müəyyən edə bilməzlər. Cəmiyyətdə yenidən çaşqınlıq yaratmaq niyyətindədirlər”.
Sabir Rüstəmxanlının sözlərinə görə, Elza Seyidcahan yaxşı müğənnidir, yaxşı adamdır: "Onun xətrini istəyirik. Amma şeir zarafat deyil də. Gərək şeirə bir az ciddi yanaşasan. Elza xanım mahnı sözləri yaza bilər, mən bunu bilirəm. Amma mən hər mahnı sözünü şeir hesab eləmirəm axı. Mahnı sözü ayrıdır. O da şeirin, ədəbiyatın bir növüdür. Amma ciddi poeziyanın ölçüləri, tələbləri tamam ayrıdır. Birdən fikirlərşirsən ki, bu ədəbiyyatın Nəsimi, Füzuli, Xəqani, Nizami, Xətai, Vaqif, Zakir, Sabir, Səməd Vurğun, Bəxtiyar Vahabzadə kimi zirvələri var. Bunların yanında şeir qoşmaq o qədər də asan deyil. Buna necə cəsarət edirlər, mən bunu fikirləşirəm. Bazarda balla şorun qiyməti qarışıq düşüb. Hər şeyi lağ, zarafat mövzusuna çevirmək olmaz”.
Şəymən