"Səməd Seyidovun hücum mövqeyi bu dairələri qorxudurdu" - Şərh

Tofiq Abbasov:"Ona görə, həmin qüvvələr gələcəkdə onlar üçün yaranacaq problemləri önləmək məqsədilə həqiqəti əks etdirməyən qərar verməli oldular”





"AŞPA-nın Azərbaycanlı deputata qarşı sanksiya tətbiq etməsi problemləri şişirtmək, kəskinləşdirmək məqsədi ilə atılan dağıdıcı addımdır”.

Bunu "Sherg.az”a AŞPA-nın Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidova sanksiya tətbiq etməsindən danışarkən politoloq Tofiq Abbasov söyləyib. 

O vurğulayıb ki, S.Seyidov Azərbaycanın səlahiyyətli nümayəndəsi kimi hər zaman ölkəsinin mövqeyindən çıxış edib, Azərbaycan həqiqətlərini dünyaya çatdırıb:

"Azərbaycana qarşı AŞPA-da olan ögey münasibət, ikili standartların göstəricisidir. Azərbaycanın əleyhinə olan qüvvələr təbii ki, bayram edir. Yaranmış vəziyyət Azərbaycan üçün heç yararlı deyil. Çünki S.Seyidov AŞPA-dakı fəaliyyəti dönəmində kifayət qədər təcrübəyə sahib, bilikli deputat kimi seçilirdi. S.Seyidov AŞPA-nın digər dövlətlərə qarşı nümayiş etdirdiyi qərəzli münasibətə qarşı da çıxış edirdi. Ola bilər, onun bu hücum mövqeyi hansısa dairələri qorxudur. Ona görə, həmin qüvvələr gələcəkdə onlar üçün yaranacaq problemləri önləmək məqsədilə həqiqəti əks etdirməyən qərar verməli oldular”.

T. Abbasov hesab edir ki, Azərbaycan bu qərəzli sanksiya tədbirlərinə öz etirazını bildirməlidir:

"Azərbaycana qarşı irəli sürülən iddialar uydurma tezislərdən başqa bir şey deyil. Qeyd etdiyim kimi, Azərbaycan haqqında saxta rəy yaratmağa, ölkəmizin imicinə zərbə vurmağa çalışırlar. Bununla barışmaq olmaz.

Düşünürəm ki, sanksiyalara rəğmən, S.Seyidov öz mövqeyində qalacaq, fəaliyyətini davam etdirəcək. Deputat üçün ən böyük stimul öz ölkəsinin, Azərbaycanın siyasi elitasının ona göstərdiyi etimaddır”.

Qeyd edək ki, Səməd Seyidov ona qarşı AŞPA-da tətbiq edilən sanksiya ilə bağlı Milli Məclisdə çıxış edib. Deputat diqqətə çatdırıb ki, bir insan kimi onun üçün bu ədalətsizliklə üzləşmək asan deyil:

"Çünki uzun illər Avropada fəaliyyət göstərmişəm, Avropa ölkələri ilə təmasda fəaliyyət göstərmişəm. İndi birlikdə işlədiyim yerdən sanksiya ilə üzləşmək mənim üçün asan deyil. Buna baxmayaraq, sanksiyaya məruz qalmağımdan şərəf duyuram. Çünki mən dövlətimin milli maraqları uğrunda fəaliyyətimə görə bununla üzləşmişəm”.

Aysel Aslan