Səməd Seyidov Prezident İlham Əliyevlə Nikol Paşinyan arasındakı Davos görüşündən DANIŞDI: "...Əhəmiyyəti mütləq var"





Davosda Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasındakı görüş genişmiqyaslı danışıqlar deyil. Bu, sadəcə Azərbaycan Prezidenti İlham Əliyevlə, Ermənistanın baş naziri N.Paşınyanın saat yarımdan çox bir yerdə ümumi fikir mübadiləsi aparmasıdır. Bunu genişmiqyaslı danışıqlar adlandırmaq düzgün deyil. Ancaq hər bir halda bu görüşün əhəmiyyəti mütləq var".

Bunu "Sherg.az"a Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov deyib.

Parlamentari qeyd edib ki, Davosdakı Dünya İqtisadi Forumunda, dünyanın gözü qarşısında belə bir görüşün keçirilməsi öz- özlüyündə çox vacibdir. 

"Ermənistanın gələcəyi Azərbaycanla bağlıdır, bunu hamı çox gözəl başa düşür. Bu məsələdə Azərbaycan beynəlxalq hüquqa uyğun davranır. Təbii ki, danışıqların gedişi və söhbətlərin aparılması indi yeni mərhələyə qədəm qoyur. Danışıqlar, görüşlər yeni ab-hava ilə əhatə olunur. Bunlar öz-özlüyündə müsbət proses kimi qiymətləndirilməlidir".

Bununla yanaşı S.Seyidov diqqətə çatdırıb ki, münaqişənin həllinə dair danışıqlar qapalı gedir:

"Bu, çox mürəkkəb, həssas və çətin məsələdir. Ermənistandakı cinayətkar rejimin nümayəndələri- Serj Sarkisyan və Robert Koçaryan Azərbaycanın ərazilərini uzun illər işğal altında saxlayıblar. İndi onları da ermənilər tarixin zibilliyə atdı. 

Həmin adamların hazırkı aqibəti göz önündədir. İndi xalqdan mandat alan yeni rəhbərlik gəlib. Onların hansı istiqamətdə addımlar atacağı, nə kimi seçimlər edəcəyi özlərindən asılıdır. Bizim isə mövqeyimiz dəyişməz olaraq qalır. Azərbaycan beynəlxalq qanuna və beynəxalq davranış normalarına söykənərək ərazi bütövlüyünü təmin etməyə çalışır".

Ayyət Əhməd